Avropalılara xoş olsun deyə…

Biz insan deyilik?

Source:

Yaxın günlərdə Bakıya Avropa Oyunları ilə əlaqədər xaricdən xeyli insan gələcək. Bu oyunların məhz Azərbaycanda keçirilməsi bizə nə qədər ziyan vurduğu, nə qədər ziyan vuracağı kiçikdən-böyüyə hər kəsə məlumdur. İqtidar məsələnin bizim xeyirimizə olmağını nə qədər iddia etsə də, ortada açıq-aşkar xalqın əziyyət çəkdiyi, açıq desək, oyunlara görə sürünmə həddinə çatdığı göz qabağındadır. Xərclənən pullar, nə qədər gəlir, nə qədər ziyan olacağı haqqında yazmaq istəmirəm, iqtisadçıların işidir. Ermənistanın pulunun ödənilməsi haqqında da hər hansı bir fikir bildirmək niyyətində deyiləm, onlarla yanaşı özgə dövlətlərin də pulu ödənirsə, normaldı.

Bu günlərdə Bakı metrosuna kondisanerli qatarlar gəlib. Üstəlik, avtobuslar da… Hamı kimi mən də sevindim. Nəhayyət, biz də normal şəkildə metrodan, avtobusdan istifadə edə biləcəyik.

Şəhərin mərkəzində küçə musiqisi və küçədə rəssamlıqla məşğul olmaq xuliqanlıq sayılırdısa, indi küçədə nə bir musiqiçiyə, nə də bir rəssama gözün üstə qaşın var deyə bilərlər. Öz növbəsində bu da sevindiricidir. Nəhayyət, biz də küçədə gəzəndə istedadlı insanların gördüyü işlərdən ürək dolusu zövq ala biləcik.

Şəhərin mərkəzi zövqsüz də olsa gözəlləşdirilir. Durmadan abadlıq işləri aparılır.

Qısa bir xatırlatma edim: Binaların üzlənməsinə sevinməyim heç də çox çəkmədi hansı ki, insanların içində diri-diri yanmasına səbəb oldu. Bu da bizim sevincimizin həddini bilməyimizə göstərici oldu.

Başqa bir neçə qadağalar da qoyulub ki, bu da haradasa normal ölkələrdə qadağa şəklində yox, vaxtında vətandaşın rahatlığı üçün hesablanmış qərarlar olur. Heyf ki, bizdə gecikib və bir müddətlik olub. Amma diqqətli olsaq, bu qadağaların özündə də bir mənasızlıq görərik. Və nəticədə bu mənasızlığa görə, yenə vətandaş əziyyət çəkir. Məsələn, rayonlara aid olan maşınlar Bakıya burxılmır, səbəb tıxac şəhərdə tıxac yaratmasıdır. Bu da insanların rahatlığı üçün hesablanıb. İnsanların rahatlığı üçün başqa çıxış yolu yoxdur. Belə desək, “bağışlayın buna məcburuq amma sizin üçün başqa xidmət təklif edirik”, – deyən olmadı. Eləcə də oyunlara görə yollara çəkilmiş sarı zolaqlar və bu zolaqların üstündən keçdikdə kəsilən cərimələr… Hansı ki, nə yollar bu standartlara cavab verir, nə də sürücülər. Sürücülərin bir qismi yoldan aslı olmayaraq onsuz da qayda-qanun bilmir, çünki vaxtında rüşvət verib sürücülük vəsiqəsi alıb. Normal sürücüdən söhbət gedirsə, o zaman ortaya yolların normal olmaması çıxır ki,  onsuz oyunlara görə, kasıblayan insanlar əlavə olaraq bir də buna görə cərimə ödəyir. Bundan əlavə bir neçə dəfə həmin zolağa görə yollarda qəzaların olduğunun da şahidi olmuşuq.

Bax belə, hakimiyyət çalışdı ki, gələn xarici qonaqlar ölkənin normal vəziyyətdə olduğunu görsün. Amma nəticə olaraq vətandaşlar süründü, əziyyət çəkdi, çaş-baş qaldı. Eləcə də hakimiyyət tam olaraq istədiyinə nail olmadı. 20 ildən bir qədər çox müddətdə edilməli olan işlər bir il ərzində edilməsi mümkün deyil. Birinci, bu qanun-qaydalar, insanların rahatlığı üçün görülən işlər ölkədə yaşayan vətandaşlar üçün hesablanmalı idi. Universiteti rüşvətlə bitirən bizim tələbələrdi, qəbul imtahanında 80 faiz şagirdin 200 balı keçə bilməməsi bu ölkənin reallığıdır, binalara çəkilmiş üzlüklərin hesabına yanıb kül olan insanlar bu ölkənin itkisidir, sarı zolaqların üstündən keçib cərmələnən, rayondan Bakıya buraxılmayan insanlar bizim insanlardı. Yüzlərlə siyasi məhbusu daş döşəmələrdə, qaranlıq kameralarda çürüdülən bizim Avropa Oyunlarının keçirildiyi yer. Bir sözlə, sevincimiz də əziyyətimiz də özümüzə qalır.

Hər atdığınız addımı avropalılara xoş olsun deyə, atırsınız. Sual edirəm: Bəs, biz insan deyilik? Biz sevinə bilmərik? Biz normal ölkədə yaşaya bilmərik? Niyə bu işlər illər əvvəl görülməyib, niyə bu ölkənin gözəlliyi saxtadır, niyə hələ də qanun yoxdur? Niyə məhz xaricdən gələn qonaqlar rahat olsun deyə, biz əziyyət çəkməliyik. Bu suallar həm vətəndaşlara, həm də hakim qüvvələrədir.

Ana səhifəMənim FikrimcəAvropalılara xoş olsun deyə…