“Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycan hökumətinin şikayətini rədd etməsi o deməkdir ki, qərar qətidir”
Avropa Şurasının baş katibi Tornbörn Yaqland Azərbaycan hakimiyyətini Avropa İnsan hüquqları Məhkəməsinin qərarını yerinə yetirməyə və REAL hərəkatının lideri İlqar Məmmədovu azad etməyə çağırıb.
“Bu gün Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun qanunsuz həbsi barədə qərar üzrə Azərbaycan hökumətinin apellyasiyasını təmin etməyib. Bu o deməkdir ki, məhkəmənin qərarı qətidir. Odur ki, Azərbaycan hakimiyyətini İlqar Məmmədovu azad etməyə çağırıram”, – Yaqlandın bəyanatında deyilir.
Bəyanat oktyabrın 14-də Avropa Şurasının saytında dərc edilib.
REAL sədri İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunub. Mayda Avropa məhkəməsi həbsin qanunsuz olması barədə qərar çıxarıb. Rəsmi Bakı bundan apellyasiya verib.
İttihamın – iğtişaşları təşkili – mahiyyəti üzrə şikayətə hələlik Avropa məhkəməsində baxılmayıb.
Həmçinin mayda Avropa məhkəməsi qərara alıb ki, İ.Məmmədovun saxlanması və həbsi əsassızdır. Onun həbsi hökuməti tənqid etdiyinə və hakimiyyətin gizlətmək istədiyi informasiyanın dərcinə görə İ.Məmmədovu cəzalandırmaq üçündür (Turan İA).