“Hakimiyyət 4-5 il əvvəl ABŞ-
ı
n təhlükəsizlik sahəsində ikitərəfli müqaviləsindən imtina etmişdi”
İyulun 9-u Azərbaycanda diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramıdır. Politoloq Eldar Namazovla söhbətimizdə Azərbaycan diplomatiyasının müstəqillik qazandığımdan sonra hansı nailiyyətlərə imza atması və gündəmin aktual suallarına cavab almağa çalışdıq.
–
Eldar bəy, Azərbaycan diplomatiyası 23 ildə hansı uğurlara nail olub?
– Söhbət bayramdan gedirsə, dipomatlarımızı peşə bayramları münasibəti ilə təbrik edək. Onların missiyası çox vacibdir və diplomatiya çox önəmli sahədir. Bu işdə çalışanların dövlətin maraqlarının müdafiə edilməsində və xarici aləmdə təmin olunmasında çox böyük önəmi var. Xüsusən də yeni yaranmış müstəqil ölkələr üçün bu sistemin işini qurmaq çox da asan məsələ deyil.
–
Ümumiyyətlə, 23 ildə bu sistemi qura bilmişikmi?
– Gəlin, bu məsələni iki hissəyə ayıraq: Birincisi, maddi-texniki, faktoloji bazası, forması. İkincisi, mahiyyəti. Birinci məsələ ilə bağlı işlərin çoxunun görüldüyünü düşünmək olar. Səhv etmirəmsə, Azərbaycanın müxtəlif ölkələrdə 60-dan çox səfirliyi, onlarla konsulluqlar açılıb, əksər beynəlxalq təşkilatlarda nümayəndəliyimiz var. Bu baxımdan struktur qurulub və hansısa bir nəticə əldə etmək üçün şəbəkədən istifadə etmək olar. Son illərdə bizim diplomatik sahələrdə uğurlarımız oldu, bu da məhz şəbəkənin effektiv işləməsi ilə bağlıydı. Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçiləndə çox böyük mübarizə getdi. Çünki bir neçə ölkə iddialıydı, Avropa Birliyi də başqa bir ölkəni dəstəkləyirdi. Prosesin gedişində hiss olunurdu ki, Azərbaycanın xarici diplomatiya şəbəkəsi bir struktur kimi qurulub və işləyib. Bu, yaxşı nəticə olduğundan diplomatlarımızı təbrik etmək olar. Ancaq şəbəkənin qurulması, diplomatik kadrların hazırlanması işin 50 faizidir, medalın bir üzüdür. Medalın görünməyən üzü odur ki, heç bir ölkənin xarici siyasəti abstrakt bir sahə kimi formalaşmır. Söhbət ondan gedir ki, dövlətin vahid strategiyası, yəni dövlət siyasətinin daxili və xarici hissələri olur.
–
Və bunlar bir-birilə uyğunlaşmalıdır…?
– Nəinki uyğunlaşmalıdır, burda bir-birindən asılılıq da var və prioritet daxili siyasətdir. Yəni sən ölkənin daxilində iqtisadi siyasətini, demokratiya, insan haqlarını, bir sözlə, ölkənin siyasi modelini nə cür görüb qurursansa, bunun üzərində xarici siyasət qurulur. Xarici siyasət daxili siyasətə yardımçı olmalıdır.
–
O zaman 11 ildə dedikləriniz həyata keçirmi?
– Xarici siyasət məsələlərinə qiymət verəndə görmək olur ki, bir neçə məqam istisna olmaqla – məsələn, Dağlıq Qarabağ və regional təhlükəsizlik problemləri – qalanları daxili siyasətlə bağlıdır.
–
Prezident İlham Əliyev iyulun 7-də diplomatlarla görüşündə bildirib ki, geniş dünya ictimaiyyəti Qarabağ həqiqətlərini bilmir. Bəs hakimiyyətin 21 illik xarici siyasəti necə qurulub ki, geniş dünya ictimaiyyəti Qarabağ həqiqətlərini bilmir?
– Birincisi, gəlin məsələnin kökünə baxaq. Qarabağ probleminin həllini dünya ictimaiyyətindən gözləməli deyilik. Problemin həllində Azərbaycan özü həlledici rol oynamalıdır. İkinci, dünya ictimaiyyəti deyəndə biz nəyi nəzərdə tuturuq? Biz Asiya, Afrika və digər qitələrdəki milyardlarla insanları haqlı olduğumuza inandırmalı deyilik. Beynəlxalq təşkilatlar və beynəlxalq qanunlar çərçivəsində iş görməli, haqlı olduğumuzu sübut etməliyik. Bir çox halda artıq sübut da edilib. Dağlıq Qarabağ probleminin həllindəki düyün nədən yaranıb? Bu, bizim təbliğatımızdan asılı deyil. İşğalçı Ermənistanın arxasında böyük rus imperiyası dayanıb. Rus imperiyası da Ermənistanı tam şəkildə nəzarətində saxlayır.
–
Amma Azərbaycan hakimiyyəti bunları deyə bilmir…
– Hakimiyyət deyə bilməsə də, müstəqil adamlar deyir.
–
Hakimiyyət bunu deməlidirmi?
– Yox.
–
Ukrayna hakimiyyəti isə deyir…
– Ukrayna da Rusiya açıq şəkildə işğal siyasətinə keçəndən sonra bu barədə danışdı, pərdəarxasında yox. Amma biz də vaxt vardı ki, erməni tankının içindən rus ekipajı çıxanda bu barədə danışırdıq.
–
Hətta Heydər Əliyev bu barədə danışırdı…
– Bəli, Heydər Əliyev də deyirdi. Açıq şəkildə elan edirdi ki, erməni tankı vurulub, əsgərlər isə Rusiya vətəndaşıdır. Ona görə də gəlin açıq etiraf edək, Qarabağ problemi elə məsələdir ki, hakimiyyət nəyisə deyə bilmir, çünki diplomatik qaydalar, dövlətlərarası münasibətlər var. Qarabağ probleminin həllinin qarşısını alan amil odur ki, işğalçı dövlətin arxasında çox böyük güc, konkret Rusiya dayanıb. Rusiya Ermənistana maddi və hərbi dəstək verir, bu dövlət BMT-nin Təhlükəsizlik Şurasında veto hüququna malikdir. Eyni zamanda, Ermənistan Rusiyanın təsirindən çıxmaq istəyəndə cəzaya məruz qalır. 1999-cu il İstanbul Sammiti ərəfəsində Ermənistan müstəqil addım atmaq istəyirdi, parlamentlərində nələr baş verdi, bunu hamı gördü. Açıq demək lazımdır ki, Ermənistanın arxasında bu güc dayandığına görə Qarabağ problemi həllini tapmır.
–
O zaman başqa məsələyə keçək, sizin də iştirakçı olduğunuz AŞPA-nın toplantısına, İlham Əliyev diplomatlarla görüşüşündə bildirdi ki, qurumun bütün komitələrində anti-Azərbaycan qruplar var. Siz AŞPA-nin komitələrində anti-Azərbaycan qruplara rast gəlmisinizmi?
– Mən həm AŞPA, həm də Avropa Parlamentində tez-tez oluram. Bu il Strastburqa ikinci səfərim oldu, qurumda vəziyyət kifayət qədər mürəkkəbdir.
–
Mürəkkəblik nədən ibarətdir?
– Birincisi, hər iki qurumda və əksər beynəlxalq təşkilatlarda erməni lobbisi var. İlham Əliyevin Azərbaycanı tənqid etdiyi qrupların bir hissəsi erməni lobbisi ilə işləyir. Bir qismi isə həqiqətən də Azərbaycan daxilindəki problemləri görür və obyektiv qiymət verirlər. Onlar Azərbaycanın gələcəyini demokratik dövlətdə görmək istəyirlər və səmimi tənqid edirlər, bunun da arxasında xalqımıza olan yaxşı münasibət dayanır. Ki, Azərbaycanda demokratik cəmiyyət qurulsun. Bir daha deyirəm, erməni lobbisi var, onlar Azərbaycanın əleyhinə tədbirlər təşkil edirlər. O cümlədən, Azərbaycandakı durumdan narahatlıq keçirən və erməni lobbisindən qat-qat güclü qrup var. Məncə, Azərbaycanı istəyən qüvvələr çoxluq təşkil edir. Mən assambleyanın sessiyalarında 7, ya da 8-ci dəfə iştirak edirəm, kifayət qədər hamını tanıyıram. Şərti desək, erməni lobbisi ən yaxşı halda 10 faiz təşkil edir.
–
Demək olarmı ki, Əliyevə sual verənlər də erməni lobbisinin məramından çıxış edənlər deyil?
– Bəli, söhbət ondan gedir ki, əksəriyyət Azərbaycandakı durumdan narahatlıq keçirərək çıxış edir. Sadəcə, hakimiyyət erməni lobbisinin olduğunu bildiyindən bundan daxili auditoriya üçün istifadə edir. Axı Ermənistanın işğalçı siyasətinin əleyhinə olan qətnamələrə səs verən deputatlar da var, onlar bu dövləti işğal olunmuş ərazilərdən çıxmağı tələb edən bəyanatlar veriblər. Elə o deputatlar Azərbaycandakı insan haqlarından narahatlıq keçirirlər. Ona görə onların hamısını erməni lobbisi ilə bağlamaq olmaz. Açıq danışıb etiraf edək ki, bütün beynəlxalq təşkilatlarda müxtəlif ikili maraqlar və lobbiçilər də var. Elə Azərbaycan hakimiyyəti də lobbiçilik işi ilə məşğuldur, təsir imkanlarından istifadə edir, təkcə Qarabağ problemində yox, həm də insan haqları məsələsində.
–
“Kürü diplomatiyası” da onlardan biridirmi?
– “Kürü diplomatiyası” dedikdə, çemodanlar ora dolu gedir, amma boş da qayıtmır, boşaldılır və paylanılır. Yəni lobbi işini hamı qurur, Rusiya da, Ermənistan da. Ona görə də bəzi deputatlar beynəlxaq qurumlarda öz ölkələrinin maraqlarını ifadə edirlər. Onlarda da hakimiyyətin deputatlara müəyyən nəzarət etmək imkanı var. O deputatlar öz paytaxtlarından aldıqları tapşırıqlar əsasında çıxış edirlər. Adi misal, bir neçə il əvvəl məruzəçilərdən biri bolqarıstanlı xanım Jivkova idi. Jivkova yeni təyin olunmuşdu, bir ay sonra Bolqarıstanın hökumət nümayəndəsi neft-qaz, iqtisadi məsələlərlə bağlı saziş imzalamaq üçün Bakıya gəldi. Nümayəndə heyətinin içində xanım Jivkova da gəlmişdi. Bu, açıq mesaj idi ki, rəsmi Bakı Bolqarıstanla neft-qaz məsələsində uzlaşsa, deputat Jivkova özünü yaxşı aparacaq. Birbaşa deyilməsə də, diplomatik mesaj idi. Ona görə də ölkələrin çoxu öz maraqlarını müdafiə edirlər. Bu mənada Azərbaycanın daxilində nələrin baş verməsi daha çox bizdən asılıdır. Tək-tük ölkələr var ki, onlar özlərinin tarixi missiya apardıqlarını sayırlar, bu da reallığa çox yaxındır. ABŞ, Böyük Britaniya, Almaniya, Fransa hesab edir ki, onlar bu qitədə baş verənlərə cavabdehdirlər və lokomotiv rolunu oynayırlar. Ancaq dövlətlərin çoxu, xüsusən Şərqi Avropa ölkələrinin xatırlaya bilərik. Bununla bərabər Şimali Avropada Norveç kimi ölkələr demokratik prinsipləri hər şeydən üstün tuturlar.
–
Yekuna gələk, yaxın 10 il üçün Azərbaycan diplomatiyası qarşısında hansı vəzifələr dayanır?
Əsas dövlət və əhali siyasətimizdir. Biz bu sahədə ciddi dəyişikliklər etməsək, yalnız xarici siyasətlə bütün problemləri həll etmək mümkün deyil. Buna baxmayaraq prioritet olaraq yenə də qalır Qarabağ və təhlükəsizlik məsələləri. Ukrayna olayları göstərir ki, heç bir beynəlxalq təhlükəsizlik sisteminə inteqrasiya olunmadan tək “mən müstəqiləm” söyləməklə heç bir dəyişikliyə nail olmaq olmaz. Bir misal çəkəcəm, 4-5 il əvvəl, 2008-ci ilin avqustunda Rusiya Gürcüstana hərbi müdaxiləsindən sonra ABŞ Administrasiyası Bakıya çox ciddi təklif etmişdi, yazılı surətdə. Azərbaycana təhlükəsizlik sahəsində ikitərəfli müqavilə təklif olunmuşdu, əgər müqavilə imzalansaydı, Vaşinqton bunun əsasında təhlükəsizlik təminatları verirdi. Amerika diplomatları həmin müqaviləni şərh edəndə deyirdilər ki, belə təklifi nə Ukrayna, nə Moldova, nə Gürcüstan ala bilmədi. O zaman Azərbaycan irəliyə bir addım atmadığından müqavilənin imzalanması mümkün olmadı. 4-5 il ötdü və ABŞ prezidenti Varşavada Şərqi Avropa siyasətindən danışdı. Açıq dedi ki, onlar yalnız NATO üzvü olan dostlarını yox, bu quruma üzv olmayan dostlarını da müdafiə edəcək. Onların təhlükəsizliyinə dəstək verəcəklər, hətta Gürcüstanın, Moldovanın və Ukraynanın adını da çəkdi. 4-5 il əvvəl adları çəkilən ölkələr xahiş etdiyi müqaviləni Azərbaycan imzalamadı. Halbuki, onlara heç təklif də olunmurdu. Indi isə prezident Obamanın çıxışında onların adları çəkildi, Azərbaycanın yox. Bu yaxınlarda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin xarici siyasətlə bağlı məqaləsi dərc olunmuşdu. Bəli, müəyyən balans siyasəti olmalıdır, amma balans bəsit şəkildə olmur, yəni ABŞ-dan da, Rusiyadan da 50 faiz kənarda dayanmaqla. Balans bir çox məqamlarda strategiya ilə taktika arasında olur. Strateji məqsədləri dəyişməyib, taktiki gedişləri asta şəkildə qurursan, amma məqsədlərinə yenə də çatırsan. Heydər Əliyevin dövründə belə şeylər olub, məsələn, MDB-yə daxil olmaq. Biz qurumdan kənardaydıq, Rusiya da ermənilərə cəbhədə dəstək verməklə Azərbaycanı sıxırdı. O zaman Heydər Əliyev MDB-yə daxil olmaq qərarını verəndə, bəziləri bunu müstəqilliyin itirilməsi kimi qiymətləndirdi. Amma MDB-yə üzv olub, bir çox məsələlərdə Ukrayna, Moldova, Gürcüstan və Özbəkistanla cəbhə yaratmaqla qurumun ikinci SSRİ-yə çevrilməsinin qarşısı alındı. Sonda elə ruslar da MDB-nin SSRİ-nin dağılması üçün bir mərhələ olduğunu dedilər. Məqsəd müstəqilliyimizin qorunması idi. Ramiz Mehdiyevin məqaləsini oxuyanda belə təsəvvür yarandı ki, Azərbaycan ABŞ-la Rusiya arasında yox, Rusiya ilə Zimbabve arasında özünə balans tapmalıdır. Qərbin rolunu bu dərəcədə kiçiltmək… Halbuki, Azərbaycan BMT-yə üzv olandan sonra Rusiya müstəqilliyimizi tanıdı. Ona görə diplomatiyamız qarşısında dayanan məsələlər müstəqilliyimiz elan olunanda elan etdiklərimizdir. Çox yaxşı olardı ki, demokratik islahatlar xətti götürülərdi. Bizim də diplomatiyamız Avropa Şurasında, Avropa Birliyində və başqa beynəlxalq təşkilatlarda insan haqlarının pozulması, seçki saxtakarlığı yox, Qarabağ və təhlükəsizliyimizin təmin oluması məsələləri üzrə mübarizə aparaydı