Avropa Şurası Rusiyanı cəzalandıra bilər

Zərdüşt Əlizadə: “Avropa Şurası üçün ancaq mənfəət var”.

Source:


Zərdüşt Əlizadə: “Avropa Şurası üçün ancaq mənfəət var”.

Aprelin 7-də Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası başlayır. Sessiyanın əsas müzakirə mövzularından biri Ukrayna torpağı Krımın işğalına görə Rusiyanın cəzalandırılmasıdır.

“Media forum” saytı xəbər verir ki, hazırda iki layihə üzrə imza toplanır. Böyük Britaniyadan olan deputat Robert Uolterin hazırladığı layihə bu ilin axırına kimi Rusiyanın Avropa Şurası Parlament Assambleyasından tam uzaqlaşdırılmasını nəzərdə tutur. Bu layihəyə hələlik 74 deputat imza atıb. Danimarkalı deputat Maykl Aastrup Yensenin hazırladığı layihədə isə Rusiyanın səs hüququndan məhrum edilməsi təklif olunur. Həmin layihə 53 deputatın dəstəyini alıb.

Yaz sessiyasında Azərbaycanı Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə deputat qrupu təmsil edir. Nümayəndə heyətinə deputatlar Rafael Hüseynov, Elxan Süleymanov, Rövşən Rzayev, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Sahibə Qafarova, Fəzail İbrahimli, Sabir Hacıyev, Aydın Abbasov və Fazil Mustafa daxildir.

 Səməd Seyidov “Media forum” saytına deyib ki, Azərbaycanın Ukrayna məsələsində mövqeyi bəllidir və dəyişməz qalır: “BMT Baş Assambleyasında keçirilən səsvermədə Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib və birmənalı mövqe ortaya qoyulub. Başqa mövqe ola bilməz. Əgər Ukraynanın ərazi bütövlüyü məsələsi AŞPA-da müzakirəyə çıxarılsa, Azərbaycan BMT Baş Assambleyasındakı mövqeyini təkrarlayacaq və Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə səs verəcək”.

“Rusiyanın səsvermə hüququnun dayandırılması müzakirəyə çıxarılsa, Azərbaycan nümayəndə heyəti necə mövqe tutacaq” sualına Səməd Seyidov belə cavab verib: “Biz bilirik ki, Ukraynanın ərazi bütövlüyü pozulub, ərazisinin bir hissəsi işğal olunub. Ərazi bütövlüyü müqəddəs  məsələdir. Ona görə də bu məsələ ilə bağlı mövqeyimiz aydın və açıqdır. Bir qədər səbriniz olsun, baxaq görək nələr olacaq. Məsələlər konkret formada ortaya çıxanda mövqe bildirəcəyik”.

Bəs cəza metodu Rusiyanı çəkindirəcəkmi?

Politoloq Zərdüşt Əlizadə hesab edir ki, Avropa Şurası Rusiyanı hər hansısa  formada çəzalandırmaqla heç nəyə nail olmayacaq. Onun sözlərinə görə, AŞ-nın gəlirlərinin böyük qismi bu ölkədən gəlir və bununla Rusiyanı yox, özünü cəzalandıracaq: “Avropa Şurası cəza yox, məsləhət, məşvərət şurasıdır. Daha çox əxlaqi və mənəvi dəyərlərə söykənir. Amma Rusiyanın əxlaq və mənəviyyatla heç bir əlaqəsi yoxdur. Müasir siyasətdə, ümimiyyətlə, əxlaq yoxdur. Elə Avropa Şurası üçün də ancaq mənfəət var”.

Zərdüşt Əlizadə hesab edir ki, Rusiyadan dəfələrlə zəif olan Azərbaycan seçki saxtakarlığına, korrupsiya və bu kimi məsələlərə görə Avropa Şurası tərəfindən tənqid olunsa da, buna heç vaxt əhəmiyyət verilməyib. Rusiya ilə bağlı da sərt mövqenın heç bir əhəmiyyəti yoxdur: “Şurada Krım məsələsi müzakirəyə çıxarılarsa, hər iki tərəf öz arqumentlərini gətirəcək. Rusiya öz faktlarını ortaya qoyacaq ki, meydan hərəkatı Qərbdən idarə olunurdu və bu gün Ukraynadakı böhranda Qərb günahkardır, qiyamçılar qanunları pozublar, qanuni prezidenti deviriblər və sair. Qərb də bildirəcək ki, Yanukoviç korrupsioner və diktator idi, xalqın qiyam etmək hüququ var”.

Ana səhifəXəbərlərAvropa Şurası Rusiyanı cəzalandıra bilər