“Ölkənin Avropa islahatları yönündə tərəqqisi siyasətin mərkəzinə qayıtmalıdır”
“Jamnews”un materialı
Avropa Parlamenti qəbul etdiyi qətnamədə Gürcüstan hakimiyyətini sabiq prezident Mixail Saakaşvilini əvf etməyə və onu müalicə üçün xaricə göndərməyə çağırır.
Qətnamədə həmçinin “Gürcü Arzusu” hakim partiyanın banisi Bidzina İvanişvilinin adı oliqarx kimi çəkilir və onun Mixail Saakaşvilinin həbsində prinsipial rolu qeyd olunur. Avropa Parlamenti deputatlarının fikrincə, Saakaşvilinin həbsi “İvanişvilinin şəxsi qisasının bir hissəsi”dir. İvanişvilinin Gürcüstandakı siyasi prosesin pisliyə doğru getməsində oynadığı rola görə deputatlar ona qarşı fərdi sanksiyaların tətbiqi ehtimalına baxılmasına çağırış edib.
Bu qətnamənin lehinə 577, əleyhinə 33 deputat səs verib, 26 deputatsa bitərəf qalıb.
Avropa Parlamenti 2022-ci il dekabrın 14-ü Gürcüstanla Avropa İttifaqı arasında Assosiasiya haqqında Sazişin gerçəkləşdirilməsi barədə illik qətnamə qəbul edib. Avropa Parlamenti son qətnaməni qəbul etməzdən əvvəl həmçinin ayrı-ayrı düzəlişlərə səs verib ki, deputatlar onların çoxunu dəstəkləyib. Sənədə həmçinin noyabrda qəbul edilmiş kompromis düzəlişlər daxil edilib ki, həmin düzəlişlərə əsasən, Avropa Parlamenti Bidzina İvanişvilinin ölkədə həddən ziyadə təsirinin aradan qaldırılmasını tövsiyə edir.
Avropa Parlamentinin deputatları hesab edir ki, Saakaşvilinin sağlamlığı ilə bağlı həll olunmamış məsələ Gürcüstanın Aİ-yə üzvlüyə namizədlik statusunun alınması perspektivinin ertələnməsi riskini yaradır.
Avropalı deputatlar həmçinin qeyd edir ki, ölkənin sabiq prezident Saakaşvili kimi məhbuslarla davranışı gürcü hökumətinin Avropa dəyərlərinə sədaqətinin və onun, Aİ üzvlüyünə namizədlik statusu da daxil olmaqla, Avropaya yönəlmə bəyanatlarının lakmus kağızıdır.
Deputatlar həmçinin Gürcüstan hakimiyyətinə xatırladır ki, o, “ölkə konstitusiyasına və beynəlxalq öhdəliklərə əsasən”, Saakaşvilinin sağlamlığının təminatına, ona müvafiq tibbi yardım göstərilməsinə, əsas hüquqlarına və şəxsi ləyaqətinə hörmət bəslənilməsinə görə məsuliyyət daşıyır.
“Ölkənin Avropa islahatları yönündə tərəqqisi siyasətin mərkəzinə qayıtmalıdır”, – qətnamədə deyilir.
Bu qətnamə qəbul edilməzdən bir necə saat əvvəl Gürcüstanın xüsusi penitensiar xidməti Mixail Saakaşvilinin yeni videoyazısını yayıb. Xəbər verildiyinə görə, bu materialın yayılması “ictimaiyyətin obyektiv şəkildə məlumatlandırılması” məqsədini daşıyır və bu kadrlar son aylar çəkilib, sonuncu video isə fevralın 9-na aiddir.
Penitensiar xidmət bəyan edir ki, həmin kadrlardan “Saakaşviilinin sağlamlığı haqqında məlumatın reallığa uyğun olmadığı görünür”.