Avropa Parlamenti azərbaycanlı məmurlara qarşı sanksiya çağırışı etdi

Avropa Parlamenti. Foto: shutterstock\Hadrian

Qubad İbadoğlunun azadlığını tələb edən qətnamə qəbul olundu

Qubad İbadoğlu dərhal və qeyd-şərtsiz azad olunsun. Azərbaycanlı məmurlara qarşı sanksiya tətbiq edilsin”.

Avropa Parlamentinin Azərbaycanda həbsdə olunan professor Qubad İbadoğlunun işi ilə bağlı qəbul etdiyi qətnamədə belə deyilir.

Avropa Parlamenti bildirir ki, daha öncə Azərbaycanla bağlı qəbul etdiyi qətnamələri nəzərə alaraq iqtisadçı Qubad İbadoğlunun azad edilməsi vacibdir:

“O, iyulun 23-də zorakılıq tətbiq olunaraq qanunsuz şəkildə həbs olunub. Hazırda əsassız ittihamlarla həbsxanada saxlanılır, ailəsi və vəkilləri ilə əlaqə saxlamasına məhdudiyyətlər qoyulub, qeyri-insani rəftara məruz qalıb”.

Qətnamədə bildirilir ki, Qubad İbadoğlu korrupsiya, ictimai vəsaitlərin səmərəsiz istifadəsi, büdcə şəffaflığının olmaması ilə bağlı Azərbaycan hökumətinin tənqidçisi kimi tanınır.

O, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədridir və hökumət onun təşkilatını qeydə almaqdan həmişə imtina edib:

Odur ki, Qubad İbadoğlunu qondarma ittihamlarla 12 ilə qədər azadlıqdan məhrum etmək istəyirlər. O, tibbi yardım tələb edən ciddi xəstəliklərdən əziyyət çəkir. Sentyabrın 5-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) müvəqqəti tədbirlər görülməsinə qərar verərək Azərbaycan hökumətinə Qubad İbadoğlunun sağlamlığının qorunması üçün təcili tədbirlər görməyi yazıb. Buna baxmayaraq, onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət təmin edilməyib”.

Qətnamədə müstəqil mötəbər təşkilatların məlumatına əsaslanaraq bildirilir ki, Azərbaycanda 200-dən çox siyasi məhbus var, bu siyahıya jurnalistlər, vətəndaş hüquqlarının müdafiəçiləri və müxalif siyasətçilər daxildir.

Sənəddə qeyd olunur ki, Məhəmməd Mirzəli kimi hüquq müdafiəçiləri ölkə sərhədlərindən kənarda təhdidlərə məruz qalırlar:

“Qubad İbadoğlunun dərhal və qeyd-şərtsiz azad olunmasını tələb edirik. Onun adekvat tibbi müalicə və dərmanlarla təmin olunmasını təkid edirik. Bildiririk ki, ona qarşı irəli sürülən ittihamlar saxtadır. Həbsi Qubad İbadoğlunun vətəndaş aktivliyinin nəticəsidir və siyasi xarakter daşıyır. VP/HR-ı (vitse-prezidenti, Ali Nümayəndəni), EEAS-i (Xarici İşlər Nazirliyini) və üzv dövlətləri bütün ikitərəfli görüşlərdə, həmçinin bütün siyasi məhbusların azad olunmasını nəzərdə tutan imzalanmalı olan tərəfdaşlıq sazişi ilə bağlı gələcək danışıqlarda Azərbaycanda insan hüquqları və demokratiya sahəsindəki ciddi pozuntuları mühakimə etməyə, həmçinin Qubad İbadoğlunun işi kimi məsələləri önə çıxarmağa çağırırıq”.

Bununla yanaşı, Avropa Parlamenti Azərbaycan hakimiyyətini bütün siyasi məhbusları, müstəqil jurnalistləri və hüquq müdafiəçilərini azad etməyə, onlara qarşı bütün siyasi motivli ittihamları ləğv etməyə və ekstraterritorial repressiyaları dayandırmağa çağırır.

Qeyd edir ki, Qubad İbadoğlunun prosesual hüquqlarının pozulması və ona qarşı zorakı rəftarla bağlı məlumatlar araşdırılmalı, qohumlarının ölkədən çıxışına qoyulan qadağa götürülməlidir:

Avropa Birliyinin Nümayəndəliyini Qubad İbadoğlunun işini diqqətdə saxlamağa, məhkəmə proseslərini izləməyə, ona təcridxanada baş çəkməyə və sağlamlığını nəzarət altında saxlamağa, Azərbaycanı öz vətəndaşlarının hüquqlarını müdafiə etməyə, ifadə və toplaşmaq azadlığının həyata keçirilməsi üçün azad və təhlükəsiz mühit təmin etməyə çağırırıq”.

Sonda deputatlar Avropa Birliyini İnsan Haqları üzrə Qlobal Sanskiya Rejimi çərçivəsində Azərbaycanda insan hüquqlarını pozan azərbaycanlı məmurlara qarşı sanksiya tətbiq etməyə çağırırlar.

İyulun 24-də barəsində 3 ay 26 gün həbs-qətimkan tədbiri seçilən iqtisadçıya qarşı saxta pul hazırlama, dini-ekstremist materialların hazırlanması, saxlanması və ya yayılması ittihamları irəli sürülüb.

Azərbaycan Daxili İşlər Nazirliyi onun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bu günədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) iqtisadçı Qubad İbadoğlunun işinə dərhal baxılmasına qərar verib.

Məhkəmə 39-cu qaydanı (müvəqqəti məcburiyyət tədbirləri) əsas götürərək Azərbaycan hökumətinə suallar göndərib.

Ana səhifəSiyasətAvropa Parlamenti azərbaycanlı məmurlara qarşı sanksiya çağırışı etdi