Avropa Oyunlarının daha bir qadağası

Natiq Cəfərli: “Hakim elita tam arxayındır ki, xalqdan heç nə asılı deyil, seçki yox, seçim yox”

Source:


Natiq Cəfərli: “Hakim elita tam arxayındır ki, xalqdan heç nə asılı deyil, seçki yox, seçim yox”

Bakı Şəhəri Dövlət Yol Polisinin ictimai qurumlarla əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovun  Avropa Oyunları zamanı şəhərdə maşınların park edilməsinə və köhnə avtomobillərin hərəkətinə icazə verilməyəcəyi barədə açıqlaması iqtisadçı Natiq Cəfərlinin etiraz doğuran şərhinə hədəf olub.

Polis polkovniki Vaqif Əsədov fikrini onunla əsaslandırıb ki,  belə avtomobillər onları görən xarici qonaqlarda ölkəmiz haqqında hansı təəssüratı yaradacaq.

Natiq Cəfərli bununla hakimiyyətin yuxarıdan ta aşağıya bütün nümayəndələri zehniyyətlərini tam açıq şəkildə ortalığa qoyduğunu düşünür: “Məhz bu zehniyyətə görə “Sovetskidə”, Alatavada, Xutorda uçuq-sökük evləri gizlətmək üçün butafor, bahalı divarlar çəkirlər (milyonlarla pul xərcləyirlər, sonra sökəcəklər), məhz bu yanaşmaya görə ölkəyə gələn idmançıların “şotunu” verirlər, sırf bu nədənlə Avropa Oyunları zamanı təhsili yarımçıq kəsirlər, bir çox qadağalar gətirirlər ki, xarici qonaqlarda ölkəmiz haqqında yaxşı təəssürat yaransın”.

Amma iqtisadçı qadağalarda əsas səbəbin siyasi olduğunu düşünür: “Ölkənin hakim elitası artıq tam arxayındır ki, xalqdan, millətdən heç nə asılı deyil, seçki yox, seçim yox. Legitimliyin xalqdan alınması mexanizmləri darmadağın edilib, ona görə də xalqın, millətin, seçicinin rahatlığı, gündəlik problemləri tamam yaddan çıxarır, öndə olan xarici qonaqlardır. Məhz o xarici qonaqlara görə hökumətin beynində cəmi 5-6 kv/km ibarət olan, Bayraq Meydanında başlayıb, Heydər Əliyev Mərkəzində bitən Bakının mərkəzi hissəsi təmir edilir, mikrorayonlara, Yeni Yasamala, Əhmədliyə xarici qonaqları aparanlara “xalq düşməni” deyilir. Məhz o yanaşmaya görədir ki, hava alanından şəhərə qədər yol kənarları əla təmir olunur, ancaq butik, bahalı firmaların dükanları bu yol boyu açılır – başqa sözlə, bütün ölkə, 9,5 milyonluq xalq əziyyət çəkirsə, bu boş şeydir, əsas xarici qonaqlardır. Problemin çözümü də siyasidir – sekçi institutu tam şəkildə bərpa olunmasa, hakimiyyətin məhz seçilməsi təmin edilməsə, belə də gedəcək. Bu il parlament seçkisi ilidir, hökumətin yadına salmalıyıq ki, bu ölkədə, Azərbaycanda “Egemenlik, kayıtsız, şartsız Milletindir”.

Ana səhifəXəbərlərAvropa Oyunlarının daha bir qadağası