Beytulla Hüseynov: ”Maliyyə Nazirliyinə müraciət etdik, əlavə pul ayırmadılar”
“Tikinti üçün 80 min manat ayrılmışdı, 40 faizini “Aztelekom”un işçisi Həsənalı vasitəsilə onların rəhbərliyinə qaytarırdım. Konkret olaraq pulun kimə verildiyini bilmirəm. Biz heç nə qazanmırdıq, hamballıq edirdik”.
Bu sözləri şahid qismində ifadə verən Adil Qasımov deyib. “Yeni Həyat” MMC-nin direktoru olduğunu deyən şahid istintaqa verdiyi ifadəsini təsdiqləyib.
Dekabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Meydan TV-nin məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən Oqtay Rüstəmov deyib ki, Adil Qasımov bütün işləri Vidadi Zeynalovla həll edib.
A.Qasımovun istintaqa ifadəsi elan olunub, orada Oqtay Rüstəmovu tanıdığını, geri qaytardığı məbləğin ona çatdırıldığını deyib. A.Qasımov məhkəməyə verdiyi ifadəni təsdiq etdiyini bildirib.
BTRİB-in baş direktor müavini Əhməd Mehdiyev də şahid qismində ifadə verib. O, deyib ki, Avropa Oyunları ilə bağlı kabelləşmənin 200 km məsafəsini qovşaqlar, qalan hissəsini isə özəl şirkətlər çəkib:
“Müqavilə özəl şirkətlərlə bağlanmışdı,amma onlar çatdıra bilmirdi deyə qovşaqlara tapşırmışdıq. Şirkətlər Bayram müəllimin idi. Bizə siyahı verilirdi,onlarla işləməli olduğumuz tapşırılırdı”.
Beytulla Hüseynov bildirib ki, Avropa Oyunları ilə bağlı işlərin görülməsi üçün 10 milyon manat vəsait ayrılıb:
“Əvvəl 5 milyon köçürdülər, materialları aldıq. Sonra Maliyyə Nazirliyinə müraciət etdik, əlavə pul ayırmadılar, qalanını öz cibimizdən ödədik”.
“Qafqaz İnşaat” MMC-nin rəhbəri Qorxmaz Həziyev deyib ki, rayonlarda tikinti işləri ilə məşğul olublar:
“Şirkətin gördüyü işlərin ümumi həcmi təxminən 20 milyon manat olub. Onun nə qədəri gəlir olub bilmirəm. Elçin İbrahimov dostum olub. Hamı bilir ki, Elçin rabitə naziri Əli Abbasovun qaynıdır. Elçinə usta, texnika lazım olanda mənə deyirdi, göndərirdim”.
Vidadi Zeynalov həmin şirkətə pulların göndərilməsinə nazirin göstərişi ilə özünün nəzarət etdiyini deyib:
“Şişirdilmiş rəqəmlər özlərinə aiddir. Bizə nə qədər deyilirdisə,o qədər göndərirdik”.
Fasilədən sonra şahid qismində dindirilən Vüqar Əfəndiyev qeyd edib ki, “Azərpoçt”da baş mühasib olub:
“İşimiz maliyyə hesabatlarını hazırlayıb müvafiq qurumlara göndərməkdən ibarətdir. Avadanlıqlar alan şirkətlərə maliyyənin ayrılmasında iştirak etmişəm. Bəzən rəhbərlikdən, şirkətlərdən bağlı şəkildə pul alıb, aparıb Vidadi Zeynalova vermişəm”.
İclasda şahid qismində sabiq nazir Əli Abbasovun xalası oğlu, “Aztelekom” MMC-də şöbə rəisi olmuş Həsənqulu Qurbanov da ifadə verib. O bildirib ki, əsasən binaların eskiz layihələrini hazırlayıblar. Onun istintaqa verdiyi ifadəsi elan edilib. Şahid ifadəsində bildirib ki, “Aztelekom” MMC-də alınacaq tikinti materiallarının qiyməti yüksək göstərilib və buna görə dövlətə külli miqdarda ziyan dəyib. H. Qurbanov məhkəmədə bu ifadəsindən xəbərsiz olduğunu deyib və onu təsdiq etməyib.
Proses dekabrın 23-də davam edəcək.
Beytulla Hüseynov keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumudur. MTN ətrafında baş verənlərdən sonra prokurorluqda cinayət işi başlanıb və B.Hüseynov da şahid kimi istintaqa cəlb olunub. Onun ifadəsindən sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə bağlı araşdırmalar başlanıb.
V.Zeynalov, B.Hüseynov, A.Mustafayev, E.Məmmədov, M.Məmmədov, O.Rüstəmov, N.Məmmədov, S.Hümbətov, Q.Bəybalayev Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd),308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), C.Cəfərov 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və B.Vəliyev isə 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.
RYTN dəymiş ziyana görə 163 milyon manat dəyərində mülki iddia qaldırıb. Vergilər Nazirliyi (VN) isə təqsirləndirilən B.Vəliyevə qarşı 255 min manatlıq mülki iddia irəli sürüb.
Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hər iki şəxsə şərti cəza təyin edilib və onlar məhkəmə zalından azadlığa buraxılıb.