Rəsul Cəfərov və İntiqam Əliyevin məhkəməsi ilə bağlı ilk bəyanat səsləndi
1997-ci ildə Beynəlxalq İnsan Haqları Federasiyası (FİDH) və İşgəncələr Əleyhinə Beynəlxalq Komitə (OMST) tərəfindən yaradılmış İnsan Hüquqlarını Müdafiə Rəsədxanası yanvarın 15-də Azərbaycanda iki hüquq müdafiəçisi – Rəsul Cəfərov və İntiqam Əliyevin işi üzrə məhkəmə başlaması ilə bağlı bəyanatla çıxış edib.
Təşkilatın bəyanatında bu məhkəmələr “hüquq müdafiəçilərini susdurmaq məqsədi daşıyan ilk proseslər” adlandırılıb.
Yanvarın 4-8-də bu prosesi müşahidə qrupu Bakıda olub, Cəfərov və Əliyevlə görüşməyə çalışıb. Onlar həmçinin Xədicə İsmayılovaya, Leyla və Arif Yunuslara, Anar Məmmədliyə, Bəşir Süleymanlı və Hilal Məmmədova baş çəkmək istəyirdilər. İsrarlı xahişlərə baxmayaraq, hakimiyyət heç bir görüşə icazə verməyib. Missiya həbs edilənlərdən bəzilərinin vəkilləri ilə görüşməyə müvəffəq olub.
Hakimiyyət həbs edilmiş hüquq müdafiəçilərini müdafiə ümidindən məhrum etmək üçün əlindən gələni edir və onların vəkillərini də təqib edir.
“Son aylarda Azərbaycanın vətəndaş cəmiyyəti ciddi təzyiqlərə və təqiblərə məruz qalır. Avropa Oyunlarının keçirilməsindən əvvəl Azərbaycanda insan hüquqları sahəsində vəziyyətin daha da pisləşəcəyini düşünmək üçün əsas var”, deyə bəyanatda qeyd edilir.