Avropa Məhkəməsi Turac Zeynalovun Naxçıvan MTN-ində işgəncə ilə öldürülməsi faktını tanıyıb

“Hüquq-mühafizə orqanlarının hər bir əməkdaşı, hakimlər bilsinlər ki, ədalət əvvəl-axır zəfər çalacaq”.

Foto: Avropa Məhkəməsi


Azərbaycan hökuməti zərərçəkmiş tərəfə kompensasiya ödəyəcək

Avropa Məhkəməsi sentyabrın 10-da Azərbaycanla bağlı daha bir qərarını açıqlayıb. Söhbət 2011-ci ildə Naxçıvan Milli Təhlükəsizlik Nazirliyində (MTB) ölən 31 yaşlı Turac Zeynalovun atası Şuriyyə Zeynalovun şikayəti üzrə çıxarılan qərardan gedir. Avropa Məhkəməsi belə nəticəyə gəlib ki, T.Zeynalov Naxçıvan MTN-ində işgəncə ilə öldürülüb.

Avropa Məhkəməsi bu işdə İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsinə dair Konvensiyanın həm 2 (yaşamaq hüququ), həm də 3-cü (işgəncəyə, ləyaqəti alçaldan rəftara məruz qalmamaq hüququ) maddələrinin pozulduğunu təsdiqləyib. Azərbaycan hökumətinin üzərinə Şuriyyə Zeynalova mənəvi ziyana görə 35 min, hüquqi xərclərinə görə isə 2 min avro kompensasiya ödəmək öhdəliyi qoyulub.

Naxçıvan aeroportunda sürücü işləyən 31 yaşlı T.Zeynalov 2011-ci ilin avqustunda Naxçıvan MTN-i həbs edib. Ona qarşı dövlətə xəyanət ittihamı irəli sürülüb. İddia olunub ki, onun İranın xüsusi xidmət orqanları ilə əlaqəsi var. Üç gün sonra ailə üzvlərinə Turacın xəstəlikdən vəfat etməsi barədə məlumat verilib.

Hadisədən sonra mediada T.Zeynalovun meyitinin üzərində xəsarət izləri olan fotoları yayılıb.

T.Zeynalovun işgəncə altında öldürüldüyünü deyən yaxınları bu işin araşdırılması, günahkarların cəzalandırılması üçün Baş prokuror, Ombudsman da daxil olmaqla, müxtəlif dövlət orqanlarına müraciət etsələr də, nəticəsi olmayıb. Ailəyə gələn cavab məktublarında T.Zeynalova qarşı işgəncə iddialarının təsdiqini tapmadığı, onun ağciyər problemindən vəfat etdiyi yazılıb.

Məhkəmələrə şikayətlər də nəticəni dəyişməyib. Ölkədaxili hüquqi müdafiə vasitələri tükəndirildikdən sonra Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərilib.

Oğlunun ölümünün araşdırılmasını, günahkarların cəzalandırılmasını tələb edən Ş.Zeynalovun hüquqlarını vəkil Əsabəli Mustafayev müdafiə edib. Vəkil deyir ki, T.Zeynalov həbsinin və işgəncəyə məruz qalmasının səbəbi tutulmamışdan əz əvvəl iş yerində – aeroportda qalmaqallı bir hadisənin şahidi olmasıyla əlaqələndirilir.

Onun ölümündən sonra üzərində işgəncə izləri olduğuna görə meyiti yaxınlarına verməyiblər. Ailə üzvləri etiraz aksiyaları keçirəndən sonra meyiti ala biliblər. İşgəncə izlərinin fotolarını, videoları da yaxınları çəkib ictimailəşdiriblər.

80e54e9a-5872-4618-bb5f-22592251dd11_cx0_cy3_cw0_w1597_n_r1_st.jpg
Turac Zeynalov

“Mən Naxçıvana gedəndə orada belə bir fikir dolaşırdı ki, Turac aeroportda baş vermiş müdhiş bir olayın şahid olub. Söhbət beynəlxalq miqyaslı, ölkənin nüfuzuna zərbə vuran hadisədən gedir. Turac da bu olayın şəkillərini çəkib. Mən nədən bəhs olunduğunu bilirəm, ancaq açıqlaya bilmirəm. Çünki deyilənlərin doğru olub-olmadığı mənə də məlum deyil. Görünür, MTN-də Turacdan həmin olay barədə kimlərə xəbər verdiyini öyrənmək istəyirdilər, buna görə ona 3 gün işgəncə vermişdilər”, – deyə Ə.Mustafayev bildirib.

Vəkillə müqaviləni əvvəl T.Zeynalovun həyat yoldaşı bağlayıb. Amma bir müddət sonra o, prosesi davam etdirmək istəməyib. Ə.Mustafayevin sözlərinə görə, qadın məruz qaldığı təzyiqlərə görə belə davranmışdı. Daha sonra T.Zeynalovun atası vəkillə müqavilə imzalayıb.

Vəkil öncə Naxçıvan MTN-nə, daha sonra Azərbaycan Respublikası MTN-nə qarşı məhkəmə iddiaları qaldırıb. Amma heç biri təmin olunmayıb.

Həmin ərəfədə Rusiyadan bir nəfər vəkillə əlaqə saxlayaraq, Naxçıvan MTN-də Turacın ölümünə şahid olduğunu söyləyib, bildklərini danışıb: “O bildirdi ki, özü Naxçıvan MTN-də gizli könüllü kimi fəaliyyət göstərib. Turaca işgəncə verilməsinin, onun ölümünün canlı şahidi olub. O, israrla bildirirdi ki, Turaca işgəncə verilməsində o zaman Naxçıvanın Milli Təhlükəsizlik naziri, indi isə həbsdə olan şəxs (Vəli Ələsgərov) də iştirak edib. Dediyinə görə, MTN-nin tapşırığı ilə Turacın həyat yoldaşının məndən imtina etməsini də o, təşkil etmişdi. Ümumiyyətlə, MTN ona daha ağır tapşırıqlar verib, o da dözməyərək Rusiyaya qaçıb. Bir çox sirri bilən həmin şəxsi Rusiyadan geri almaq üçün Naxçıvanda onun barəsində dələduzluq maddəsilə cinayət işi başlanıb, Rusiyanın müvafiq qurumlarına onun geri qaytarılması barədə müraciət olunmuşdu. Rusiya hüquq-mühafizə orqanları da bunun əsasında onu həbs edib, geri qaytarmağa hazırlaşırmış. Onun mənə müraciət etməkdə məqsədi də Azərbaycana geri qaytarılmaması üçün kömək etmək istəyilə bağlı idi”.

A164A7EC-9386-435F-82B3-652271140C52_mw1024_n_s.jpg
Turac Zeynalovun atası Şuriyyə Zeynalov

Ə.Mustafayevin sözlərinə görə, o, Rusiyadakı hüquq müdafiəçilərinin köməyi ilə həmin şəxsin vəkillə təmin edilməsinə nail olub. Vəkil ondan T.Zeynalov olayı barədə yazılı izahat alaraq, Ə.Mustafayevə, o da Avropa Məhkəməsinə göndərib ki, bu işə əlavə edilsin. Ardından həm Ə.Mustafayev, həm də Rusiyadakı vəkil Avropa Məhkəməsinə müraciət edərək, sözügedən şəxsin Azərbaycana qaytarılmasının qadağan edilməsini xahiş ediblər. Avropa Məhkəməsi də belə bir qərar qəbul edib, nəticədə o, həbsdən azad olunub.

“Hüquq-mühafizə orqanlarının hər bir əməkdaşı, hakimlər bilsinlər ki, ədalət əvvəl-axır zəfər çalacaq. Düzdür, bu işdə də hələ irəlidə görüləcək çox iş var. Hökumət, məhkəmələr nəzərə almalıdır ki, bu qərarda işgəncəyə məruz qalmamaq və yaşamaq hüquqlarının həm maddi, həm də prosessual cəhətdən pozuntuları tanınıb. Yəni işgəncə və ölüm hökümət nümayəndələri tərəfindən törədilib. Belə qərarlar Avropa Məhkəməsinin təcrübəsində çox azdır. Əlbəttə, bu qərar və kompensasiya cavan yaşlarında öldürülmiş Turacı geri qaytarmayacaq. Ancaq hər halda, əzizlərinə bir təsəlli olacaq”, – deyə Ə.Mustafayev əlavə edib.

Ana səhifəSiyasətAvropa Məhkəməsi Turac Zeynalovun Naxçıvan MTN-ində işgəncə ilə öldürülməsi faktını tanıyıb