Avropa Məhkəməsi Qarabağdakı döyüşlərlə bağlı qərar verdi

“Bu qərar isə o deməkdir ki, Avropa Konvensiyasının 2 və 3-cü maddələrilə təminat verilən hüquqlar müharibə dövründə də qüvvədədir”.

Foto: Avropa Məhkəməsi


AHİM hər iki ölkəyə çağırış edib

Sentyabrın 29-da Ermənistan müharibənin dayandırılması ilə əlaqədar Azərbaycana qarşı Avropa İnsan Hüquqları Məhkəməsinə ərizə vermişdi. Sentyabrın 30-da Avropa Məhkəməsi həmin ərizə əsasında qərarını açıqlayıb. Məhkəmə bəyan edib ki, Konvensiyanın ciddi şəkildə pozulması riskini nəzərə alaraq, təcili tədbirləri nəzərdə tutan 39-cu Qaydanın tətbiqini zəruri hesab edir.

Ərizəni Ermənistan versə də, Avropa Məhkəməsi hər iki tərəfə çağırış edib. Qərara əsasən, həm Azərbaycan, həm də Ermənistan tərəfindən mülki əhalinin yaşamaq, pis rəftara məruz qalmamaq hüququnun pozulmaması üçün tərəflər mülki əhalini hədəf alan hərbi tədbirlərdən çəkinməyə çağrılıb. Hər iki ölkəyə Avropa Konvensiyasına əməl etmək öhdəliyi, o cümlədən Konvensiyanın 2 (yaşamaq hüququ) və 3-cü (işgəncənin, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın olunması) maddələrilə təminat verilən hüquqlar xatırladılıb.

Hüquqşünas Emin Abbasov deyir ki, Avropa Məhkəməsi hərbi müdaxilələrin taleyinə qarışmır. Bu qərar isə o deməkdir ki, Avropa Konvensiyasının 2 və 3-cü maddələrilə təminat verilən hüquqlar müharibə dövründə də qüvvədədir.

“Avropa Məhkəməsi tərəflərdən həm də mülki əhalinin hədəf alınmaması ilə bağlı tədbirlər barədə məlumat tələb edib. İndi Azərbaycan gərək hər saat mülki zərərlər barədə Avropa Məhkəməsini çox yaxşı sənədləşdirilmiş, sübutlarla birgə məlumatlarla təmin etsin. Xüsusilə qarşı tərəfin cəbhə bölgəsində yerləşən rayon mərkəzinə, oradakı tibb, təhsil, məhkəmə və başqa ictimai obyektlərə artilleriya hücumları barədə dərhal – hücum aktı baş verən kimi məlumat vermək lazımdır”, – deyə hüquqşünas bildirib.

Ana səhifəSiyasətAvropa Məhkəməsi Qarabağdakı döyüşlərlə bağlı qərar verdi