Avropa Məhkəməsi jurnalistlərin şikayətini araşdırır

Zorakılığa məruz qaldığı deyilən media nümayəndələri ilə bağlı hökumətə suallar ünvanlanıb

Avropa İnsan Hüquqları Məhkəməsi
Avropa İnsan Hüquqları Məhkəməsi


Zorakılığa məruz qaldığı deyilən media nümayəndələri ilə bağlı hökumətə suallar ünvanlanıb

Avropa Məhkəməsi 2008-2015-ci illərdə müxtəlif vaxtlarda zorakılığa məruz qalmış jurnalistlər – Zamin Hacı, Əfqan Muxtarlı, Həkimeldostu Mehdiyev, İlqar Nəsibov, Ramid İbrahimov, Ehtimad Budaqov, İdrak Abbasov, Tapdıq Fərhadoğlunun Azərbaycana qarşı şikayətləri üzrə kommunikasiya başlayıb.

Bu barədə məlumatı avqustun 1-də vəkil Fariz Namazlı öz “Facebook” səhifəsində yayıb. Onun sözlərinə görə, məhkəmə Konvensiyanın 3-cü (işgəncəyə məruz qalmamaq hüququ) və 10 (ifadə azadlığı hüququ) maddələrinin pozuntusu ilə bağlı hökumətə suallar ünvanlayıb. İlk 7 ərizəçinin hüquqlarını Rəşid Hacılı, Tapdıq Fərhadoğlunun hüquqlarınl isə Samirə Ağayeva qoruyur.

“Qeyd edim ki, Zamin Hacı 2008-ci ildə Akif Nağını əkə adlandırdığına görə onun və daha 3 nəfər şəxs tərəfindən döyülmüşdü, CM-nin 163-cü maddəsi ilə cinayət işi aşılsa da, sonradan həmin 3 nəfərin tapılmaması əsası ilə icraat dayandırıldı və hər hansı istintaq hərəkətləri aparılmadı.

Əfqan Muxtarlı 2009-cu ildə Bakıda İsrail səfirliyinin yanında Yasamal rayon Pİ-nin əməkdaşları tərəfindən döyülmüşdü, onun xəsarət alması ilə bağlı sənədlər olsa da, cinayət işinin başlanması rədd edildi.

Həkimeldostu Mehdiyev 2009-cu ildə Naxçıvanda Ümid Partiyasının keçirdiyi aksiya zamanı tanımadığı şəxs tərəfindən döyülmüşdü, lakin hüquq-mühafizə orqanları tərəfindən bu məsələ araşdırılmadı.

İlqar Nəsibov 2009-cu ildə Naxçıvan Dövlət Universitetinin tələbələri tərəfindən döyülmüşdü, lakin hər hansı cinayət işi açılmadı.

Ramid İbrahimov 2011-ci ildə Prezident Administrasiyasının qarşısında jurnalist vəzifələrini icra edən zaman polis əməkdaşları tərəfindən döyülüb, yenə də cinayət işi başlanmayıb.

Etimad Budaqov 2012-ci ildə Şəmsi Bədəlbəyli küçəsində evlərin dağıdılması zamanı polis zorakılığına məruz qalmışdı, lakin cinayət işi başlanmadı.

İdrak Abbasov 2012-ci ildə Sulutəpədə ARDNŞ-in əməkdaşları tərəfindən vəhşicəsinə döyülüb, döyülməsi ilə bağlı effektiv araşdırma aparılmayıb.

Tapdıq Fərhadoğlu (Quliyev) 2014-cü ildə BDU-nun tələbələrinin aksiyasını işıqlandıran zaman döyülüb, bu iş də araşdırılmayıb” – deyə vəkil qeyd edib.

Ana səhifəXəbərlərAvropa Məhkəməsi jurnalistlərin şikayətini araşdırır