Avropa Məhkəməsi hökuməti külli miqdarda cərimələyə bilər

Hökumətə həmin şikayətlər üzrə mülahizələrini təqdim etmək üçün 2017-ci ilin martın 21-nə qədər vaxt verilib

Source:


Hökumətə həmin şikayətlər üzrə mülahizələrini təqdim etmək üçün 2017-ci ilin martın 21-nə qədər vaxt verilib

Azərbaycandan bu quruma göndərilən 32 şikayət üzrə kommunikasiyalara başlayıb

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) mülkiyyət hüququnun pozulması ilə bağlı Azərbaycandan bu quruma göndərilən 32 şikayət üzrə kommunikasiyalara başlayıb.

Bu barədə Meydan TV-yə hüquqşünas İntiqam Əliyev məlumat verib.

Avropa Məhkəməsi hökumətə həmin şikayətlər üzrə mülahizələrini təqdim etmək üçün 2017-ci ilin martın 21-nə qədər vaxt verib.

İ.Əliyevin bildirdiyinə görə, bu işlərdə şikayətçi qismində 52 Azərbaycan vətəndaşı çıxış edir.

Şikayətçilər Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısının “Yeni Park Kompleksinin salınması, ərazidə yerləşən yaşayış və qeyriyaşaöış sahələrinin köçürülməsi haqqında” 24 sentyabr 2008-ci il tarixli və “Bakı şəhərinin Baş Planının icrasının təmin edilməsi məqsədilə Səməd Vurğun, Şəmsi Bədəlbəyli, Mirzağa Əliyev, Dilarə Əliyeva, Rəsul Rza, Şamil Əzizbəyov, Süleyman Rəhimov, İslam Səfərli, Təbriz Xəlil Rza oğlu, Mirzə İbrahimov küçələrinin əhatəsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi haqqında” 16 fevral 2011-ci il tarixli sərəncamları əsasında mənzillərindən köçürülən və yaşadıqları binalar sökülən paytaxt sakinləridir.

Onların arasında arasında keçmiş millət vəkili Hacıbaba Əzimov, jurnalist Alırza Mixtaroğlu, Müsavat fəalı Başxanım Abbasova və digər tanınmış şəxslər də var.

2011-ci ildən başlayaraq Bakı Şəhər İcra Hakimiyyətinin məmurları və polis vətəndaşlara təzyiq edərək mənzillərin hər kvadrat metrinə 1500 AZN ödənilməklə evlərindən çıxmağa məcbur ediblər.

Bəzi işlərdə mənzillərin sökülməsini cavabdehə qadağan edən məhkəmə qərardadının olmasına baxmayaraq, bu şərtlərlə razılaşmayan və mənzillərini tərk etməkdən imtina edən mülkiyyətçilərə qarşı zorakılıq tətbiq olunmaqla onların evləri sökülüb.

Lakin yerli məhkəmələr vətəndaşların bütün iddialarını rədd ediblər.

Şikayətlərdə İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsi (mülkiyyət hüququ) ilə yanaşı, həmçinin 6 (ədalətli məhkəmə araşdırması hüququ), 8 (şəxsi həyat hüququ), 13 (səmərəli araşdırma hüququ) və digər maddələrin pozuntusu qaldırılıb.

İ.Əliyevin apardığı işlərdə isə onun həbsi zamanı hüquqşünasın evindən və ofisindən cinayət işi ilə bağlılığı olmayan məhkəmə sənədlərinin götürülməsi şikayətçilərin fərdi şikayət hüququnu həyata keçirmələrinə əsassız maneə kimi qaldırılır.

Avropa Məhkəməsində şikayətçilərin hüquqlarını həmçinin Fuad Ağayev, Xalid Bağırov, Şəfa Camalzadə, Sevinc Əliyeva, Samirə Ağayeva və digər hüquqşünaslar təmsil edirlər.

Avropa Məhkəməsinin bu işlər üzrə hökumətə külli miqdarda cərimə kəsəcəyi gözlənilir.

Mədəniyyət və Turizm Nazirliyinin məhkəməyə təqdim etdiyi sökülən binaların Nazirlər Kabinetinin 02 avqust 2011-ci il tarixli 132 saylı Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi

qeydə alındığı və dövlət tərəfindən qorunduğu bildirilib.

Ana səhifəXəbərlərAvropa Məhkəməsi hökuməti külli miqdarda cərimələyə bilər