Ərizəçilərə ümumilikdə 21.000 avro təzminat ödəniləcək
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bu gün, iyunun 10-da Azərbaycanla bağlı daha 3 qərarını elan
edib
.
“Emin Ələkbərov və başqaları Azərbaycana qarşı” qərar 7 nəfərin şikayətini özündə əks etdirir.
Məhkəmə bu işdə hesab edib ki, ərizəçilərə münasibətdə azadlıq və toxunulmazlıq hüququnun (Maddə 5.1) pozuntusuna yol verilib. Beləliklə, hökumətin 7 ərizəçinin hər birinə 3 min avro (ümumilikdə 21.000) təzminat ödəməsi ilə bağlı qərar çıxarıb.
Qərarda həmçinin xərc və məsrəflərə görə, ümumilikdə min avro ödənilməsi də nəzərdə tutulur.
İş Səid Nursi dini təriqətinin 7 təmsilçisinin şikayəti ilə bağlı idi. Olaylar 2015-ci ildə Gədəbəy rayonunda baş vermişdi.
İddia edilirdi ki, təriqət üzvlərinin toplaşdığı evə 25 nəfərə qədər rəsmi şəxs basqın edib.
Onlar polisə aparılıb və bir gecə orda saxlanılıblar. Ertəsi gün yenidən polisə aparılıblar və ictimai qaydanı pozmaq əsası ilə inzibati qaydada cərimə ediliblər.
Yerli instansiya məhkəməsləri bu cəzanı qanuni saymışdı, ancaq ərizəçilər iddia edirdilər ki, onların azadlıq və toxunulmazlıq (Maddı 5), ədalətli məhkəmə araşdırması (Maddə 6), dini etiqad azadlığı (Maddə 9) hüquqlarına müdaxilə edilib.
Növbəti “Vidadi Əli oğlu İnsanov Azərbaycana qarşı” işdə tərəflər dostca anlaşıblar.
Anlaşmaya əsasən, hökumət ərizəçiyə 5 000 avro təzminat, 1000 avro xərc və məsrəf əvəzi ödəyəcək.
Bu şikayət ərizəçinin ölkədən çıxışına qadağa qoyulması ilə bağlıydı. Ərizəçi ona münasibətdə hərəkət azadlığı hüququnun pozuntusuna yol verildiyini iddia edirdi.
“Ş.Ə. Azərbaycana qarşı” şikayətlə bağlı AİHM-in qərarı işin baxılacaq şikayətlərin siyahısından çıxarılması olub, çünki 2021-ci il martın 31-də ərizəçi AİHM-ə şikayətini davam etdirmək istəmədiyini bildirib.
Bu iş Şahdağ Milli Parkındakı Bazardüzü dağına səyahət etmək istəyən ərizəçinin əngəllənməsi, onun adının səyahətçilərin “qara siyahısına” salınması ilə bağlıydı.
Ərizəçi məhkəməyə şikayət etsə də, onun iddiaları rədd edilmişdi.
Ş.Ə. AİHM qarşısında ədalətli məhkəmə araşdırması (Maddə 6) və hərəkət azadlığı (4 saylı protokol, maddə 2) hüquqlarına müdaxilə olunmasını mübahisələndirmişdi.