Avropa Məhkəməsi Azərbaycandan 60 işin kommunikasiyasına başlayıb

Avropa Məhkəməsi NİDA üzvləri və Nardaran işi üzrə həbs olunanlar haqda hökumətə suallar ünvanlayıb

Avropa Məhkəməsi, Mənbə: Avropa Məhkəməsi
Avropa Məhkəməsi
Avropa Məhkəməsi


Avropa Məhkəməsi NİDA üzvləri və Nardaran işi üzrə həbs olunanlar haqda hökumətə suallar ünvanlayıb

Avropa İnsan Haqları Məhkəməsi NİDA üzvləri Qiyas İbrahimov, Bayram Məmmədov və Elgiz Qəhrəmanın işgəncəyə, qeyri insani rəftara məruz qalması ilə bağlı şikayəti üzrə Konvensiyanın 3-cü və 13-cü maddəsinin, həmçinin Q. İbrahimov və B. Məmmədovun işi üzrə Konvensiyanın 8 (mənzilə hörmət hüququ) və 18 (hüquqların siyasi məqsədlər üçün pozuntusu) maddəsinin pozuntusu ilə bağlı Azərbaycan hökumətinə suallar ünvanlayıb.

Bu barədə vəkil Fariz Namazlı “Facebook” səhifəsində məlumat paylaşıb.

Vəkil yazıb ki, Avropa İnsan Haqları Məhkəməsi jurnalist Elçin Həsənov və daha 13 nəfərin Azərbaycana qarşı şikayəti üzrə kommunikasiyaya başlayıb:

“Bu şikayətçilər jurnalist Elçin Həsənov, Harvard məzunu Bəxtiyar Hacıyev, “Nardaran işi” üzrə həbs olunanlar Zakir Mustafayev, Abbas Hüseynov, Taleh Bağırzadə, Şamil Abdullayev, Əlibala Vəliyev, Rasim Cəbrayılov, Ramin Yarıyev, Abbas Quliyev, Əli Nuriyev, jurnalist Fikrət İbişbəyli, həmçinin vəkil Aslan İsmayılov və Vüqar Abışovdur.

Bu şəxslər polis əməkdaşları tərəfindən işgəncəyə, qeyri-insani rəftara məruz qalması ilə bağlı şikayətlərinin lazımi qaydada araşdırılmadığından şikayətçidirlər. Avropa Məhkəməsi Azərbaycan Hökumətinə Konvensiyanın 3 (işgəncəyə məruz qalmamaq hüququ) maddəsi, 13 (səmərəli müdafiə vasitələri hüququ), bəzi şikayətlər üzrə 10-cu (ifadə azadlığı) və 34 (fərdi şikayətlər vermək) maddələrin pozuntusunun olub-olmaması ilə bağlı sallar ünvanlayıb. “Nardaran işi” üzrə azadlıqdan məhrum olunanlarla bağlı Azərbaycan hökümətinə göndərilən suallar 26 noyabr 2015-ci ildə keçirilən əməliyyatın qanuni şəkildə olub-olmaması, həbs edilənlərin BMCMİ-yə aparılma şərtləri, onların həkim yardımından istifadə edilməsinə şərait yaradılıb yaradılmaması ilə bağlıdır”.

Fariz Namazlı Meydan TV-yə əlavə olaraq bildirib ki, Avropa İnsan Haqları Məhkəməsi AXCP üzvləri Murad Adilovun, Cabbar Savalanlının, Müsavat Partiyasının üzvləri Sirac və Fərəc Kərimli qarsdaşlarının haqlarında həbs qətimkan tədbirinin seçilməsi (5-ci maddə) haqda şikayət üzrə də hökumətə suallar ünvanlayıb.

Vəkil deyib ki, məhkəmə Murad Adilovun 6.2 (təqsirsizlik prezumsiyası) maddəsinin pozuntusunun olub-olmaması barədə sual da ünvanlayıb.

Fariz Namazlı ümumilikdə 60-dən çox şikayət üzrə kommunikasiya başladığını deyib.

Vəkil Zibeydə Sadıqov Meydan TV-yə deyib ki, jurnalist Aytac Əhmədova Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılması haqda şikayəti ilə Avropa Məhkəməsi hökumətə 5 (azadlıq hüququ), 6 (ədalətli mühakimə olunma hüququ), 8 (şəxsi həyata hörmət hüququ), 10 (ifadə azadlığı hüququ) və 18 (müdaxilənin siyasi məqsədlərlə bağlı) maddələr üzrə suallar ünvanlayıb.

“Heykəl məhbusları” Qiyas İbraimov və Bayram Məmmədov Cinayət Məcəlləsinin 234 .4.1 və 234.4. 3 maddələri ilə 10 il azadlıqdan məhrum olunublar.

Elgiz Qəhrəmanlı Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə 6,5 il azadlıqdan məhfrum edilib.

Fikrət İbişoğlu Cinayət Məcəlləsinin 182-ci maddəsiylə 7 il azadlıqdan məhrum olunub.

Murad Adilov Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunaraq 2015-ci il may ayının 14-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Fərəc Kərimli qardaşı Sirac Kərimli ilə birlikdə 2014-cü ilin iyul ayında, narkotik maddə saxlamaq və satmaq ittihamı ilə həbs olunublar və Fərəc Kərimli 6 il 6 ay, Sirac Kərimli isə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Sonradan Fərəc Kərimlinin cəzası 3 ilə qədər endirilib. Sirac Kərimli 2016-cı il martın 17-də əfv olunaraq azadlığa çıxıb.

Fərəc Kərimli isə 2016-cı ilin oktyabrında azad olunub.

Cabbar Savalanlı 2011-ci ildə narkotik vasitəni əldə etmə və saxlamada təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 2011-ci il dekabrın 26-da prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.

Ana səhifəXəbərlərAvropa Məhkəməsi Azərbaycandan 60 işin kommunikasiyasına başlayıb