Avropa İnsan Hüquqları Məhkəməsi iyulun 15-də (AİHM) Azərbaycandan göndərilmiş daha iki şikayət üzrə qərarını açıqlayıb.
Məhkəmə bu dəfə Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadə və jurnalist Fikrət İbişbəylinin (Fərəməzoğlu) müraciətlərinə baxıb.
Hər iki ərizəçi şikayətində qeyd edib ki, saxlanma və həbs müddətində işgəncə və qeyri-insani rəftara məruz qalıb.
Onlar bildiriblər ki, yerli prokurorluq orqanları bu məsələ ilə bağlı şikayətlərini araşdırmadan rədd edib. Məhkəmələr isə bu qərarları qüvvədə saxlayıb.
“İşgəncə olub” – AİHM Taleh Bağırzadənin şikayətini haqlı saydı
Taleh Bağırzadə 2015-ci ildə Nardaran hadisələri ilə bağlı dövlət çevrilişinə cəhd, silah-sursat saxlama və qəsdən adam öldürmə ittihamları ilə həbs edilərək 20 il azadlıqdan məhrum edilib. O, bütün ittihamları rədd edir.
Avropa Məhkəməsi Taleh Bağırzadənin təqdim etdiyi tibbi sənədlər əsasında aldığı xəsarətləri işgəncə kimi qiymətləndirib.
AİHM bildirib ki, Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinə görə, Taleh Bağırzadənin işgəncədən və qeyri-insani rəftardan qorunmaq hüququ pozulub. Məhkəmə Taleh Bağırzadəyə 10.000 avro ödənilməsi barədə qərar verib.
Azərbaycan qərarları üç ay ərzində icra etməlidir
Məhkəmə jurnalist Fikrət İbişbəylinin 2016-cı ildə Bakı Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanarkən işgəncəyə məruz qalması barədə şikayətinin effektiv araşdırılmadığına qərar verib və bunu Konvensiyanın 3-cü maddəsinin pozuntusu sayıb.
AİHM bildirib ki, Fikrət İbişbəylinin işində tibbi sübutlar olmasa da, şikayətlərin araşdırılmaması özü-özlüyündə Konvensiyanın pozuntusu sayılır.
Məhkəməyə Fikrət İbişbəyliyə 5.000 avro mənəvi ziyana görə təzminat ödənilməsinə qərar verib.
Fikrət İbişbəyli 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə təqsirli bilinərək 7 il azadlıqdan məhrum olunub. O, müxtəlif restoran, iaşə obyektləri sahiblərindən hədə-qorxu ilə pul tələb etməkdə suçlanırdı. Amma jurnalist ittihamı qəbul etmir, deyirdi ki, sifarişlə həbs olunub. O, 2019-cu ildə Prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.
Məhkəmə hər iki ərizəçiyə əlavə olaraq 1000 avro hüquqi xərclər üçün kompensasiya təyin edib.
Qərarların icrası üçün Azərbaycan hökumətinə üç ay müddət verilib.
Azərbaycan AİHM qərarlarının yalnız üçdə birini yerinə yetirir
Son illər, xüsusilə siyasi və insan hüquqları ilə bağlı həssas məsələlərdə, Azərbaycan bəzi AİHM qərarlarının icrasından imtina etməyə və ya onları məhdud şəkildə yerinə yetirməyə başlayıb.
Hətta 2024-cü ilin oktyabr ayında Human Rights Watch təşkilatının hesabatında qeyd olunub ki, Azərbaycan AİHM tərəfindən verilən qərarların yalnız 36%-ni icra edib.
Bu da beynəlxalq insan hüquqları təşkilatları və Avropa Şurası ilə münasibətlərdə gərginliyə səbəb olub.
Azərbaycanla Avropa Şurası Parlament Assambleyası (AŞPA) arasında münasibətlər son dövrlərdə gərginləşib.
2024-cü ilin yanvarında AŞPA, Azərbaycan nümayəndə heyətinin etimadnamələrini təsdiqləməkdən imtina edib. Qərarda Azərbaycanın insan hüquqları sahəsindəki öhdəliklərini yerinə yetirmədiyi, siyasi məhbusların mövcudluğu, məhkəmə müstəqilliyinin zəifliyi və digər məsələlər vurğulanıb.
2025-ci ilin aprelində Prezident İlham Əliyev AİHM-in qərarlarının icrasından imtina edərək, Azərbaycanın bu təşkilatların üzvlüklərini nəzərdən keçirə biləcəyini bildirib.
O, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanın nümayəndə heyətinin hüquqlarını bərpa etməməsi halında, ölkəsinin Avropa Şurası və AİHM-dəki üzvlüklərini gözdən keçirəcəyini qeyd edib.