Əgər qazın qiyməti üç gün ərzində bir meqavat saat üçün 180 avronu keçərsə…
Dekabrın 19-da Avropa İttifaqının (Aİ) energetika nazirləri enerji böhranını ram etmək üçün bir araya gəliblər.
Onlar həftələrlə davam edən danışıqlardan sonra qazın ən yüksək qiymət limiti ilə bağlı razılığa nail olublar. Bu, 27 ölkəni əhatə edən Aİ-nin qaz qiymətlərini aşağı salmaq üçün etdiyi son cəhddir.
Rusiya Avropaya qaz tədarükünün böyük hissəsini kəsdikdən sonra bu il bölgədə enerji xərcləri həddindən artıq yüksəlib. Bu da rekord yüksək inflyasiyaya səbəb olub.
Niderlanddakı ən yüksək virtual ticarət nöqtəsində qazın qiyməti üç gün ərzində bir meqavat saat üçün 180 avrodan (191.31 dollar) yüksək olarsa, qaz qiymətlərinə məhdudiyyətlər gələn il, fevralın 15-dən qüvvəyə minəcək.
Aİ ölkələri enerji böhranının qarşısını almaq üçün qazın qiymətinin məhdudlaşdırılması ilə razılaşırlar.
Aİ-də dövri sədrlik edən Çexiyanın sənaye naziri Yozef Sikela deyib ki, onlar vətəndaşları artan enerji qiymətlərindən qoruyacaq mühüm razılaşma tapmağa müvəffəq olublar:
“Limit 15 fevral 2023-cü il tarixindən işə salına bilər. Müqavilə ölkələr tərəfindən rəsmi olaraq yazılı şəkildə təsdiqlənəcək və bundan sonra qüvvəyə minəcək”.
Narahatlıqları olmasına baxmayaraq, Almaniya sazişi dəstəkləməyib.
Almaniyanın iqtisadiyyat naziri və Baş nazirin müavini Robert Habek deyib ki, ölkəsində heç kəs qazın qiymətinin aşağı olmasının əleyhinə deyil:
“Amma ən yaxşı məramla işə ziyan vurmamaq üçün ehtiyatlı olmalıyıq”.
Aİ rəsmisi “Reuters”ə bildirib ki, Almaniya digər ölkələrin bərpa olunan enerji icazələrinin sürətləndirilməsi ilə bağlı başqa bir tənzimləmə təklifindən və sənədə daha güclü təhlükəsizlik tədbirləri əlavə edildikdən sonra qiymət həddi ilə razılaşıb.
Hazırda isə enerji və qaz qiymətlərinin yüksəlməsi bütün Avropadakı enerji şirkətlərini sarsıdıb.
Kommunal xidmətləri və treyderləri marja tələblərini ödəmək üçün hökumətlərdən və banklardan əlavə vəsait almağa məcbur edib.
İki Aİ rəsmisi bildirib ki, yalnız Macarıstan qiymət həddinin əleyhinə səs verib, Niderland və Avstriya isə bitərəf qalıb.
Hollandiyanın energetika naziri Rob Jetten deyib ki, son bir neçə həftə ərzində əldə edilən irəliləyişlərə baxmayaraq, bazar korreksiyası mexanizmi potensial olaraq təhlükəli olaraq qalır.
“Avropa enerji bazarında baş verən böyük pozuntulardan, maliyyə nəticələrindən və ən əsası, Avropanın təchizat təhlükəsizliyindən narahatam”, – o əlavə edib.
Rusiya Aİ-nin bu qərarını “bazar proseslərinə qəsd” adlandırıb.
Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Rusiya cavab tədbirlərinə əl atacaq.
Fevralın sonu Rusiyanın Ukraynaya müdaxiləsini Avropa İttifaqı ölkələri işğal adlandırıb. Bu baxımdan Rusiyaya müəyyən sanksiyalar tətbiq edib.
Rusiya isə qarşılığında Aİ-nin bir neçə ölkəsinə qazın nəqlini dayandırıb.
Bəzi ölkələr isə, məsələn, Polşa, Bolqarıstan, Finlandiya, Niderland və Danimarka Rusiya qazından özləri imtina ediblər.
Nəticədə Avropada enerji qiymətləri qalxıb və bu da rekord inflyasiyaya səbəb olub.
Uzun zamandır Aİ-yə üzv 15 ölkə, o cümlədən Belçika, Yunanıstan və Polşa ən yüksək qiymət həddinin 1 meqavat/saat üçün 200 avrodan aşağı olmasını tələb edirlər.
Polşanın Baş naziri Mateuş Moravetski bildirib ki, qiymət həddi Rusiya və “Gazprom”un bazarı pozmaq cəhdlərinə son qoyacaq.
Dekabrın əvvəllərində G7 ölkələri və Avstraliya tankerlərlə daşınan Rusiya neftinə ən yüksək qiymət həddi qoyublar – bir barel təxminən 60 dollardan baha ola bilməz.