Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında etimad yaranması prosesinə yardım etmək istəyir

Toyvo Klaar “Bakı sazişə Azərbaycanın ərazi bütövlüyü məsələsinin daxil edilməsində israr edir” sualına cavab verməkdən yayınıb və deyib ki, sazişin imzalanmasını gözləmək lazımdır

Source: Foto Turan IA


''İradə nümayiş olunarsa Azərbaycanla Aİ arasında sazişin imzalanmaması üçün səbəb görmürəm''

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycana gəlib.

Toyvo Klaar Bakı səfərinin məqsədinin Azərbaycan rəhbərliyi ilə görüşlər keçirmək, Qarabağ nizamlanmasının hazırki vəziyyəti, hakimiyyətin və vətəndaş cəmiyyətinin bu məsələ ilə bağlı mövqeyi ilə tanış olmaq olduğunu söyləyib.

O, bu barədə “Turan” agentliyinə danışıb.

Toyvo Klaar xatırladıb ki, Aİ Dağlıq Qarabağla bağlı danışıqların iştirakçısı deyil:

“Amma biz ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyirik, mənim rolum da bu səyləri dəstəkləməkdən ibarətdir”.

Toyvo Klaar prezident İlham Əliyevin ona hazırkı vəziyyəti necə qiymətləndirdiyini, hansı çağırışların, hansı imkanların olduğu barədə məlumat verdiyini bildirib:

“Bu ayın sonlarında Yerevana səfər etməyi və müzakirələri Ermənistan rəhbərliyi ilə davam etdirməyi planlaşdırıram”.

“İlham Əliyevlə görüşdə tərəflərin bir müddət əvvəl elan etdiyi humanitar addımların həyata keçirilməsi məsələsi müzakirə olunubmu” sualına Toyvo Klaar bu mövzuya toxunulduğunu deyib:

“Biz etimad və qarşılıqlı anlaşma tədbirlərini müzakirə etdik. Ümid edirəm ki, Bakıda və Yerevanda bu prosesin əhəmiyyətini dərk edirlər və mən prezidentdən və XİN başçısından Avropa İttifaqının bu prosesə necə yardım edə biləcəyini söyləmələrini xahiş etdim”.

“Avropa İttifaqı sülh prosesini necə dəstəkləyə bilər” sualına Brüssel nümayəndəsi xatırladıb ki, Aİ uzun illərdir vətəndaş cəmiyyətinə dəstək, əhalinin sülhə hazırlanması layihələrinə vəsait ayırır:

“Aİ-nin iki layihəsi var və onlardan biri – Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü bu yaxınlarda Tbilisidə keçirilib. Hamı başa düşür ki, ünsiyyət, əlaqə olmadan və bir-birini başa düşmədən sülh yolu ilə nizamlama mümkün deyil. Məhz buna görə ölkə liderləri bunun nə dərəcədə əhəmiyyətli olduğunu başa düşməlidirlər. Azərbaycan rəhbərliyi ilə bugünki görüşlərdən sonra məndə belə bir təəssürat yaranıb ki, bu cür anlaşma var”.

Diplomatın sözlərinə görə, Ermənistanın yeni hökuməti “açıq şəkildə” sülh yolu ilə nizamlamaya və konstruktiv dialoqa sadiqdir. Onun sözlərinə görə, Ermənistanın XİN başçısı və digər liderləri ilə bir sıra rəsmi və qeyri-rəsmi görüşlərin bağışladığı təsir belədir.

“Hamı konstruktiv əhval-ruhiyyədədirsə, 30 ildir niyə nizamlamada irəliləyiş yoxdur, sıçrayış olması üçün nə lazımdır” sualına Aİ nümayəndəsi cavab verib ki, istənilən münaqişə üçün həll tapmaq olar:

“Sıçrayış olması üçün tərəflər siyasi iradə nümayiş etdirməlidir. Bu, elə bir şeydir ki, onlara kənardan verilə bilməz”.

Toyvo Klaar Aİ və Azərbaycan arasında gələcək saziş barədə bildirib ki, sənədin mühüm siyasi hissəsi var və Bakının sazişin iqtisadi aspektlərlə məhdudlaşdırılmasında israr etdiyi haqqında iddialar həqiqətə uyğun deyil. O, tərəflərin sazişi imzalamağa “çox yaxın” olduğunu söyləyib və ticarət, digər aspektlərlə bağlı bir sıra razılaşdırılmamış məsələlərin qaldığını bildirib.

Amma təfsilatı açıqlamaqdan imtina edib.

Eyni zamanda, Toyvo Klaar “Bakı sazişə Azərbaycanın ərazi bütövlüyü məsələsinin daxil edilməsində israr edir” sualına cavab verməkdən yayınıb və deyib ki, sazişin imzalanmasını gözləmək lazımdır:

“Nə qədər ki, sazişin mətnini müzakirə edirik, onun təfsilatı ilə bağlı şərh vermək istəməzdim. Azərbaycan tərəfi sazişdə prioritetləri barədə kifayət qədər aydın danışır”.

Diplomat sazişin imzalanmasının bu qədər uzanması sualına da birmənalı cavab verməyib, sənədin kifayət qədər “mürəkkəb” olduğunu, onun siyasi, iqtisadi və digər hissələrdən ibarət olduğunu qeyd edib.

“İradə nümayiş olunarsa, bu sazişin imzalanmaması üçün səbəb görmürəm”, deyə o bildirib.

Toyvo Klaar deyib ki, Aİ üçün Azərbaycanda ifadə və mətbuat azadlığının möhkəmlənməsi prioritet məsələdir:

“Bütün tərəfdaşlarımızla müzakirələr zamanı bu azadlıqların təmin edilməsi zərurətini qaldırırıq və Azərbaycan istisna deyil”.

Ana səhifəXəbərlərAvropa İttifaqı Azərbaycanla Ermənistan arasında etimad yaranması prosesinə yardım etmək istəyir