”H.Məmmədov saxlanılan və polis idarəsinə aparılan zaman polis və mülki geyimli şəxslərin zorakılığına məruz qalıb”
Fevralın 4-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) “Tolışi sədo” qəzetinin redaktoru Hilal Məmmədovun şikayəti üzrə qərarını açıqlayıb.
Avropa Məhkəməsinin açıqladığı qərara görə, jurnalistin mühakiməsi zamanı onun qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamaq (Avropa Konvensiyasının 3-cü maddəsi) hüququnu pozub. H.Məmmədov həbsdə olarkən onun vəkili Xalid Bağırov vəkillikdən uzaqlaşdırılmışdı. Avropa Məhkəməsi jurnalistin vəkilsiz buraxılmasının onun fərdi şikayət vermək (Konvensiyanın 34-cü maddəsi) hüququnu pozduğunu da öz qərarında qeyd edib. Məhkəmə qərarına əsasən, Azərbaycan hökuməti jurnalistə mənəvi zərərə görə 13 min, hüquqi məsrəflərə görə isə 2500 euro ödəməlidir.
Qərarda qeyd olunur ki, 2012-ci ilin iyununda həbs edilmiş H.Məmmədov saxlanılan və polis idarəsinə aparılan zaman polis və mülki geyimli şəxslərin zorakılığına məruz qalıb. Onlar H.Məmmədovun etnik mənsubiyyətini təhqir ediblər.
H.Məmmədov 2013-cü il sentyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində 5 il azadlıqdan məhrum edilib. O, narkotik maddə alveri, dövlətə xəyanət və milli ədavətin qızışdırılmasında ittiham olunub.
Jurnalist Avropa Məhkəməsinə şikayətində Avropa Konvensiyasının 3-cü, 5-ci və 34-cü maddəsi ilə qorunan hüququnun pozuntusunun tanınmasını, dəymiş zərərin ədalətli əvəzinin kompensasiya edilməsini tələb edirdi.
“Amnesty İnternational” H.Məmmədov “vicdan məhbusu” kimi tanıyıb.