Avropa Böhranı: Polşa seçkiləri revanş kimi

Sağ artıq legitim şəkildə Avropaya qayıtmaqdadır

Source:
43 yaşlı Andrzej Duda, Polşanın yeni prezidenti
43 yaşlı Andrzej Duda, Polşanın yeni prezidenti

Bir qədər öncə Polşadakı prezident seçkilərində diqqəti cəlb edəcək hadisələr baş verdi. Seçkinin ikinci turunda (24 may) konservativ “Qanun və Ədalət Partiyası”nın (

Prawo i Sprawiedliwość

) sədri Andrzej Duda qalib gəldi. Beləliklə, Polşada təyyarə qəzasından sonra, 2010-cu ildən hakimiyyətdə olmuş hazırkı prezident Bronisław Komorowski seçkiləri uduzdu. Bunu eyni zamanda onun bir zamanlar (prezidentliyə qədər) təmsil olunduğu və kifayət qədər liberal mövqelərdə duran „Vətəndaş platforması” (

Platforma Obywatelska

) partiyasının məğlubiyyəti hesab etmək olar.

Əlbəttə, hansısa Avropa ölkəsində həqiqi seçkilərin keçirilməsinin və burada hansısa siyasətçinin o ölkənin hazırkı prezidentinə qalib gəlməsi faktının özü bizim üçün „1001 gecə” nağıllarından da artıq bir olaydır, bu haqda nə qədər yazılsa da – Cəfər Cabbarlının məşhur pyesində deyildiyi kimi:

„Dəryalar mürəkkəb olsa, meşələr qələm, Mollalar yazdıqca dərdim var mənim.”

– bəs etməz, lakin indi başqa mövzudan bəhs edəcəyik.

Məsələ burasındadır ki, Polşada sağyönümlü bu partiyanın (

Prawo i Sprawiedliwość

) liderinin prezident seçilməsilə məsələ bitmir, bu partiyanın həm də payızda keçiriləcək parlament seçkilərində də çoxluğa nail olması realdır. Bu halda isə Polşa hökümətini yenidən keçmiş baş nazir Jarosław Kaczyński – 2010-cu ildə Smolensk üzərində təyyarəsi partlamış eks-prezident Lech Kaczyńskinin əkiz qardaşı təmsil edə bilər. Sağların Polşada revanşı çox real görünür.

Beləlliklə, Şərqi Avropanın bəlkə də ən vacib ölkəsi olan Polşada yenidən konservatorların tam qalibiyyəti gözlənilir və bu qalibiyyətə görə onlar şübhəsiz ki, Putinə və onun son illərdəki müstəsna aqressiv siyasətinə borcludurlar. Qeyd etdiyimiz kimi, tarixi olaraq bu regionda ən vacib ölkə olan Polşada Rusiyaya qarşı tam əsaslı olaraq çox narahat-ehtiyatlı mövqe var.

Polşanın iki dəfə dünyanın siyasi xəritəsindən, ümumiyyətlə, silinməsində müstəsna rolu olmuş Rusiya, bu ölkəni sonuncu dəfə 1939-cu ilin sentyabrında faşist Almaniyası ilə bir yerdə işğal edərək, İkinci Dünya Müharibəsini başlamışdı. Doğrudur, bunda Polşanın özünün də günahı az deyildi, o özü də bundan bir az öncə Çexoslovakiyanın Teşino (

Těšínsko

) bölgəsini ələ keçirərək, bu ölkənin bölünməsində Hitlerlə bir yerdə iştirak etmişdi. Çexiya ilə daim mübahisə mövzusu olan bu regionu əla keçirmək üçün şeytanın özü ilə əlaqəyə girən Polşa o zaman bunun bədəlini, karmik mənada çox ağır ödədi. İkinci Dünya Müharibəsinin nəticəsində ağlasığmaz bir iş baş verdi – dünya siyasi xəritəsində bütov bir dövlət, yəni Polşa, məğlub edilmiş Almaniyanın hesabına 200 km. qərbə doğru sürüşdürüldü. Çünki Sovetlər İttifaqı 39-un payızında işğal etdiyi əraziləri geri qaytarmağı heç düşünmürdü də. Bundan başqa, Polşa elitasının bu kiçik zaman kəsiyində iki dəfə köklü məhvi (1940-cı ildəki məlum Katın cinayəti və 1944-cü ilin avqustunda faşistlərə qarşı qaldırılmış Varşava üsyanı zamanı sovet ordusunun bilərəkdən gözləmə mövqeyi) bu xalqın şüurunda Rusiya ilə bağlı az qala silinməz izlər buraxmışdır.

Bütün yuxarıda sadalanlardan başqa, 2010-cu ildə prezident Lech Kaczyński’nin az qala bütün Polşa siyasi elitası ilə bir yerdə təyyarə qəzasına uğraması bu ölkədə birmənalı olaraq Rusiya xüsusi xidmətlərinin terror aktı kimi qiymətləndirilir. Buna da sonrakı Ukrayna hadisələri (daha doğrusu, orada Malayziya uçağının vurulması olayı) daha çox əminlik gətirdi. Əgər o zaman baş vermiş faciənin detallarını diqqətlə izləsək, buna demək olar ki, tam əsasla inanmaq mümkündür. Bu haqda o zaman

yazmışdım

.

Əgər Krımın işğalı və Ukraynanın müharibəyə cəlb edilərək, bölünməsi prosesi, bundan başqa, Rusiyanın son bir ildə Avropanı açıq-aşkar təhdidi cəhdləri başlanmasaydı, bir çox sosial problemi olan Polşa kimi ölkədə, konservator Andrzej Duda çətin ki, qalib gələydi. Putin ideoloqları son illər „suveren demokratiya” klişesini buraxıb illuzor-mifik “Rus dünyası” (“Русский мир”) yaratmaqla məşğul idilər. Nəticədə Rusiyaya nisbətən yumşaq yanaşan Komarovskinin yerinə mühafizəkar Dudanı aldılar və bu da özünü xarici siyasətdə həmən büruzə verəcək. Nəzərə alsaq ki, Rusiyaya qarşı daha aqressiv olacağı gözlənilən bu siyasət, Baltik ölkələri ilə paralel olaraq və NATO çətiri altında ediləcək, məsələ daha da qəlizləşir.

Ukraynada davam edən müharibə və Azərbaycanın Avropaya inteqrasiya prosesindən faktiki imtinası fonunda Şərqi Avropadakı bu proseslər olduqca maraqlıdır. Polşa Azərbaycanın Avropa İttifaqı Şərq tərəfdaşlığı proqramı çərçivəsində inteqrasiyasına cəhd edən ən başlıca ölkələrdən biri idi, prezident Kaczyński bu məqsədlə 2007-ci ildə Azərbaycana səfər də etmişdi. O zaman bu məsələyə böyük ümidlər var idi. İndi isə Ukraynanın faktiki işğalı fonunda, gələcək, bizim ölkənin də taleyinə yaxşı heç bir şey vəd edilmir. Lakin bu proseslər Rusiyanın özünə də yaxşı heç nə vəd etmir. Ukraynanın şərqindəki atəşkəs bu günlərdə bir daha pozularaq oradakı konfliktin mexanizmli bomba xarakterini yenidən sübut etdi.

Əslində bu proseslərdə, səthi baxılmasa, çox ciddi bir qanunauyğunluq var. Avropada XX əsr əsil sol əsri, sosial rifahlar əsri oldu. 1945-də radikal sağın, ümumiyyətlə, konservatizmin bir fəlsəfə kimi kökündən ağır zərbə alması bunu nəticələndirdi. Əgər Şərqi Avropada bu sovetlərin təsiri nəticəsində qarşısıalınmaz bir proses idisə, Qərbi Avropada bu sadəcə zərurətə çevrilmişdi. Çünki „Köhnə dünya”da, yəni kontinental Avropada 1945-ci ildən sonra sağların obrazı çox birmənalı idi. Əgər Almaniya və onun müttəfiqlərinin ölkələrində (Avstriya, İtaliya, Finlandiya, Macarıstan, Rumıniya və s.) bu obraz məğlubların və ölkəni fəlakətə sürükləmiş cinayətkarların obrazı idisə, tutalım Fransa (marşal Peten və onun Vişi [Vichy] rejimi), Belçika (bu ölkənin faşist partiyası Parti Rexiste və onun lideri Léon Degrelle) və ya Norveçdə (1940-cı ildə almanların işğalı ilə bərqərar olmuş „Milli Birlik” [Nasjonal Samling] partiyasının føreri [norveç dilində bu elə führer deməkdir], bədnam Vidkun Quisling hakimiyyəti) çox sadəcə – satqın adlanırdı. Çünki bu ölkələrdəki bütün millətçilər alman nasistlərində siyasi tərəfdarlarını taparaq, onlarla iş birliyinə – kollaborasionizmə getmişdilər və bu zaman öz ölkələrinin işğalı onların vecinə deyildi. Nəticə qanunauyğun oldu – bu ölkələrdə sağlar (təbii olaraq bir satqın kimi) bütün XX əsr boyu çox-çox zəif mövqelərdə durdular, toplumda onların böyük siyasətə gəlişinə sanki qeyri-rəsmi olaraq qadağa qoyuldu.

Bütün bu dövr ərzində isə Avropada cəmiyyətlər çox dərin açılımlara getdi, bir çox konservativ dəyərlər yenildi, bu hətta linqvistik mənalara kimi yeridi. Məhz bu zaman kəsiyində feminist xanımların tələbi ilə ilk öncə alman dilində

freulein

və və sonra müvafiq olaraq fransızcada

mademoiselle

kəlmələrinin işlənməsinə qadağaya qədər gedildi. Bu mənada Avropada ən böyük təkan isə şübhəsiz ki, 1968-ci ilin Paris baharı oldu.

Beləcə Avropada sağlar bir də yalnız XX əsrin sonunda, SSRİ-də Qorbaçov islahatlarının təsiri nəticəsində radikal dəyişiklərindən sonra başlarını qaldırmağa cəsarət etdilər. Əgər nasismin beşiyi olan Almaniya və Avstriyada bu özünü dərin marginal „Almaniyanın Milli-Demokrat Partiyası” (

Nationaldemokratische Partei Deutschland

) və „Avstriyanın Azadlıq Partiyası” (

Frei Partei Österreich

) qismində büruzə verirsə və onların əvvəlki tək böyük siyasətə gəlişi mümkünsüzdürsə, Fransada, əsası 1972-ci ildə tamamilə marginal radikal-sağ baxışlara malik Jean-Marie Le Pen tərəfindən qoyulmuş „Milli Cəbhə” (Front National) partiyasının iddiaları hazırda daha ciddidir. Bu partiyanın hazırkı lideri, xanım Marine Le Pen özünü və partiyanı cəmiyyətə daha respektabel göstərmək üçün obrazı və ritorikanı dəyişib, hətta cəmiyyətdə odioz fiqur sayılan atasını belə partiyadan uzaqlaşdırıb. Avropanın bu başlıca ölkəsində Polşa təkin sağların revanşı reallıqdır və bu, yalnız Fransada olmayacaq. Sağ artıq legitim şəkildə Avropaya qayıtmaqdadır. Bu mənada XXI əsri növbəti sosial rifahlar əsri adlandıra bilməyəcəyik və çağdaş Avropa çətin ki, hazırkı böhranı uğurla dəf etsin.

Bütün bu proseslərdə qeyd etdiyimiz kimi Putin Rusiyasının dərin təsiri və rolu danılmazdır. Son bir il ərzində Avropanın ən böyük qonşusunun dövlət rəsmilərinin və rəsmi mediasının az qala faşist ritorikasına keçməsi, cəmiyyətdə ən odioz fiqurların (quldur Kadırov, motosikletçi Zaldostanov, aqressiv klerikallar və s.) ən yuxarı başda uğur modelinə çevrilməsi Avropaya da təsirsiz ötüşə bilməzdi. Rusiyada hazırkı durum nə qədər ağlagəlməz və paradoksal xarakter alsa da, bunun hansısa qanunauyğunluğunu görmək mümkündür. Az qala bütün XX əsrini radikal solun repressiyaları altında keçirən bu cəmiyyətin qəlbi üçün şovinist ritorika dərman kimi gəlirsə, Putinin varisi kimi Kadırovun fiquru da artıq üfüqlərdə peyda olmaqdadır. Azərbaycanın isə bu vəziyyətdə böyük şimal qonşusundan nə zaman və nə kimi zərbə ala biləcəyini bir kimsə söyləyə bilməz.

“Persona non grata” filmi (2005), rejissor Krzysztof Zanussi, baş rollarda Zbigniew Zapasiewicz və Nikita Mixalkov
”Persona non grata” filmi (2005), rejissor Krzysztof Zanussi, baş rollarda Zbigniew Zapasiewicz və Nikita Mixalkov

Böhran sözünü işlədərkən bizim ölkədən yan keçmək olmaz. Şəxsiyyəti və hərtərəfli intellektinə ehtiram bəslədiyim Toğrul Cuvarlı isə çox öncələr, şəxsi söhbətimizdə bizim ölkənin gələcəyi və baş verənlərin nəticəsi kimi qaçılmaz böhran haqda danışarkən, „2016” rəqəmini işlətmişdi. O zamanlar deyilənlər nə qədər inandırıcı görünməsə də, indi deyəsən yavaş-yavaş reallığa çevrilir. Məşhur lətifədə deyildiyi kimi, „…çetindü”.

P.S. Maraqlıdır ki, keçmiş KGB rezidenti, bir çox tarixi romanların və faktiki alternativ sovet tarixinin müəllifi, Viktor Suvorov, Putinin 23 iyul 2015-ci ilə kimi hakimiyyətdə qala biləcəyi anonsunu vermişdi. Əgər həqiqətən belədirsə, o zaman bu vaxta cəmi 46 gün qalır.

P.P.S. Yeri gəlmişkən, çox mürəkkəb olan Rusiya-Polşa münasibətlərinə, son illərdə çəkilmiş iki film – görkəmli polyak rejissoru Krzysztof Zanussi’nin 2005-ci ildə lentə aldığı „

Persona non grata”

və dünyada layiqli yerini tutmuş müasir Polşa kinosunun patriarxı Andrzej Wajda tərəfindən 2007-ci ildə çəkilmiş

„Katyń”

tarixi epopeyası qismən aydınlıq gətirə bilər. Əgər birinci filmdə polyak-rus münasibətləri diplomatik və insani ünsiyyət mənasında verilmişdisə, ikinci filmdə bunlar faciəvi tarixi-ictimai konteksdə canlandırılır. Qonşuları ilə olan dərin tarixi-ictimai və hətta bəzən mədəni xarakter alan konfliktin həll məsələləri baxımından bu filmlərdə verilmiş təqdimat, şübhəsiz ki, bizim üçün də vacibdir.

Ana səhifəXəbərlərAvropa Böhranı: Polşa seçkiləri revanş kimi