“Avropa Birliyi ilə Azərbaycan arasında münasibətlərdə yeni bir dinamika var”

Yazar: Emil Məmmədli

Avropa komissarı Bakıda, foto: president.az

Ekspertlər avrokomissarların Bakı səfərini pozitiv sayır 

Avrokomissarların fevralın 4-də Bakıya səfəri ötən həftənin yaddaqalan siyasi hadisələrindən oldu. Səfərin əsas məqsədinin Cənub Qaz Dəhlizi məşvərətçi şurasının iclası olmasına baxmayaraq, gündəlikdə olan iqtisadi məsələlərin – Azərbaycan qazının Avropaya nəqli – siyasi proseslərə birbaşa təsirini inkar etmək olmaz. Avrokomissarların bəyanatları səfərin daha çox siyasi motivli olmasına deməyə imkan verir. Belə ki, avrokomissarlar Azərbaycanı Avropa İttifaqının qaz təchizatı baxımından strateji partnyor olmasını bəyan etdilər, investisiya proqramı çərçivəsində Azərbaycana 2 milyard avro yatırım ediləcəyini qeyd etdilər. Azərbaycan tərəfi isə Aİ ilə yeni sazişin il ərzində başa çata biləcəyini bildirdilər. Qeyd etmək lazımdır ki, İkinci Qarabağ müharibəsindən sonra tərəflər arasında münasibətlər kəskin soyuq idi və Aİ Azərbaycanın ali rəhbərliyi tərəfindən tənqidlərə məruz qalmışdı. Bir sıra ekspertlər nəticələrin gözlənilməz olduğunu bildirdilər və iki tərəf arasında münasibətlərdə yeni səhifənin açıla biləcəyini ehtiyatla vurğuladılar.

“Tərəflər arasında yeni səhifənin açıldığını düşünmək tələsik yanaşma olar”

Mövzunu Meydan TV üçün şərh edən insan hüquqları fəalı, seçkilər və ictimai idarəetmə üzrə ekspert Anar Məmmədli qeyd edib ki, səfərin yekunları baxımından əsas diqqət çəkən məqam Avropa Birliyi ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıqla bağlı münasibətlərin, enerji əməkdaşlığı sahəsində yeni bir dinamikanın yaranmasıdır.

“Bununla yanaşı Azərbaycan tərəfinin bir neçə mövzuyla bağlı uzun müddətdir dilə gətirdiyi məsələlər də Avropa Birliyi rəsmiləri tərəfindən dəstək qazandı. Söhbət regionda sabitliyin qorunması ilə bağlı Azərbaycan-Ermənistan arasında sərhədlərin müəyyənləşməsi, atəşkəs rejiminə riayət olunması kimi məsələlərə dəstəkdən gedir”.   

Bununla belə, Anar Məmmədli hesab edir ki, tərəflər arasında yeni səhifənin açıldığını düşünmək tələsik yanaşma olar.

“Çünki Avropa Birliyi ilə Azərbaycan arasında münasibətlər çoxşaxəlidir. Yəni, Avropa Birliyinin Azərbaycanda müəyyən investisiya layihələri üçün maliyyə ayırması, qaz ixracı ilə bağlı “yaşıl işıq”ın yanması, həm də Azərbaycanın enerji sektorunda Avropa ölkələrinin xarici istehlakçı olması ilə yanaşı Bakı ilə Brüssel arasında həllini gözləyən vacib məsələlər var. Onlardan biri də Strateji Tərəfdaşlıqla bağlı sazişin imzalanmasıdır. Saziş uzun illərdir yubanır”. 

Azərbaycan tərəfinin saziş üzərinə işin ilin sonuna qədər başa çata biləcəyi bəyanatını şərh edən Anar Məmmədli vurğulayıb ki, onun imzalanması hələ tez bir zamanda ratifikasiya olunması demək deyil. Onun fikrincə, bu, uzun bir müddət ala bilər.

Nümunə kimi Ermənistanı göstərən ekspert qeyd edib ki, orada ratifikasiya dörd ildən sonra oldu:

“Eyni şey Azərbaycanla da bağlı baş verə bilər. Bu sənəd 2022-ci ildə imzalansa belə, onun Avropa Birliyinin bütün ölkələri tərəfindən təsdiqlənməsi, eyni zamanda, Avropa Parlamenti tərəfindən təsdiqinin qazanmasına ehtiyac yaranacaq”.

Anar Məmmədli
Anar Məmmədli, Foto: Meydan TV

Anar Məmmədlinin fikrincə, belə bir situasiya yaransa belə, Azərbaycandan olan gözləntilər sırasında daxili siyasətdə bir sıra problemlərin həllinə ehtiyac yaranacaq:

“Söhbət siyasi azadlıqlara münasibətin dəyişməsindən və siyasi məhbusların azadlığından gedir. Ümumiyyətlə, brifinqlər zamanı bu məsələlərə toxunulmasa da, vətəndaş cəmiyyəti təşkilatlarıyla görüşdə Avropa Komissiyasının nümayəndələri bildirdilər ki, onlar siyasi problemləri qaldırırlar. Xüsusilə də “Media haqqında” Qanunla bağlı narahatlıqlarını bölüşüblər. Yəni bu sahədə problemlər də həllini tapmadıqca, sazişin imzalanması, ratifikasiya olunmasıyla bağlı hər şeyin hamar gedəcəyini, rahatlıqla baş verəcəyini söyləmək tez olardı”.

“Azərbaycan tərəfi Rusiyanın bölgədə basqılarını müəyyən dərəcədə balanslaşdırmağa çalışır”

Respublikaçı Alternativ Partiyasının (ReAL) Siyasi Komitəsinin üzvü, iqtisadçı Natiq Cəfərli də səfərin nəticələrini pozitiv kimi qiymətləndirib.

“Həm enerji, həm ikitərəfli münasibətlərin daha üst səviyyəyə çıxarılmasında müqavilənin bağlanmasına yönəlik pozitiv açıqlamalar, həm də Azərbaycana ayrılacaq müxtəlif layihələr çərçivəsində böyük miqdarda vəsaitin olması danışıqların uğurla keçməsindən xəbər verir. Hər iki tərəfin açıqlamalarından belə nəticəyə gəlmək olar ki, bu il nəhayət ki, Bakıyla Brüssel arasında xüsusi bir ikitərəfli strateji sazişin imzalanması mümkündür. Ən azından görüşlərdən sonra verilən bəyanatlar bunu deməyə əsas yaradır”, – Natiq Cəfərli deyib. 

Yeni müqavilənin ilin sonuna qədər imzalanmasının mümkünlüyünü şərh edən partiya fəalının sözlərinə görə, bir sıra insanlarda yanlış təsəvvür var ki, guya insan haqları, azadlıqlarla bağlı uzlaşdırma alınmır:

“Amma elə deyil. Azərbaycan hökuməti bu sahədə daha rahat öhdəliklər götürür, sonra yerinə yetirmir. 2001-ci ildə Avropa Şurasına üzv olanda da belə olmuşdu. Guya bu dəfə də məsələnin ilişən nöqtəsi bunlardır. Əsasən Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü, ticarət anlaşmaları və açıq hava məkanı məsələləri düyün nöqtəsinə çevrilmişdi”.

Onun fikrincə, çox güman ki, bu dəfə ortaq məxrəcə gəlmək mümkün olub.

“Yəqin sadaladığın hər üç məsələdə tərəflər arasında müəyyən güzəştlər olub. Ona görə də biz çox arzulayardıq ilin sonuna qədər belə bir müqavilənin imzalanması mümkün olsun, şansı da yüksəkdir”.

Belə bir yaxınlaşmanın Azərbaycan tərəfindən Rusiyanın bölgədə olan nüfuzunu neytrallaşdırmaq cəhdi kimi qiymətləndirilməsi barədə sualı cavablandıran Anar Məmmədli qeyd edib ki, bölgədə maliyyə donoru olmasına baxmayaraq, Avropa Birliyi bölgədə geopolitik oyunçu kimi elə də aktiv deyil:

“Konkret olaraq, Avropa Birliyi Azərbaycanla müqayisədə Gürcüstanda daha fəaldır və siyasi institut kimi çıxış edə bilir. Avropa Birliyinin Azərbaycanda siyasi institut və siyasi oyunçu kimi aktivləşəcəyini, maliyyə donorundan siyasi oyunçuya, instituta çevriləcəyini yaxın illərdə gözləmək çox çətindir. Bu baxımdan Rusiyanı bölgədə neytrallaşdıracaq bir geopolitik oyunçu kimi Avropa Birliyinə yanaşmaq yersiz olardı”.

O hesab edir ki, hələlik regionda əsas geopolitik oyunçu kimi Türkiyə və ABŞ Rusiyanı neytrallaşdırmaqda daha öndədir, nəinki Avropa Birliyi. 

Natiq Cəfərli
Natiq Cəfərli, Foto: Meydan TV

Natiq Cəfərli də vurğulayıb, Azərbaycan tərəfi anlayır ki, Rusiya bölgədə, son zamanlar da qonşularına qarşı artan aqressiv davranışları müəyyən dəngə qurmaq lüzumunu daha da artırır:

“Yəni, bir tərəfdən böyük basqı olarkən, digər tərəfdən balans yaratmaq, yaxud basqını müəyyən dərəcədə neytrallaşdırmaq üçün de-fakto və de-yure ittifaqların gücləndirilməsi lazımdır. Azərbaycan tərəfi də çalışır ki, bu basqıları müəyyən dərəcədə balanslaşdırsın. Bakı bu gedişatda Rusiyanın təsirlərini müəyyən dərəcədə neytrallaşdırmaq üçün həm Türkiyə, həm Böyük Britaniya və həm də Avropa Birliyi faktorundan istifadə edir. Yəni, istiqamət olaraq doğrudur”.

Avropaya qaz təhcizatı baxımından Azərbaycan Rusiyanın rəqibi deyil”

Bununla paralel olaraq, hər iki ekspert Azərbaycan qazının Avropa Birliyinə nəqli ilə bağlı məsələlərdə Rusiya ilə maraq toqquşmasının mümkünsüzlüyünü vurğulayıblar.

Anar Məmmədli qeyd edib ki, Azərbaycanın Avropa qaz istehlakında payı çox aşağı olduğundan bu məsələdə Rusiya ilə rəqib ölkə deyil: 

“Azərbaycan Avropanın cənubunda bəzi ölkələrinin qaz ehtiyaclarının qismən ödənilməsində iştirak edir. Bir alternativ kimi Azərbaycan təbii ki, əhəmiyyət kəsb edir. Amma Türkmənistan qazı da bizim ərazidən Avropaya ixrac olunsa, yaxud Tehranla problemlər həll olunduqdan sonra İran qazı da burdan ixrac olunsa, o zaman Azərbaycanın əhəmiyyəti arta bilər”.

Natiq Cəfərli öz növbəsində vurğulayıb ki, Avropa Birliyinin ümumilikdə 510 milyard kubmetr qaza tələbatı var, 2021-ci ildə isə Rusiyanın Avropa Birliyinə qaz ixracı 178 milyard kubmetr olub.

“Tələbatın üçdə birindən çoxunu Rusiya verir. Təbii ki, Avropa alternativ qaz mənbələri axtarır. Azərbaycanın öz qazını Avropaya nəql etmə potensialı 10-11 milyard kubmetrdən çox deyil. Bunu Rusiya da bilir. Yəni Azərbaycan həcm olaraq rəqib deyil. Amma alternativ xətt kimi gələcəkdə başqa ölkələrin qoşulmasını nəzərə alaraq bu xəttin 30-35 milyard kubmetrə çatması mümkündür. Təbii ki, bu gedişat Rusiyanı yumşaq desək, məmnun etmir. Ancaq anlayır ki, Rusiya qazının Avropa bazarında əvəz etsək, bu, Azərbaycan və onun moderator olduğu layihələrdə mümkün deyil”.

Ana səhifəSiyasət“Avropa Birliyi ilə Azərbaycan arasında münasibətlərdə yeni bir dinamika var”