”Avqustda duman” və kültürəl relyativizm

Nasistlər haqqında çoxlu maraqlı və təsirli filmlər var

Source:

Nasistlər haqqında çoxlu maraqlı və təsirli filmlər var. Bunlardan biri də çox da tanınmayan “Avqustda duman” filmidir. Film Hitlerin T4 proqramı haqqındadır. Bu proqram psixi, fiziki çatışmazlıqları olan, “sağalmaz” hesab edilən xəstələrin qeyri-iradi evtanaziyası barədə idi. Yəni onları kütləvi şəkildə öldürürdülər.

Hannah Arendt yazır ki, bu proqram ilk 50 min nəfər öldürüləndən sonra etirazlar baş verdiyinə görə bu qədər açıq aparılmadı və qətliam şərqdə davam etdirildi (ümumiyyətlə, nasistlər qaz kameralarını adətən Şərqdə – Polşada və daha şərqi torpaqlarda qururdular. Almanların əksəriyyətinə qırğınlar barədə bildirilmirdi, əksinə “əmək düşərgələri”ndə kölələrlə çox yaxşı rəftar edildiyi barədə uydurma kadrlar göstərilirdi).

“Avqustda duman” filmində, el dilində desək, bir “dəlixana” təsvir edilir. Ora psixi xəstə olan və olmayan, T4 proqramının təsiri altına düşən insanları yığmışdılar. Mütəmadi olaraq “yerdəyişmə” adı altında bir hissəsini aparıb qaz kameralarında boğurdular.

Baş qəhrəman – real tarixi şəxsiyyət olan Ernst Lasso əqli cəhətdən sağlamlığı qaydasında olan, amma “asosial, oğru” kimi xarakterizə olunduğuna görə bu qətliam siyahısına düşmüş 15 yaşlı uşaqdır.

Ernst bu dəhşətli qırğının əleyhinə çıxan tibb bacısı və bir dostu ilə öz qısamüddətli, kiçik görünən, amma böyük mübarizəsini aparır. Bu tibb bacısı surəti (Sofiya) çox maraqlı seçilib filmdə. O, dini bir sektanın üzvüdür. Tabe olduğu müqəddəs ata ona göstəriş verir ki, baş verən qırğınlara dözərək, işini davam etdirməli, bacardığı qədər çox uşağı xilas etməlidir.

Xəstəxanada qətliamın əsas təşkilatçısı olan baş həkim proqramın sona çatmasını elan edəndə Sofiya sevinir.

Amma sonradan bunun yalan məlumat olduğunu, əslində qətllərin artıq qaz kameralarında yox, elə xəstəxanadaca həyata keçiriləcəyini öyrənəndə baş həkimə etiraz edir – “Sizin fürerdən yuxarıda bir ali qüvvə var”. Din və elm (tibb) qarşılaşdırılmasında din humanizmin mövqeyini təmsil edir.

Bundan başqa, Sofiya rolunu o qədər də gözəl olmayan aktrisa canlandırır. Amma xəstəxanaya sonradan gələn, cəllad rolunu oynayan, uşaqları aldadaraq, ard-arda zəhərləyən başqa tibb bacısı isə seksi, gözəl təsvir edilir. Filmin çatdırmaq istədiyi fikir əladır – “İçinin gözəlliyi üzünə vurub”, “O qədər yaxşı adamdır ki, üzündən görünür” və s. kimi ifadələrdə “Eybəcər olanın içi də xarabdır”, “Yaxşı adam olsa idi, üzünə baxan kimi bilərdik” kimi, əslində açıq ifadə edilməyən rasist yanaşmaya etiraz edilir.

Filmdə mənim ən çox diqqətimi çəkən isə baş həkimin və digər cəlladların davranışlarıdır. Çox mədəni, nəzakətli, mehriban, həlim insanlardılar. Baş həkim uşaqlarla oynayır, onları qucaqlayır, gəzə bilməyən uşaqları gəzməyə həvəsləndirir və… baxır, görək, hansı uşaqda inkişaf var. Kimdə inkişaf yoxdusa, onu ölümə göndərir.

Çox sakit, gülərüz, mehriban, mədəni, centlmencəsinə…

Vaxtilə avropalılar qul alveri ilə məşğul olanda da eyni mənzərə idi. Orta əsrlərin viktorian üslüblu, aşırı nəzakətli, yanındakı xanımın paltarına toxunanda 100 dəfə üzr istəyən cənabları qul saxlayırdılar, kölələri zorlayırdılar, soyqırım həyata keçirirdilər, insanları ölənə qədər döyürdülər, işgəncə verirdilər…

ABŞ-ın atalar-banilər adlandırılan təsisçiləri möhtəşəm bir dəyərlər sistemi yaradıblar. İnsan hüquq və azadlıqlarının məhdudlaşdırıması üzərində akademik müzakirələr aparıblar, xırda məhdudlaşdırmaya xeyli davam edən etirazlar bildiriblər… Amma eyni zamanda qul saxlayıblar.

Alman xalqının başına gələnlər “xalq” anlayışının nə qədər süni, əsassız olmasını göstərir. Hər hansı xalqın xüsusiyyətinin, nəyəsə meylli olmasının blef olmasını sübut edir. 1890-cı ildə doğulub 105 il yaşamış bir alman təsəvvür edin. O, I Dünya Müharibəsində imperator II Vilhelmi sevərək döyüşür. Üstündən 4 il keçəndən sonra başa düşür ki, Vilhelm əclafın biri idi, sən demə, demokratiya lazım imiş. Vaymar respublikasının uğursuzluqlarından sonra inanır ki, yox, demokratiya da boş şeydir, millətçilik lazımdır. 1933-dən sonra inanır ki, yəhudilər bütün pisliklərin səbəbidir, fürer nə desə, həqiqətdir. 1945-də başa düşür ki, Hitler əclafın biri idi, insan hüquq və azadlıqları əsasdır. Əgər bu alman Şərqdəndirsə, 1991-də bir daha fikir dəyişir. Cəmi bir insanın ömründə inamın bu qədər kardinal dəyişiklikləri necə olur? Həm də bu, 1 nəfərə aid deyil, alman xalqnın 90 faizinə aiddir. Həm də tək alman xalqına aid deyil, hamıya aiddir.

Zveyq yazır ki, I Dünya Müharibəsində İtaliya Almaniyanın müttəfiqi olarkən, genetiklər italyan və alman genlərinin yaxınlığı, fransız və ingilis genlərinin onlara yad olması barədə yazırdılar. 1916-cı ildə İtaliya Almaniyaya müharibə elan edəndə eyni həvəslə yazmağa başladılar ki, italyan genləri alman genlərinə heç cür uyğun gəlmir.

Kütlədən hər nə desən, düzəltməyin mümkün olduğunu nasizmdən yaxşı göstərən bir şey olmaz yəqin. Hələ də hansısa xalqın nəyəsə layiq olub-olmadığından danışan, mədəni (kültürəl) relyativizmi ağına-bozuna baxmadan müdafiə edən insanlar var. Demək ki, belə filmlər hələ çəkilməlidir ki, hamı dərs çıxarda bilsin.



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim Fikrimcə”Avqustda duman” və kültürəl relyativizm