Zelenski vətəndaşlara birgə qalib gələcəklərini dedi
Donetsk vilayətinin Avdeyevka şəhərinin Rusiya ordusu tərəfindən işğal olunduğu bildirilir.
Bu barədə fevralın 19-da Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski fevralın 17-də ukraynalı bölmələrin bir neçə aylıq şiddətli rus hücumlarından sonra mühasirəyə düşməmək üçün Avdeyevknı tərk etdiklərini açıqlayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski vətəndaşlara müraciətində deyib ki, bu müharibədə yalnız birlikdə qalib gəlmək olar.
“Yalnız Ukrayna Putini dayandıra və onun törətdiyi bütün pisliklərə görə cəzalandırılmasına şərait yarada bilər. Amma Ukrayna bu uğura nail olmaq üçün tək qalmamalıdır”, – deyə Zelenski bildirib.
Prezident Co Bayden fevralın 17-də Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edərək ABŞ-dan maliyyənin çatacağına əmin olduğunu deyib.
Jurnalistlərin: “Ukrayna daha çox ərazi itirməmiş bu yardımla bağlı razılaşmanın əldə olunacağına əminsinizmi?” – sualına ABŞ Prezidenti belə cavab verib: “Əmin deyiləm”.
Son dörd ay ərzində Avdeyevka Rusiyadan hər gün üç istiqamətdən atəşə tutulur.
Şəhər Rusiyadan uzaqda, ölkənin daxili bölgələrində Ukrayna mövqelərinin qalası sayılır.
Rusiya 2014-cü ildə Ukraynaya ilk dəfə girəndən bəri cəbhə xəttində xəndəklər və tunellər labirintindən ibarət möhkəmləndirilmiş yaşayış məntəqəsi daha qərbdə yerləşən əhəmiyyətli – daha az möhkəmləndirilmiş – logistika qovşaqlarının qorunmasına xidmət edib.
Müharibənin xronikası
2022-cil il Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.
Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.
Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.
600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib.
Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.
2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.
Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.
2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.
2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.
Sentyabrın 23-dən 27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.
Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.
Ukrayna və Qərb ölkələri isə referendumu saxta adlandırıb.