Bir Qərb mütəfəkkiri təxminən belə deyib: “Osvensimdən sonra sevgi şeiri yazmaq olmaz”.
Nasistlərin ölüm düşərgələri barədə çox adlar eşitmişik – Osventsim, Auşvits (Auschwitz), Bergen-Belsen və sair.Yəqin Auşvits (Auschwitz) sözünün dəhşəti daha çoxdur. Bir neçə gün qabaq səbəbini bildim…
Auşvitsdə 1,3 milyon insan olub, onların 1,1 milyonu öldürülüb ki, bunların da 90 faizi yəhudilər imiş. Yəni Holokost qurbanlarının 1/6-i Auşvitsdə öldürülüb.
Ona görə də Krakova gedəndə vaxt qıtlığına baxmayaraq, Auşvits-1-i ziyarət elədim. Hisslərimi ifadə etmək mümkün deyil. Deyirlər, orada güldüyünə görə bir neçə nəfərə cinayət işi açılıb, hətta azadlıqdan məhrum ediliblər. Yəni hörmət tələb olunur. Amma tələb olunmasa belə, içəridə normal insanı elə vahimə, kədər basır ki, ağlamaq və ya susmaqdan başqa nəsə eləmək çətin olur.
Çoxlu binalar, hərəsində min bir cür dram… İnsanların orada nələr çəkdiyini təsəvvür etməyə çalışırdım. Amma alınmırdı. Auşvits haqqında təsəvvürlər reallığın yanından keçə bilməz. Təsvirlər də təsəvvürlərin yanından… Amma yenə də çəkdiyim azsaylı fotolarla izah edim bir az.
Və qayıtdıq. Auşvits-2-ə də gedəcəyəm nə vaxtsa. Özümə işgəncə vermək üçün yox. Sadəcə hər dəfə gözlərimlə görüm ki, təhsilli, ağıllı, yetişkin insan nələr edə bilərmiş. Təkrar-təkrar əmin olum ki, tərbiyə, əxlaq çox vacibdir. İnsanları idarə edən sistem, bu sistemə nəzarət hər kəsin şəxsi işidir və hamı siyasətə qarışmalıdır. Bu qaz kamerasının tam gücü ilə işləməsindən cəmi 71 il keçir. İnsan beyni 71 ilə ciddi təkamül keçmir. Biz hələ də meyitləri daşıyıb yandıra biləcək qabiliyyətə malik beyinlərlə idarə olunuruq. Çox ehtiyatlı olmalıyıq, insanı insandan qorumalıyıq.