Cinayət işi baxılması üçün məhkəməyə göndərilib
“AtraBank” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Elmixan Nəbiyevlə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan cinayət işinin istintaqı yekunlaşıb.
Bu barədə Respublika Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
İstintaq müəyyənləşdirib ki, Elmixan Nəbiyev sədr olarkən qüvvədə olan qanunvericiliyin şərtlərini pozub, bankın lisenziyasının ləğv olunmasının qarşısını almaq üçün özünün iştirakı ilə yaradılmış və yaxın münasibətdə olduğu ayrı-ayrı şəxslərin adlarına rəsmiləşdirilmiş formal, faktiki mövcud olmayan maliyyə vəsaitləri üzrə ümumilikdə 8 milyon 405 min manat məbləğində qanunsuz kreditlər rəsmiləşdirib. Nəticədə Mərkəzi Bankın tələb etdiyi formal məcmu nizamnamə kapitalına malik olması görüntüsü yaradıb. E.Nəbiyevin ayrı-ayrı fiziki şəxslərin adlarına ümumilikdə 809 min manatlıq krediti mənimsəməklə talamasına əsaslı şübhələr müəyyən edilib.
O, Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham olunur. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
“Atrabank” Açıq Səhmdar Cəmiyyəti 1992-ci ilin dekabrında yaradılıb. Əvvəl “ATRA” Səhmdar Kommersiya Bankı kimi fəaliyyət göstərən bank 2005-ci ildə “ATRABANK” Açıq Səhmdar Cəmiyyətinə çevrilib. 2016-cı ildə bankın lisenziyası
ləğv edilib
.
Onunla eyni gündə “Qafqaz İnkişaf Bankı” ASC-nin də lisenziyası ləğv edilib.
2015-ci ildə ölkədə iki devalvasiyasından sonra manat iki dəfə dəyər itirib.
2016-cı ildə ölkədə ümumilikdə 11 bankın lisenziyası ləğv edilib. Bu, onların öhdəlikləri yerinə yetirə bilməmələri ilə izah edilib.
2017-ci ildə “Caspian Development Bank” və “Atabank” konsolidasiya olaraq “Atabank” adı ilə fəaliyyət göstərir. 2017-ci ilin dekabrında “Dəmirbank”ın lisenziyası ləğv edilib.
Hazırda Azərbaycanda 30 bank fəaliyyət göstərir.