Elmixan Nəbiyev vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilir
Hazırda ləğvetmə prosesində olan “Atrabank” ASC-nin İdarə Heyətinin sabiq sədri Elmixan Nəbi oğlu Nəbiyev həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan olunub.
Məlumatı Baş Prokurorluğun mətbuat xidməti yayıb.
Bildirilir ki, vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Əmanətlərin Siğortalanması Fondundan daxil olmuş materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, ləğvetmə prosesində olan “Atrabank” ASC-nin İdarə Heyətinin sabiq sədri Elmixan Nəbiyev həmin vəzifədə işləyərkən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən istifadə edib. Belə ki, bank sahəsində qüvvədə olan qanunvericiliyi, o cümlədən Mərkəzi Bankın İdarə Heyətinin banklarda məcmu kapitalının minimum miqdarının 50.000.000 manat müəyyən edilməsi haqqında 25 iyul 2012-ci il tarixli qərarında nəzərdə tutulmuş şərtləri pozmaqla, bankın lisenziyasının ləğv olunmasının qarşısını almaq və bankın fəaliyyətini davam etdirməsi ilə əlaqədar nizamnamə kapitalının artırılması üçün faktiki movcud olmayan maliyyə vəsaitləri üzrə özünün iştirakı ilə yaradılmış və yaxın münasibətləri olduğu ayrı-ayrı şəxslərin adına rəsmiləşdirilmiş formal, heç bir fəaliyyəti olmayan özəl müəssisələri təşkil edib, onların adlarına, o cümlədən “Kristal Fermer” MMC-nin direktoru Eldar Müslüm oğlu Heydərova 3.500.000 manat, “Günel-R” firmasının direktoru Ağamirzə İmammirzə oğlu Arazova 1.000.000 ABŞ dolları, həmçinin “Bəyaz” firmasının direktoru Rəşadət Hacağa oğlu Gərayzadəyə 1.000.000 ABŞ dolları olmaqla, ümumilikdə 6.705.600 manat məbləğində qanunsuz kreditlər rəsmiləşdirib.
Məlumatda o da vurğulanır ki, hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.