ATƏT İlqar Nəsibovun vəhşicəsinə döyülməsindən şok olub (yenilənib)

“Cinayət Azərbaycan KİV-nə qarşı bitmək bilməyən repressiyalar dalğası fonunda baş verib”

Source:


“Cinayət Azərbaycan KİV-nə qarşı bitmək bilməyən repressiyalar dalğası fonunda baş verib”

17.00 “Sərhədsiz Reportyorlar” təşkilatı da hüquq müdafiəçisinin hücuma məruz qalmasına münasibətini bildirib. Təşkilatın bəyanatında deyilir ki, İlqar Nəsibovun xanımı Məlahət Nəsibova həyat yoldaşının döyülməsinə görə hakimiyyətin məsuliyyət daşıdığını bildirir. “Sərhədsiz Reportyorlar” təşkilatı jurnalist və hüquq müdafiəçisi İlqar Nəsibovun Naxçıvanda huşunu itirənə qədərə döyülməsindən dərin narahatlıq keçirir.

“Azad Avropa Radiosunun və “Turan IA” üçün çalışan Nəsibov həmçinin Demokratiya və QHT-nin İnkişaf Resurs Mərkəzində işləyir. O, dünən (srağagün) gecə saatlarında qanlar içində tapılıb. O, hazırda kəllə-beyin silkələnməsi, bir neçə qabırğanın, burun və almacıq sümüklərinin sınması diqanozu ilə reanimasiyada saxlanılır. Döyülməsindən 12 saat keçməsinə baxmayaraq, aldığı zədələrdən qanaxması davam edir. Həkimlər onun beyninə qansızma təhlükəsindən narahatdırlar” – deyə bəyanatda vurğulanır.

Təşkilatının katibi Kristof Delore bildirib ki, bu hücum son zamanlar Azərbaycanda vətəndaş cəmiyyətinə edilən təzyiqlərin bir hissəsidir: “Biz İlqar Nəsibova olunan dəhşətli hücumdan dərin narahatlıq və təəssüf hissi keçiririk”. Delore əlavə edib ki, əgər baş verənlərə görə Azərbaycan hökuməti həqiqətən də günahkardırsa, bu, qəbuledilməzdir, tənqidi fikrin susdurulmasıdır. Günahkarın kimliyindən asılı olmayaraq, qanlı hadisə araşdırılmalı və günaharlar cəzalandırılmalıdır: “Biz beynəlxalq cəmiyyəti baş verən hadisəyə səssiz qalmamağa çağırırıq ki, belə hadisələr yenidən təkrarlanmasın”.

***

13.30. “Jurnalist İlqar Nəsibova dəhşətli fiziki hücum Azərbaycanda insan haqlarının vəziyyətinin sürətlə və köklü pisləşməsində sonuncu travmadır. Görünür, Azərbaycan hökuməti saxta ittihamlı həbslərlə, ya da avqustun 21-də Nəsibova qarşı olduğu kimi, döyməklə insan haqları fəallarını və hakimiyyət tənqidçilərini qorxuzmaqda israrlıdır. Dünyanın diqqəti başqa «qaynar nöqtə»lərə cəmləşdiyi bir vaxtda prezident İlham Əliyev tənqidlərin nəticəsiz ötüşəcəyini düşünürsə, tam yanılır”

Bu bəyanatı “Freedom House” insan hüquqları təşkilatının prezidenti David J.Kramer verib.

D.Kramer bildirib ki, “qorxulu və düşmən” mühitə İlham Əliyev və onun hökuməti cavabdehlik daşıyır: “Birləşmiş Ştatlar və Avropa Birliyi bu dəhşətli hücumlara icazə verən və onları törədən rəsmilərə qarşı sanksiyaları nəzərdən keçirməlidir” (Azadlıq Radiosu).

***

11.30. “Naxçıvanda İlqar Nəsibovun vəhşicəsinə döyülməsindən şoka düşdük. Ümid edirik ki, ədalətli araşdırma olacaq və cinayətkarlar cəzasını alacaq”. Bu barədə Böyük Britaniya səfirliyinin bəyanatında bildirilir (Turan İA).

***

ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç Naxçıvanda jurnalist və hüquq müdafiəçisi İlqar Nəsibovun vəhşicəsinə döyülməsi ilə bağlı qəzəbini bildirib.

“Azərbaycan hakimiyyətini Nəsibova bu dəhşətli hücumu tam və müstəqil şəkildə araşdırmağa və təqsirli şəxsləri məsuliyyətə cəlb etməyə çağırıram” – deyə Miyatoviç bildirib.

Xanım Miyatoviç deyib ki, bu cinayət ifadə və mətbuat azadlığının səmərəsini tamamilə dondurur və jurnalistlərə qarşı yeni cinayətlərə səbəb ola bilər. Cinayət Azərbaycan KİV-nə qarşı bitmək bilməyən repressiyalar dalğası fonunda baş verib. Belə ki, son günlər Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna təzyiq başlayıb. Onların bank hesabına həbs qoyulduqdan və əmlakı müsadirə edildikdən sonra hüquq-mühafizə orqanları ofislərinə möhür vurub”.

“Müstəqil mətbuatın, media fəallarının və ifadə azadlığının bu şəkildə boğulmasına dərhal son qoyulmalıdır. Azərbaycan hakimiyyəti bu təcrübəyə son qoymaq üçün əlindən gələni etməlidir” – Miyatoviç fikrini bu sözlərlə bitirib (Turan İA).

Ana səhifəXəbərlərATƏT İlqar Nəsibovun vəhşicəsinə döyülməsindən şok olub (yenilənib)