Müdafiə Nazirliyi: ”Qarşı tərəfin texnikası məhv olunub”
“Qoşunlarımız istənilən müasir silahlardan istifadə etmək hüququna malikdir. Düşmənin fəaliyyətinin qarşısını almaq imkanındayıq”.
Müdafiə Nazirliyi Xocavənddə Azərbaycan qoşunlarının Ermənistan silahlı qüvvələrinə qarşı SPIKE tank əleyhinə idarə olunan raketin tətbiqi barədə erməni tərəfin yaydığı məlumat haqda “Report”un suallarına cavab kimi bildirib.
“Fevralın 28-də Ermənistan silahlı qüvvələri mövqelərini gücləndirmək üçün zirehli texnikanı ön xəttə çıxarmaq istəyib. Bu addım vaxtında aşkar edilib, texnika məhv olunub. Düşmənin itkiləri arasında xaricdən gətirilən erməni əsilli muzdlular çoxdur. Qarşı tərəf rəqəmləri gizlədir”.
Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı qüvvələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 82 və 120 millimetrlik minaatanlardan istifadə etməklə gün boyu atəşkəsi 132 dəfə pozub.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.
2016-da əvvəlki illərlə müqayisədə, cəbhədə atəşkəs halları daha çox pozulub. Həmin il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Buna baxmayaraq tərəflər bir-birini atəşkəsin pozulmasında ittiham edir.
Son günlər isə cəbhədə iri silahların işə düşdüyü, yenidən itkilərin olduğu xəbərləri yayılır.