“Atası dedi ki, öldür onu, mənim üçün o qız artıq ölüb…”

Foto: Meydan TV

24 yaşlı Sevinc Məhərrəmovanın qətli ilə bağlı məhkəmədə onun valideynləri ilə həyat yoldaşı bir-birini ittiham etdi

Bakının Xəzər rayonu, Zirə qəsəbəsində 24 yaşlı Sevinc Məhərrəmovanı qətlə yetirməkdə ittiham olunan əri Füzuli Qarayevin məhkəməsi davam edir. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyilə baxılır.

Martın 10-da məhkəmədə Sevinc Məhərrəmovanın valideynləri dindirilib. Atası Yalçın Məhərrəmov deyiи ki, qızı ailə qurandan 3 ay sonra əri ilə aralarında narazılıqlar başlayıb:

“Tez-tez mübahisələri olurdu, qızımı döyürdü. Evləri şəraitsiz idi, bu da evdə söz-söhbətə səbəb olurdu. Qızımı döydüyünə dörə axırıncı dəfə ərinin işi polisdə idi. Yəqin ki, ona görə öldürüb…”

Yalçın Məhərrəmov bildirib ki, qızı öldürülən gün bölgələrdən birində toyda olub. Hadisəni eşidən kimi geri qayıdıb.

Sevinc Məhərrəmovanın anası Mətanət Məhərrəmova da qızının evli olduğu dövrdə daim problemlər içində olduğunu söyləyib. Onun sözlərinə görə, qızının ailəsində həmişə söz-söhbət, dava olurdu. Kürəkəninin qızını uşaqları öldürməklə hədələdiyini deyən Mətanət Məhərrəmova bildirib ki, Sevinc bundan qorxub, ərinin yanına geri qayıdırdı.

“Evdən gedəndə uşaqlarla qorxudurdu ki, “qayıtmasan, uşaqları öldürəcəm”. Qızım qaçıb ya bizə gəlirdi, ya da xalasıgilə gedirdi. Hətta kanalizasiya tutulduğuna görə də onu döydüyü olub. Çox şeyi mənə demirdi, dərdini bacılarına danışırdı. Sığınacağa getməyini bilirdim. Axırıncı dəfə keçən martda qızımı pis döymüşdü. Sevinc bizə gəldi, bədəni gömgöy idi. Bir neçə gün qaldı. Ona dedim ki, apar uşaqları ver, amma özün getmə. Dedi ki, “yox, uşaqlara görə getməliyəm”. Füzuli ona nə dedi, nə demədi, bilmirəm, qız fikrini dəyişib geri qayıtdı. Gedəndən 10 gün sonra da onu öldürdü”, – anası ifadəsində bildirib.

Lakin təqsirləndirilən Füzuli Qarayev valideynlərin yalan danışdığını iddia edib. Həyat yoldaşını mütəmadi döyməsi barədə deyilənləri təkzib edən Füzuli Qarayev bildirib ki, Sevinc birinci dəfə evləndikdən dörd ay sonra evdən qaçıb atasıgilə getmişdi. Bir müddət sonra geri qayıdıb: “Amma sonralar yenə xəbərsiz çıxıb gedirdi. Bir neçə dəfə evdən qaçıb getmişdi. Axtarırdım, tapmırdım. Axırıncı dəfə evdən qaçanda zəng eləyib atasını çağırdım. O da gəldi, axtardıq, tapa bilmədik. Atası dedi ki, “mən artıq bacarmıram, öldür onu, mənim üçün o qız ölüb”. Dedim ki, mən niyə öldürürəm?”

Füzuli Qarayev ailəsində baş verənlərə, o cümlədən həyat yoldaşının davranışlarına görə onun xalası qızını günahlandırıb. İddia edib ki, Sevinci xalası qızı yolundan çıxarmışdı. O, eyni zamanda, qayınanasını da ittiham edib: “Həyat yoldaşımı xalası qızı yoldan çıxarıb, feministlərə qoşmuşdu. Qayınanam öz qızını oğurluğa vadar edib. Qızıyla birlikdə “Optimal market”dən oğurluq edib. Bunun tərbiyə verdiyi qız bundan artıq olmayacaq ki?! Sevinc feministlərə qoşulandan məni saymırdı, hadisənin səbəbi də budur”.

Mətanət Məhərrəmova qızının feministlərə qoşulmasında qəbahət görmədiyini, onların, əksinə, Sevincə yardım etdiyini deyib: “Feministlər qızıma kömək edirdilər, onun ailə problemini həll etməyə çalışırdılar. Qızım feministlərə qoşulub pis yola getməyib ki?! Onlar qadınlar idi, kişilər deyildi”.

Məhkəmədə dindirilən daha bir şahid isə Füzuli Qarayev və Sevinc Məhərrəmovanın qonşusu Əli Həmidov olub. O bildirib ki, Füzuli Qarayev qonşuda həyat yoldaşını qətlə yetirəndən sonra onlara gəlib, əl-üzünü yuyub və polisə bu haqda məlumat verib: “Polisə zəng edib dedi ki, yoldaşımı öldürmüşəm. Az sonra polis gəlib apardı”.

Şahidin sözlərinə görə, Füzuli Qarayev tez-tez onlardan Sevincin orada olub-olmadığını soruşurdu: “Soruşurdu ki, Sevinc sizə gəlməyib? Deyirdi ki, evdə yoxdur, hara qaçıb, bilmirəm. Deyirdi ki, Sevinc feministlərə qoşulub, onların yanına qaçır”.

Əli Həmidov təqsirləndirilən şəxsi qonşu kimi 10 ildir tanıdığını deyir. Onlarla ailəvi gediş-gəlişləri olsa da, evlərindəki söz-söhbətlərdən xəbərsiz olduğunu bildirib: “Ailədə münaqişələrinin olduğunu hadisədən sonra bilmişəm. Füzulini heç vaxt dava eləyən görməmişəm. Qonşular da ondan şikayətçi olmayıb”.

Məhkəmə prosesi martın 30-da davam edəcək.

Hadisə 2021-ci il avqustun 3-də Zirə qəsəbəsində baş verib. Füzuli Qarayevə qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 126.1 (qəsdən bədənə ağır xəsarət yetirmə) maddələrilə ittiham irəli sürülüb. Sevinc Məhərrəmova qətlə yetirildiyi vaxt onun olduğu qonşudakı evin sahibi də bıçaqlanıb.

Sevinc Məhərrəmova Füzuli Qarayevin ikinci həyat yoldaşıdır. Onların altı illik evlilikdən iki azyaşlı övladı var.

Ana səhifəXəbərlər“Atası dedi ki, öldür onu, mənim üçün o qız artıq ölüb…”