Atamın saxlandığı həbsxana

Həbsxanaya gedən yol

Source:

Məktəbdə oxuyanda həmişə düşünürdüm ki,  bu qədər adam tuturlar, görəsən, onların saxlanıldığı o həbsxanalar harada yerləşir, biz niyə görmürük? İnsanlar  bütün günü orada neyləyirlər? Elə bilirdim ki, onlar  yalnız  cəza olaraq o, həbsxanadan çölə çıxa bilmirlər.  Bəzən də eşitdiklərimlə təsəvvür etdiklərim arasında təzadlar yaranardı. O zamanlar  mənə elə gəlirdi ki, təkcə cinayətkarları, oğruları, qatilləri, dələduzları, xuliqanları tuturlar  və onlar da haqlı olaraq etdikləri əməllərin cəzasını çəkirlər. Cəza dedikdə isə ağlıma təkcə azadlıqdan məhrumolma  gələrdi. Bəli, yalnıız azadlıqdan məhrumolma!

Ancaq nə yazıq ki, gördüyümüz reallıqlarla, təsəvvür etdiklərimiz arasında böyük uçurumlar  var. Həm həbsxanalar, həm də həbs olunanlar arasında.  İndiki həbsxanalar insanları azadlıqdan məhrumetmə  üçün deyil, insanlıqdan məhrumetmə üçündür. Həbsxanalarda cinayətkarları isə ləyaqətli, günahsız insanlar əvəz  edir. Təəssüf ki, günümüzün reallığı budur.

Bakı İstintaq Təcridxanasından tutmuş ta indiki 13 saylı cəzaçəkmə müəssəsinədək  çoxlu həbsxanalar görmüşük. Məlum, dövr elə dövrdür ki, tənqidi fikir söylədinsə “Kürdəxanı”da kameranı hazır bil, deməkdir. Bilirsən ki, geci-tezə səni ora gözləyir. Bunun üçün sənə nə lazımdır?  Mənən  buna hazır olmaq və mövcud reallığı qəbul etmə. Bir də ki, özünü ən ağır cəzaya kökləmək. Bu zaman həbsxana həyatı adama çətin gəlmir. Həm də ki, düşünürsən ki, əvvəl -axır çıxacaqsan.

Hazırda siyasi sektorda kifayət qədər həbs olananlar və həbsxana həyatı görmüş insanlar  və onların ailə üzvləri var. Yəqin ki, onlar mənim dediklərimlə razılaşarlar.  Elə həbsxanalar  var ki, adam düşünür ki, görəsən, hansı ağılla həbsxananı burada tikiblər. Elə götürək 6 siyasi məhbusun  girov saxlandığı 13 saylı cəzaçəkmə müəssəsini.  Buranı gördükdə Şəki Təcridxansına şükür etdik.Şəki uzaq olsa da, normal idi  Ən azından buradakı şəraitdən qat-qat yaxşı idi. Türməyə gedən o əzablı yolları getdikcə düşünürsən ki, yaxşı, biz ayda iki dəfə gəlirik, bir təhər  bu yollara dözürük, bəs həbsxana rəisi, işçiləri hər gün bu yollarla necə gedib-gəlirlər?

Niyə bu illər ərzində bir dəfə də olsun, bu yolların təmir olunmasına çalışmayıblar? Əsas yoldan həbsxanaya gedən yolu 1 saata gedirsən. Halbuki həmin yolu maşınla 5 dəqiqəyə getmək olar.  Hələ yollar bir tərəfə dursun, həbsxananın özü daş karxanaları ilə əhatəlidir. Hava bir az küləkli olan kimi orada göz-gözü görmür. Hər yer ağ toz dumanına bürünür. Təsəvvür edin, bu havada məhbuslar məcburi olaraq açıq havada qalırlar və o, tozun içində nəfəs alırlar. Bu isə əsl xəstəlik mənbəyidir. Orada nə qədər insan vərəm xəstəsidir. Sağlam olan məhbuslar da hər an xəstələmnək təhlükəsi ilə üz-üzə qalırlar.

Daş karxanalarından yük maşınları daş daşıdığı üçün yollar lap bərbad gündədir.  Çalalı-çuxurlu yolu tısbağa sürəti ilə gedirsən. Hələ yağış yağdısa, o yolları getmək daha da çətinləşir. Palçıqda eşələnə-eşələnə qalırsan yollarda. Bəzən elə olur ki, həbsxana işçiləri belə dilə gəlib deyirlər ki, nə olar, bu yollar haqqında da yazın. Bəlkə düzəltdilər. Hər gün bu zülmlə gedib gəlməkdən bezmişik. Ancaq insanlar ümidlərini itirmirlər. Daima yeni və rahat yollar axtarışındadırlar. Həbsxana önündə ən çox verilən sual isə  “Siz hansı yolla gəlmisiniz?” olur. Və bu mövzu ətrafında fikir alış-verişi başlayır. Hazırda biz 4 yol tapmışıq. Tofiq Yaqublu həbsxanadan çıxanadək daha da çox yol tapacağımıza inanıram.

Həbsxana dağların arasında, çöllükdə yerləşir. Özü da nə həbsxana?! Üzdən görmək içərinin nə durumda olduğunu təsəvvür etməyə kifayətdir. Elə bil sən keçmişə- Sovet dövrünə səyahət etmisən. Uçuq-salxaq bina sanki toxunsan dağılacaq durumdadır. Həyətində bir ağac belə yoxdur  ki, kölgəsində durasan. Gündə onlarla adam gəlir. Onların arasında əli uşaqlılar, yaşlılar olur. Oturmağa isə yalnız balaca bir skamya var.  Uzaq yoldan gəlmiş insanlar isə günün istisində, küləyində, şaxtasında saatlarla ayaq üstə qalıb növbələrini gözləyirlər. Həbsxananın həyətində isə bir dolub-daşmış, yararsız halda bir tualet var. Yaşlılar demiş, “iti itələsən, içəri girməz” halında olan bu tualet görüşə gələn insanlar üçün nəzərdə tutulub.

Görüş otağı balaca olduğundan gərək gözləyəsən ki, kimsə görüşdən çıxsın və sənə yer olsun. Çöldə saatlarla gözlədikdən sonra görüş otağına gəlirsən. Balaca görüş otağın divarlarının 3 tərəfinə uzun stollar qoyulub. Məcburi adamlar bir-birinə sıx otururlar. Bəzən elə olur ki, ses-küydən qabağındakı adamın nə dediyini eşitmirsən.  Anlayacağınız aləm dəyir bir-birinə. Bu da olur bizim görüşə gedib gəlməyimiz. Mən hələ həbsxananın görünən tərəflərini deyirəm. Görünməyən tərəfləri isə yazmaqla bitməz…


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəAtamın saxlandığı həbsxana