Ata Abdullayevin cinayət işi: Şantajla alınan “iPhone 11 ProMax” indi kimdədir?

Foto: Meydan TV

Onun səhifəsini xalası oğlu idarə edirmiş…

Sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini dəstəkləyən paylaşımları və qalmaqallarla tanınan vloger Ata Abdullayevin şantajla əldə etdiyi “iPhone 11 Pro Max” markalı telefonu sonradan telefon mağazalarının birinə satdığı iddia olunur. Həmin mağazanın satıcısı, oradan telefonu alan müştəri də Ata Abdullayevin işi üzrə DTX-da aparılan istintaq prosesinə və məhkəməyə cəlb olunub. Onlar noyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində dindiriliblər.

Cinayət işinin materiallarında əsasən, Ata Abdullayev sözügedən “iPhone”u Gənclər və İdman Nazirliyinin nəzdindəki Tədbir Əməliyyat Komitəsinin mühasibi olmuş Elmar Əliyevdən alıb. Bu iş üzrə zərərçəkmiş qismində tanınan Elmar Əliyev ötən məhkəmə iclaslarının birində şahid qismində dindirilərkən bildirmişdi ki, Ata Abdullayevin şantajlarına görə həmin telefonu 2400 manata aldırıb ona vermək məcburiyyətində qalıb. Bundan sonra Ata Abdullayev ondan əl çəkib.

Noyabrın 2-də hakim Fikrət Qəribovun sədrliyilə keçirilən məhkəmə iclasında şahid qismində dindirilən Elçin Ələkbərov bildirib ki, telefon mağazasında işləyir, zərərçəkmiş Elmar Əliyevlə dostluq münasibətləri var:

“Yaxın dostumun tanışıdır. Mənə zəng edib dedi ki, “İphone 11 Pro Max” lazımdır. Mən hazır elədim, ortaq dostumuz Elgiz gəlib götürdü. Telefonu 2400 manata satdım. Amma kimin üçün alındığından xəbərim yox idi. Elmar dedi ki, telefon hədiyyə veriləcək. Müstəntiq Dövlət Təhlükəsizliyi Xidmətinə çağıranda bildim ki, Ata Abdullayev üçün alınıb. Onu da sosial şəbəkələrdən tanımışam”.

Ata Abdullayev ona verilən telefonu evlərinin yaxınlığında yerləşən telefon mağazasına satıb. Mağazada işləyən Azər Abbasov bildirib ki, əvvəldən Ata Abdullayevlə tanışlığı vardı: “Bizin mağazanın yanında yaşayırdı, münasibətimiz vardı, bizdən telefon alırdı. Həmin “İphone 11 ProMax”ı mənə satıb, mən də qonşu dükanda Səyyada vermişəm. Telefonu o satıb”.

Səyyad Əliyev də məhkəmədə dindirilib. O bildirib ki, telefonu 2000 manata satıb:

“Mənə DTX-dan zəng eləyib soruşdular ki, telefonu kimdən almısan? Dəftərə baxıb dəqiqləşdirdim ki, telefonu Azər verib. Azərdən soruşanda o da dedi ki, Ata Abdullayevdən alıb. Biz bunu təsdiqləyən sənədləri DTX-ya təqdim etdik”.

Mağazadan telefonu almış, hazırda da istifadə edən Namiq Əliyev də şahid qismində məhkəmədə ifadə verib. O bildirib ki, “28 May” metrostansiyasının yaxınlığındakı telefon dükanına öz telefonunu 800 manata satıb, üstündə də 1200 manat verməklə, sözügedən “iPhone”u alıb. Bu ilin yayında onu DTX-ya çağırıblar. Onda bilib ki, həmin telefon Ata Abdullayevin olub.

Zərərçəkmiş Elmar Əliyev məhkəmədə ifadə verəndə demişdi ki, dostu Ata Abdullayevə telefonu verməmişdən əvvəl onun qutusunun üstündəki kodun fotosunu çəkib saxlayıb.

Məhkəmədə dindirilən daha bir şahid Ata Abdullayevin xalası oğlu Səməd Məmmədov olub. Dindirmə zamanı məlum olub ki, Ata Abdullayevin səhifəsini o, idarə edirmiş. İxtisasca dizayner və qrafik olduğunu deyən Səməd Məmmədovun sözlərinə görə, işi xalası oğlunun dediyi videoları montaj edib, paylaşmaqdan ibraət olub:

“Gündəlik saytlardan maraqlı xəbərləri götürüb, səhifədə paylaşmışam. Canlı yayımları mən etməmişəm. Sadəcə, mənə tapşırılan videoları montaj eləmişəm. Ata Abdullayevin kimdənsə pul tələb etməyini eşitməmişəm, görməmişəm…”

Ata Abdullayev telefonu şantajla əldə etməsi barədə ittihamda yazılanlar və məhkəmədə deyilənlərlə razılaşmır:

“Şantaj eləmək belə olmur. Şantajı Surxaygil (“Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev, “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevi nəzərdə tutur) edib. Onlar qat-qat bundan çox eləyiblər, cildlərlə cinayət işinin materialları vardı. Lakin məhkəmə humanistlik nümayiş etdiridi, onlar azadlığa çıxdı. Mən də buradan çıxıb, cənab prezidentimiz İlham Əliyevin rəhbərliyi altında xalqıma xidmət edəcəm. Sonda başda prezidentimiz, xanımı, məmurlar olmaqla, xalqımızın qarşıdan gələn Zəfər bayramını təbrik edirəm”.

Məhkəmə prosesi noyabrın 16-da davam edəcək.

Bu il martın 12-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılan Ata Abdullayev Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə ittiham olunur. Onun işində dörd nəfər zərərçəkmiş qismində tanınıb – Elmar Əliyev, Cəmil Babayev, Elçin Əliyev və Şahlar Həsənov. Şahlar Həsənov Abşeronun icra başçısının Masazır qəsəbəsi üzrə nümayəndəsidir. Elçin Əliyev isə DTX əməkdaşı olub.

Ata Abdullayevin adları çəkilən şəxsləri onlar haqqında rüsvayedici məlumatlar yaymaqla hədələyib, bunu etməmək üçün onlardan pul tələb etdiyi iddia olunur.

Ata Abdullayev bir neçə il əvvəl də keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunmuşdu. O zaman online qaydada kartlardan oğurluqda təqsirləndirilən Ata Abdullayevə sonradan məhkəmənin hökmüylə şərti cəza verilmişdi.

Ana səhifəSiyasətAta Abdullayevin cinayət işi: Şantajla alınan “iPhone 11 ProMax” indi kimdədir?