Astana sammitində qurban verilən Eldar Mahmudov hansı informasiyanın qurbanı oldu?

Dördüncü prezidentliyə gedən yolda şəxsi maraqlar bütün maraqları üstələyir, o cümlədən də ailə üzvlərinin maraqlarını

Source:


Dördüncü prezidentliyə gedən yolda şəxsi maraqlar bütün maraqları üstələyir, o cümlədən də ailə üzvlərinin maraqlarını

Seçkilərə günlər qalmış dövlətin təhlükəsizliyinə cavabdeh şəxslərin həbs edilməsi sıradan bir məsələ deyil.  Son günlər baş verənlər fonunda ölkənin “birinci çekisti”nin vəzifədən uzaqlaşdırılması və həbsi barədə yayılan məlumatlar ciddi ssenaridən xəbər verir. Maraqlıdır ki, hədəfdə olanların böyük əksəriyyəti “ikinci hakim ailə”nin çətiri altında olanlardır. Vergilər naziri, Beynəlxalq Bankın rəhbəri və digər təzyiqlərə məruz qalanlar məhz “ikinci hakim ailə”yə yaxın olan şəxslərdir.

Lakin Eldar Mahmudovun sıradan çıxarılması sıradan bir hadisə deyil.  MTN generallarının həbsində hakim ailənin telefonlarının dinlənilməsi versiyası yəqin ki, həqiqətəuyğundur. Lakin burada daha incə və ictimaiyyədən gizlədilən məqam olmalıdır. Seçkiyə günlər qalmış MTN şefinin sıradan çıxardılmasının ciddi  səbəbi olmaya bilməz. Qapalı cəmiyyətlərdə informasiya əldə etmək çətinləşir və odur ki, ən müxtəlif versiyalar üzərində düşünmək lazım gəlir. Bu baxımdan, birbaşa kəşfiyyata və əks-kəşfiyyata rəhbərlik edən bir simanın sıradan çıxarılmasının yeganə səbəbi hakim ailənin şəxsi telefon danışıqlarına qulaq asılması ola bilməz.

MTN şefinin MDB-nin Astana sammitindən dərhal sonra cəzalandırılması da incə mətləblərdən xəbər verir. Astanada dövlət başçısı İlham Əliyevə Rusiya lideri Putin tərəfindən hansı məlumatlar verilmişdi ki, prezident  Bakıya dönən kimi ilk işi Eldar Mahmudovun vəzifəsindən uzaqlaşdırılması oldu. Hətta istirahət gününün bitməsi də gözlənilmədi.  Ehtimal etmək olar ki, MTN şefinin “vurulması”nın pərdəarxasında ölkənin xarici siyasət kursu da dayanır. Bakının Moskva ilə yaxınlaşmasının real nəticələri artıq görünməkdədir. İstisna deyil ki, Qərb Azərbaycanın Rusiya ilə bağlı planlarından narahat olub və ona rəsmi Bakının Moskvaya reveransları ilə bağlı özəl məlumatlar lazım olub. Ölkə rəhbərinin, yüksək çinli məmurların, hakim ailənin telefon danışıqları, yazışmaları və görüşləri izlənilib. Qərb Moskvanın Azərbaycanda nə etmək istədiyini bilmək istəyib və bu barədə məlumatları ilk mənbədən əldə etməyə cəhd göstərib. İstisna deyil ki, E. Mahmudovun “vurulması”nda məhz Rusiya ilə bağlı informasiyaların Qərb kəşfiyyatına ötürülməsi olub. Bakının Kremlə doğru addımladığı bir zamanda Qərbə loyal simaların vurulması təbiidir. Bu baxımdan, yaxın zamanlarda Elmar Məmmədyarovun da vəzifəsindən kənarlaşdırılacağı və bu posta Moskvaya rəğbəti olan bir şəxsin təyin ediləcəyi ehtimalı xeyli böyükdür.

Baş verənlər Qərb-Rusiya qarşıdurmasının təzahürləri olsa da, klanlararası savaşın konturlları da cızılmaqdadır. Azərbaycan siyasətinin “boz kardinalı” yenə də əsas fiqur kimi proseslərə təsir edir və təcrübəli aparat işçisi öz maraqları ilə dövlət başçısının maraqlarını uzlaşdıra bilir. Heydər Əliyev klanının son mogikanı bütün yerli və xarici təzyiqlərə baxmayaraq, hazırkı ölkə rəhbərinin üçüncü prezidentliyini təmin edə bilmişdi. Belə ki, 2008-ci ildə ildə ikinci dəfə prezident seçilən İlham Əliyevə ölkənin Əsas Qanunu üçüncü dəfə də bu iddiada olmağa imkan vermirdi və hakimiyyət yeni varis planı barədə düşünür və birinci ledinin prezidentliyinin uğur modeli ola biləcəyi fikrini təbliğ edirdi. Deyəsən, artıq İlham Əliyev də bu fikrlə razılaşmışdı və o, Rusiya modeli barədə düşünərək, növbəti 5 ildə səlahiyyətləri artırılmış baş nazir olmağa razılaşmışdı. Belə bir zamanda, sovet partnomeklaturasının konyukturasını gözəl mənimsəmiş “boz kardinal” özünü dövlət başçının hakimiyyətini qoruyan başlıca sima kimi göstərə bildi – 2009-cu ildə eyni şəxsin prezident seçilməsinə qoyulan məhdudiyyət ləğv edildi, İlham Əliyev üçüncü dəfə  ölkə başçısı oldu.

Bununla, “Azərbaycanın Jozef Fuşesı” dərin Heydər Əliyev klanının hakimiyyətini uzada bildi. Lakin “ikinci hakim ailə” bundan narazı qaldı və son illər ərzində yalnız nazirlikləri öz təsirinə almaqla məşğul oldu.  Növbəti dəfə ölkə başçısının nəzərinə çatdırıldı ki,  dördüncü dəfə dalbadal prezident olmaq arzuedilən deyil, növbəti beş ilə baş nazirpostu ilə razılaşmaq lazım gələcək. Yeni prezident isə “ikinci hakim ailə”nin nümayəndəsi olmalıdır. Bu istiqamətdə atılan addımlar sırasında MTN şefinin də köməyi lazım idi, görünür, E. Mahmudov da bu böyük oyunun içində olub.

Çoxu hesab edirdi ki, qarşıdan gələn parlament seçkiləri “ikinci hakim ailə”nin hakimiyyət iddialarını təmin edəcək. Artıq müxtəlif maraq qruplarının və siyasi spektrin mənafelərini təmin edəcək siyahı da hazır idi. Qəflətən barəsində “ağır xəstədir” dezinformasiyaları yayılan “boz kardinal” səlahiyyətlərini bərpa etməyə başladı və seçki siyahısının formalaşdırılmasına nəzarəti özü həyata keçirdi. Lakin hamı dərk edirdi ki, o, bununla kifayətlənməyəcək və belə də oldu.

“İkinci hakim” ailənin təsir dairəsində olan iddialıların “qara günü” başladı. Bir sözlə, 2018-ci ilə hazırlıq gedir. Dördüncü prezidentliyə gedən yolda şəxsi maraqlar bütün maraqları üstələyir, o cümlədən də ailə üzvlərinin maraqlarını.

Burada nöqtə qoymaq mümkün idi. Lakin daha bir məqama da diqqət yetirmək lazım gəlir. Həbs edilənlər arasında diqqəti daha çox çəkən MTN Antiterror Mərkəzinin rəis müavini  İlqar Əliyev oldu. Media və siyasi spektrdə quru adı böyük vahimə yaradan bu şəxs böyük xəfiyyə və agentura şəbəkəsinə malikdir. Müxalifət və KİV-də təsir dairəsi heç də kiçik olmayan İlqar Əliyev informasiya yaymağa başlasa, siyasi sistemdə təlatümlər yaşana bilər. Söhbət ictimai rəydə adları İ. Əliyevlə bağlı olmaqda dolaşan şəxslərdən getmir. Onun çəkə biləcəyi adlar siyahısında heç kəsin ağla belə gətirmədiyi “dönməz mübarizlər”də ola bilər.  Bu adlar bir çox partiya və mətbuat nümmayəndələrini bitirə bilər. Bu adları çəkmək üçün onun azadlığa çıxması və ölkəni tərk etməsi lazım gələcək. Buna imkan veriləcəkmi və “ikinci hakim ailə”nin “ev tapşırığı” nə olacaq? Çətin sualdır. Ölkədə qeyri-standart gedişlər başlanır. Hakim elita daxili savaş barədə fikirləşməkdədir…

Ana səhifəXəbərlərAstana sammitində qurban verilən Eldar Mahmudov hansı informasiyanın qurbanı oldu?