Astan Şahverdiyev: Heç kəsi təhqir etməmişəm ki, üzr də istəyəm!

Deputat: Camaatı başa düşürəm, onlar da gərək azğınlaşmasın

Source:


Deputat: Camaatı başa düşürəm, onlar da gərək azğınlaşmasın

“İki gün öncə verdiyim açıqlamada heç kəsi təhqir etməmişəm ki, üzr də istəyəm?! Amma dediklərimə görə, təəssüf edirəm. Əsəbi olmuşam, o cür ifadə işlətmişəm. Siz də o mənzərəni görsəydiniz, elə deyərdiniz”.

Bunu “Report”a açıqlamasında 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin deputatı Astan Şahverdiyev deyib.

O, telefon nömrəsinin sosial şəbəkələrdə paylaşılmasına da münasibət bildirib: “Elektron ünvanım yoxdur. Hazırkı telefon nömrəmi də 11 ildir ki, işlədirəm. Hər kəs də bilir. Nömrəmi sosial şəbəkələrdə paylaşmaları onların öz işləridir”.

A.Şahverdiyev qeyd edib ki, Biləsuvarda məskunlaşan Cəbrayıldan olan məcburi köçkünlərin problemi “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti ilə müzakirə edilib: “Məsələ Azərbaycan Prezident Administrasiyasına məruzə olunub. Artıq, sakinlərin elektrik enerjisi bərpa edilib. Bu halların təkrar olunmaması üçün yollar axtarılır. Milli Məclisin dekabrın 30-da keçiriləcək plenar iclasında çıxış edəcəm, xahiş edəcəm ki, insanların problemi həll edilsin. Bilirsiz ki, qış sərt olacaq, camaatın da yeganə istilik mənbəyi elektrik enerjisidir. Camaatı başa düşürəm, onlar da gərək azğınlaşmasın”.

Dekabrın 22-də Biləsuvarda məskunlaşan Cəbrayıldan olan məcburi köçkünlər işıqların tez-tez kəsilməsinə etiraz əlaməti olaraq aksiya keçirib. Rəsmi məlumata görə, aksiya zamanı yaranan insidentdə 9 polis yaralanıb, 1 polis maşını zədələnib. Hadisədə iştirak edən 4 məcburi köçkün həbs edilib.

Astan Şahverdiyev Azadlıq Radiosuna açıqlamasında narazılıq edənləri sərxoş, narkoman, Rusiyaya gedənləri isə cəmiyyətin “otxod”u adlandırmışdı:

“Problem həll olunub. Bir qrup nəşəli, içkili, hakimiyyətdən narazı adam baş qaldırıb. Mən gəldim yerində araşdırdım məsələni. “Azərişıq”-ın müavinləri, Cəbrayılın icra başçısı da burda idi. Danışıb konsensusa gəldik.

Məcburi köçkünlərə güzəştlər olacaq. Borc silinəcək. Təzə məsələlər qaldırmışıq. Camaatın kerosinlə təmin edilməsini istədik. Bu, evlərın qızdırılmasından ötrü lazımdır. Bu qış çox sərt qışdır. Əhaliyə kömək etmək lazımdır.

Burda əhalinin də günahı var. Ayda adambaşına limit qoyulub. Bunlar da limiti keçirlər. Limiti də keçəndə aydındır ki, dövlətin pulu ödənməlidir. Burda hakimiyyətin günahı yoxdur. Günah əhalidədir”.

Ana səhifəXəbərlərAstan Şahverdiyev: Heç kəsi təhqir etməmişəm ki, üzr də istəyəm!