İyunun 23-də Demokratik Qüvvələrin Milli Şurası Azərbaycan ictimaiyyəti adından ölkənin Avropa Birliyinin Assosiasiya sazişinə qoşulmasına çağıran bəyannaməni təqdim edib. Təqdimatda Milli Şuranın sədri Cəmil Həsənli, Milli Şuranın Beynəlxalq məsələlər üzrə komissiyasının sədri Gültəkin Hacıbəyli, AXCP sədri Əli Kərimli, Milli Şuranını digər üzvləri və ictimaiyyət nümayəndələri iştirak edib. Çıxış edən Cəmil Həsənli hələ 96 il bundan əvvəl Azərbaycan Demokratik Respublikasının qurucularının cəmiyyətimizin müasirləşməsinin əsas ikişaf istiqamətlərindən biri kimi dövlətimizin Avropadan yayılmış demokratik dəyərlər və prinsiplər əsasında qurulduğunu qeyd edib.
AXCP sədri Əli Kərimli sözü gedən bəyannamənin Azərbaycan hakimiyyətinə ünvanladığı mesajlardan danışıb.
Bəyannamədə diqqəti çəkən nüans Azərbaycan hökümətinin təklif etdiyi Strateji Müasirləşmə Tərəfdaşlığı sənədinin heç də Assosiasiya Sazişini əvəz edə bilməyəcəyinin göstərilməsidir. Bəyannamədə sazişin imzalanmasının Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunmasına, azad ticarətin və bütövlükdə iqtisadiyyatın inkişafına, əhalinin sosial müdafiəsinin güclənməsinə, müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına, demokratik seçkilərin keçirilməsinə, təhsil və səhiyyədən tutmuş gömrük, vergi xidmətlərinin, bank işinin təşkilinə qədər bir çox sahələrdə AB-də mövcud olan yüksək standartlara yaxınlaşmağımıza əlverişli zəmin yaradacağı ifadə olunub.