Yaqland Aqramuntu AŞPA-da korrupsiyanın araşdırılması üzrə komissiyanı yaratmağa çağırıb
Martın 24-də Avropa Şurasının baş katibi Törnbörn Yaqland AŞPA prezidenti Pedro Aqramunta məktub göndərərək AŞPA deputatları arasında korrupsiya faktlarının araşdırılması üzrə müstəqil xarici komissiyanın yaradılması məsələsini təxirə salmamağa çağırıb.
Avropa Şurasındakı mənbələrdən Turan-a məlum olub ki, Yaqland indiyədək belə komissiyanın yaradılmamasından təəccübləndiyini bildirib. Halbuki, bu barədə şifahi razılıq bu ilin yanvarında əldə edilib. Ancaq martln 9-10-da AŞPA Bürosunun Mardid iclasında bu komissiya yaradılmayıb və məsələ Büronun növbəti 24 aprel iclasınadək təxirə salınıb.
Yaqland Aqramuntu bu məsələnin həllini yubatmamaq və korrupsiya faktlarının araşdırılması üzrə müstəqil komissiyanı mümkün qədər tez yaratmaq üçün öz səlahiyyətindən istifadə etməyə çağırıb.
AŞPA-nın yanvar sessiyasında italiyalı deputat Luka Volontenin azərbaycanlı deputatlar tərəfindən ələ alınması barədə məsələ qaldırılıb. İtaliya prokurorluğunun materiallarına görə, Volonte almaniyalı deputat Kristofer Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı hesabatının baş tutmaması üçün səylərinə görə 3,9 mln. avro alıb.
Aqramunt AŞPA prezidenti seçilməzdən öncə AŞPA-nın Azərbaycan üzrə məruzəçisi olub və hüquq müdafiəçiləri onu Azərbaycan hökumətinin maraqlarına xidmətdə ittiham ediblər.