“Navalnının ölümünə görə Putin məsuliyyət daşıyır”
Aprelin 17-də Avropa Şurası Parlament Assambleyası Aleksey Navalnının koloniyada ölümü bağlı qətnamə qəbul edib.
Sənəddə deyilir ki, Rusiya dövləti Vladimir Putin rejiminə müxalifətə qoşulduğuna görə Aleksey Navalnını təqib edib və sonda öldürüb.
Assambleya hesab edir ki, Rusiya hakimiyyəti işgəncələrə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalan Aleksey Navalnının qətlinə görə tam məsuliyyət daşıyır.
AŞPA Navalnıya qarşı təqib və işgəncələrə görə məsuliyyət daşıyan insanlara qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
Assambleya 50-dən çox adamın adının yer aldığı “Navalnı siyahısı”nı dərc edib.
Siyahıya həbsxana işçiləri, polislər, prokurorlar və hakimlər, eləcə də hökumətyönlü bloger İlya Remeslo daxil edilib.
“Vladimir Putinin hakimiyyəti dövründə Rusiya diktaturaya çevrilib, hakim rejim isə özünü tam şəkildə demokratiyaya qarşı müharibəyə həsr edib. Vladimir Putin rejimi Kremlin müharibəni qızışdırmaq üçün alətə çevirdiyi “Rus dünyası”nın neoimperialist ideologiyasına sadiqdir. Bu ideologiyadan demokratiyanın qalıqlarını məhv etmək, cəmiyyəti hərbiləşdirmək və xarici təcavüzə haqq qazandırmaq, ölkənin sərhədlərini genişləndirmək üçün bir vaxtlar Rusiyanın tabeliyində olan bütün əraziləri, o cümlədən Ukraynanı əhatə etmək üçün istifadə olunur”, – deyə qətnamədə qeyd olunub.
AŞPA hesab edir ki, Patriarx Kiril və Rus Pravoslav Kilsəsi “Rusiya dünyası” ideologiyası adına törədilən hərbi və insanlıq əleyhinə cinayətlərdə iştirak edən Vladimir Putin rejiminin ideoloji davamçısıdır.
Parlament Assambleyası Vladimir Putini legitim prezident kimi tanımaqdan imtina edib və Avropa Şurasının, eləcə də Avropa İttifaqının üzvü olan ölkələri onunla hər hansı əlaqəni dayandırmağa çağırıb.
Fevralın 16-da Federal Penitensiar Xidmət Aleksey Navalnının Yamalo-Nenets dairəsinin Xarp qəsəbəsindəki koloniyada öldüyünü açıqlayıb.
Aleksey Navalnı 2021-ci ilin fevralında Almaniyadan Rusiyaya qayıdarkən “Şeremetev” Hava Limanında saxlanılıb.
Avqustun 4-də Moskva Şəhər Məhkəməsi Aleksey Navalnıya ekstremist birlik yaratmaq ittihamı ilə 19 il həbs cəzası verib.
Fevralın 23-də Rusiya Prezidenti Vladimir Putin Aleksey Navalnının koloniyada ölümü ilə bağlı açıqlama verib.
V. Putin müxalifətçinin ölümü kədərli hadisə adlandırıb:
“Cənab Navalnıya gəlincə… Bəli, o vəfat etdi. Bu, kədərli bir hadisədir. Bax, bizdə başqa hallar da olub ki, azadlıqdan məhrumetmə yerlərində olan insanlar ölüb. Bu ABŞ-da baş verməyibmi? Dəfələrlə baş verib”.
V.Putinin sözlərinə görə, Aleksey Navalnını Qərbdəki məhbuslarla dəyişməyə razı olub:
“Yeri gəlmişkən, sizə deyim: cənab Navalnı vəfat etməzdən bir neçə gün əvvəl bəzi həmkarlarım mənə dedilər ki, onu Qərb ölkələrində həbsdə olan bəzi insanlarla dəyişmək ideyası var. Mənə inana da, inanmaya da bilərsiniz. Mənimlə danışan şəxs hələ cümləsini bitirməmişdi və mən artıq dedim: “Razıyam”. Onu bir şərtlə dəyişməyə razılaşdım ki, bir də qayıtmasın. Təəssüf ki, bu hadisə baş verdi. Amma həyatda belə şeylər də olur, bununla bağlı heç nə etmək olmaz. Bu, həyatdır”.