AŞPA buna qarşı beynəlxalq mübarizəni gücləndirməyə çağırıb
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Avropa Şurası üzv ölkələrində çirkli pulyuma ilə bağlı qətnamə qəbul edib.
Azadlıq Radiosu
nun məlumatına görə, qətnamədə AŞPA bunun miqyası ilə bağlı dərin narahatlıq bildirib.
Qurum “Qlobal Pulyuyan”, “Azərbaycanın pulyuyan maışını”, “Troyka pulyuyanı” kimi son araşdırmaları misal çəkib, ölkələri bununla mübarizə üçün milli qanunvericiliyi təkmilləşdirməuə, beynəlxalq əməkdaşlığa çağırıb.
Qətnamə AŞPA Niderlanddan olan deputat Mart van de Venin hazırladığı hesabat əsasında qəbul edilib.
“Bu “pulyuyan maşınlardan” zəngin biznesmenlərə, mütəşəkkil cinayətkarlara, yüksək rütbəli rəsmilərə məxsus böyük məbləğdə pullar keçib. Onlar çoxsaylı yurisdiksiyalardakı müxtəlif zəif nöqtələrdən, daha çox Britaniya və ona məxsus ərazilərdə yerləşən saxta şirkətlərdən, Baltik ölkələrində zəif tənzimlənən bankrlardan yararlanıblar”, – qətnamədə deyilir.
AŞPA bildirib ki, qlobal “pulyuyan maşın”da Moldovanın korrupsioner hakimləri, “Troyka qabyuyanı”nda hakimiyyətə yaxın şəxslər iştirak edib, Azərbaycanın “pulyuyan maşını” isə birbaşa Parlament Assambleyasında korrupsioner fəaliyyətə töhfə verib.
“Bunlardan heç biri yerli hökumətlər tərəfindən araşdırılmayıb”, – AŞPA bildirib.
Qurum üzv dövlətlərə, Avropa İttifaqına, Nazirlər Komitəsinə bir sıra tövsiyələr verib, çirkli pulyumaya, mütəşəkkil cinayətkarlığa, korrupsiyaya qarşı beynəlxalq mübarizəni gücləndirməyə çağırıb.
XATIRLATMA:
Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Xəbərləmə Layihəsinin – OCCRP-nin araşdırmasında deyilirdi ki, “pulyuyan maşın”ın məqsədi Azərbaycan hökumətinin siyasi gündəmini təbliğ etmək olub, ölkədən çıxarılan pulların bir hissəsi Avropa siyasətçilərnin bank hesablarına köçürülüb. Həmin siyasətçilər prezident İlham Əliyev rejiminin jurnalistləri və siyasi fəalları həbs etməsinə baxmayaraq onu tərifləyirdilər. Bu pulun dəqiq mənbəyi bilinmir, saxta şirkətlər vasitəsilə gizlədildiyi bildirilir. Ancaq araşdırmalar həmin vəsaitin arxasında Azərbaycanın hakim elitasının durduğunu göstərib.
Araşdırmada adları çəkilən şəxslər, eləcə də hakimiyyət təmsilçiləri açıqlanan faktlara münasibət bildirməyiblər. Ancaq indiyədək korrupsiya, şəffaflığın olmaması barədə beynəlxalq tənqidlər hakim elita tərəfindən rədd olunub, bütün bunlar ölkəyə qarşı “məqsədyönlü şantaj, qarayaxma kampaniyası” kimi dəyərləndirilib.