AŞPA məruzəçilərindən gözləntilər: “Pis qanunvericilik, praktika dəyişdirilməlidir”

Mənbə: AŞPA

Xalid Ağəliyev: “Məruzəçinin işi Avropa Şurasının təsir imkanlarından asılıdır”

“Son illərdə Azərbaycanda media mühiti, jurnalistlərin durumu kontekstində ciddi dəyişiklik olmayıb. Vəziyyət, mühit onsuz da pis idi və elə də qalıb”.

Media ekspert Xalid Ağəliyev Meydan TV-yə belə deyir.

Onun sözlərinə görə, üstəlik, son zamanlar diffamasiyaya görə cinayət cəzalarının tətbiqi yenidən yayğınlaşmağa başlayıb.

Oktyabrın 11-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquq məsələləri və İnsan Hüquqları Komitəsində Azərbaycanda jurnalistlərin, hüquq müdafiəçilərinin həyatına və təhlükəsizliyinə təhdidlər mövzusu müzakirə edilib.

Komitə məsələni araşdırmaq və hesabat hazırlamaq üçün Böyük Britaniyadan deputat Hanna Bardelli məruzəçi təyin edib.

Deputat Hanna Bardell növbəti iki il ərzində bu məsələni araşdıraraq AŞPA üçün ətraflı hesabat hazırlamalıdır.

Yeni məruzəçinin təyinatı nələri dəyişə bilər, ondan gözləntilər nədir?

Xalid Ağəliyevin fikrincə, Azərbaycanda uzun illərdir ki, jurnalistlərin şübhəli ittihamlarla həbs edilməsi təcrübəsi də ortadan qalxmır:

“Prinsipcə, Əvəz Zeynallının işində olduğu kimi. Ən başlıcası, hələ tam işə düşməsə də, Avropa məkanında ən mürtəcelərdən sayılan “Media haqqında” yeni qanun qəbul edilib. Bu gəlişmələr, beynəlxalq təşkilatlar səviyyəsində xüsusi bir monitorinqin, araşdırmanın aparılmasını zəruri edirdi”.

Ekspert düşünür ki, bu baxımdan məruzəçinin təyin edilməsi zəruri addımdır.

Gözləntilərə gəlincə, Xalid Ağəliyev deyir ki, Azərbaycanda media mühitinin problemsiz zamanı olmayıb:

“Düzdür, ölkə Avropa Şurasına yeni üzv olduğu illərdəki qısa dönəmdə durum daha əlverişli olub. Əvvəllər də məruzəçi təyinatları olub, amma ciddi dəyişikliklərlə müşayiət olunmayıb. Təbii ki, gözləntilərimiz məruzəçinin səmərəli fəaliyyəti, hökumətin yaxından əməkdaşlıq etməsi, yekunda problemlərin həlli istiqamətində addımların atılması – pis qanunvericiliyin, praktikanın dəyişdirilməsidir. Ancaq bu Avropa Şurasının rolundan, təsir imkanlarının necə olmasından asılıdır”.

Media Hüquq İnstitutunun eksperti Xalid Ağaliyev
Foto: Meydan TV

Xalid Ağəliyevin fikricə, hazırda qlobal anlamda baş verən hadisələr Avropa Şurasının rolunu, təsir imkanlarını azalda, artıra bilər.

O ümid edir ki, məruzəçinin işi yaxın illərdə medianın durumunun, media mühitinin yaxşılaşmasına təsir edəcək.

AŞPA-nın Hüquq məsələri və İnsan Hüquqları Komitəsinin üzvü olan deputat Erkin Qədirli “Amerikanın Səsi”nə məsələnin qoyuluşu ilə razı olmadığını bildirib.

O deyib ki, düzdür, problem var, yanlış anlaşılmasın, lakin, bu, araşdırılmalıdır, ciddidir:

“Jurnalistlərin müdafiəsi önəmli məsələdir. Ancaq burda hazırlanan mətn çox zəifdir, yersizdir və heç problemə aidiyyatı yoxdur”.

Oktyabrın 13-də isə Avropa Şurasının Monitorinq Komitəsi Azərbaycan üzrə daha bir həmməruzəçi də seçib.

Norveçin Əmək Partiyasından (Labour party) Liz Kristoferə 5 illik mandat verilib.

Xanım Liz Kristoferson Azərbaycanda demokratiya, insan haqları, korrupsiya, seçki sahəsində baş verəcək bütün nöqsanları monitorinq altında saxlayacaq.

Liz Kristofer. Mənbə: AŞPA

Bundan əvvəl isə AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçisi Ştefan Şennak olub.

Azərbaycanda jurnalistlərin, hüquq müdafiəçilərinin həyatına və təhlükəsizliyinə təhdidlərlə bağlı AŞPA-nın bir qrup deputatı yay sessiyasında qətnamə layihəsinin hazırlanmasına çağırmışdılar.

2001-ci ildən Azərbaycan AŞPA-nın üzvüdür.

Azərbaycan AŞPA-ya üzv olarkən insan hüquqları və başqa bir çox məsələlərlə bağlı üzərinə öhdəliklər götürüb.

20 ildən çox vaxt keçsə də, ölkə hələ də qurumun monitorinqi altındadır.

Ana səhifəSiyasətAŞPA məruzəçilərindən gözləntilər: “Pis qanunvericilik, praktika dəyişdirilməlidir”