Hafiz Həsənov: “Onların fəaliyyətinin ya az səmərəsi olur, ya da heç olmur”
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Tadeus İvinski Azərbaycana reallaşdırdıqları faktaraşdırıcı səfərləri ilə bağlı bəyanat yayıblar.
APA-nın Avropa Şurasının saytına istinadən verdiyi məlumata görə, bəyanatda bildirilir ki, səfər çərçivəsində onlar Azərbaycan prezidenti İlham Əliyevlə, Prezident Administrasiyasında, parlamentin spikeri ilə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti ilə, baş prokuror, ədliyyə naziri və Mərkəzi Seçki Komissiyasının rəhbəri ilə görüş keçiriblər. Həmçinin vətəndaş cəmiyyətinin üzvləri və beynəlxalq ictimaiyyət üzvləri ilə də keçirilib.
Həmməruzəçilər həbs-qətimkan tədbiri seçilmiş şəxslərin vəkilləri ilə görüşüb, məhbuslara, o cümlədən Anar Məmmədliyə baş çəkiblər.
Müzakirələr noyabrda Azərbaycanda baş tutacaq parlament seçkiləri ərəfəsində siyasi vəziyyət, məhkəmələrin azadlığı və fəaliyyəti, həmçinin ölkədə insan haqları sahəsində vəziyyət istiqamətində olub.
Həmməruzəçilərlə görüşənlərdən biri Hüquq və İnkişaf İctimai Birliyinin sədri Hafiz Həsənov Meydan TV-yə deyib ki, diplomatlarla görüşün vaxtı bir neçə dəfə dəyişdi, sonuncu dəfə 45 dəqiqə gözlətdilər: “Müzakirə mövzusuna gəlincə, həmişəki kimi Azərbaycanın üzərinə götürdüyü öhdəliklər olsa da, məsələyə ümumən toxunuldu. Ona görə daha çox QHT sektorunun qarşılaşdığı problemlərlə bağlı danışıldı. Ancaq sona yaxın onlar başqa görüşə gedəcəkləri üçün vaxtlarının az olduğunu və tələsdiklərini söyləyəndə, mən etiraz etdim ki, 3 dəfə bizimlə görüş vaxtını dəyişib və 45 dəqiqə gözlədəndən sonra tələsdiyinizi deyirsiniz. Belə olanda, fikirlərimizi hansı formada çatdırmalıyıq? Bunları deyəndən sonra etiraz olaraq görüşü tərk etdim. Hansı ki, hələ iki nəfərin çıxış etmək imkanı vardı”.
Hafiz Həsənov həmməruzəçilərin ölkə barədə əhatəli informasiyaya malik olduğunu desə də, görüşün səmərəli xarakater daşımadığını vurğuladı. O mənada ki, bu görüşlərin böyük nəticəsi olmur: “Hesab edirəm ki, belə görüşlərdənsə, ölkə daxili dialoqun başlanması çox vacibdir və bu, daha səmərəli ola bilər. Ona görə bildirdim ki, növbəti görüşlərə məni dəvət etməsinlər. Bir daha deyirəm, onların fəaliyyətinin ya az səmərəsi olur, ya da heç olmur. Ona görə vətəndaş cəmiyyəti ilə birbaşa dialoq qurulsun”.