AŞPA deputatları vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb


Dinləmədə bildirildi ki, Azərbaycanda siyasi məhbuslarla bağlı 55 deputat AŞPA-ya qətnamə layihəsi təqdim edib. Sənədin iyunda keçiriləcək sessiyada müzakirə ediləcəyi planlaşdırılır.

Mayın 23-də RATİ-nin media mərkəzində AŞPA deputatlarının iştirakı ilə keçirilən dinləmələrdə ölkədə insan hüquqlarının, QHT-ləri, azad medianın çətin durumuna diqqət yetirilib.

Otelin toplantının keçirilməsinə yer verməkdən imtinası toplaşmaq azadlığının pozulmasıdır.

Bu dinləmələr “Flame Towers” otelində keçirilməli olsa da otel son anda imtina edib. Tədbir iştirakçıları otelin toplantının keçirilməsinə yer verməkdən imtinasını toplaşmaq azadlığının pozulması kimi qiymətləndiriblər.

“2009-cu ildən başlayaraq birləşmək, toplaşmaq azadlıqları ilə bağlı qanunvericiliyə edilən  dəyişikliklər məyusedicidir. İnsan hüquqları universal dəyərlərdir. AŞ-ya bütün üzv dövlətlər bu dəyərlərə hörmət etməlidir. Azərbaycan AŞ Nazirlər Komitəsinin sədri kimi Avropa Məhkəməsinin qərarlarının yerinə yetirilməsinə cavabdehdir. Ölkə nümunə olmalıdır”- deyə, AŞPA deputatı Michael McNamaran qeyd edib. O həmçinin bildirib ki, 55 deputat AŞPA-ya Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə layihəsi təqdim edib və iyunda keçiriləcək sessiyada müzakirə ediləcək:

“Amnesty İnternational ölkədə 18 vicdan məhbusunun olduğunu bildirir. Dünən Avropa Məhkəməsi İlqar Məmmədov barəsində qərar qəbul edib. Qərarda deyilir ki, Məmmədovun məhkəməyədək həbsi  siyasi xarakter daşıyır və onun seçkilərdə iştirakının qarşısını almaq məqsədi güdür”

Azərbaycan hüquq müdafiəçiləri AŞPA-nın iyun sessiyasına qədər ölkədəki siyasi məhbusların tam siyahısını və  həbsin səbəblərini açıqlayacaq. “Vahid siyahıda dərhal həbsdən azad edilməli  və barələrində dərhal məhkəmələrin keçirilməli olanlar qeyd ediləcək”, İnsan Hüquqlarının Müdafiəsi və Maarifləndirilməsi Cəmiyyətinin rəhbəri Rəsul Cəfərov bildirib.

Ana səhifəVideoAŞPA deputatları vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb