Aşınmış insan faktoru

Biz niyə “yaxşıları görmürük”?

Source:


Azərbaycanda uzun illər baş vermiş deqradasiyanın ən böyük və ən bəd nəticəsi aşınıb-korlanmış insan faktorudur.

İnsanlar haqda belə bir ifadə işlətdiyim üçün hamıdan üzr istəyirəm, amma çox təəssüf bu bir həqiqətdir, bunu da heç yerə çıxmadan, sosial mediadakı şərhlərdən açıqca görmək olar. Zatən bunu görüb-bilmək üçün əsla alim olmaq gərək deyil, verilen reaksiyalardan həmən anlamaq olar ki, vəziyyət doğrudan da acınacaqlıdır, xeyli adam AzTV və mütrüb proraqandasının təsiri ilə tam zəhərlənmiş bir hala gəlibdir.

Misal üçün, əgər hətta bu krizis dövründə, artıq “kor-kor, gör-gör” zamanında ölkədə baş verən biabırçılıqlar, yanlış siyasət, eybəcər idarəetmə haqda hansısa tənqidi bir məqalə yazılırsa, rastlaşa biləcəyimiz necə bir şərhlərin peyda olacağını indidən anons vermək olar. Əlbəttə ki, bunların bir çoxu fake profillərdir, amma yazının əvvəlində qeyd etdiyimiz kimi çoxu da həqiqətən məqsədli debilləşdirmənin məhsulu olmuş, aşınmış insanlar kütləsidir. Uzun illər davam edən bu debilləşdirmə böyük pöhrələr verib, “məhsul” gözlə görəcək qədər boldur.

İndi bayağı şeyləri yazmaq məcburiyyətində qaladığım üçün üzrlərimi qəbul edin, lakin buna artıq bir son vermək lazımdır. Hamıya ayrı-ayrıca cavab verməyin mümkünsüzlüyünü anladığım üçün, bunu etmək zərurəti duyuram. Yazıram ki, bunları daha şərh kimi verilməsin, çünki öncədən nə deyiləcəyi bəllidir və hamısının da bəlli cavabları var, vəssalam.

Nəhayət başlayaq.

1.

“Niyə ancaq pisliklərdən, mənfi şeylərdən yazırsız ki? Azərbaycanda o qədər yaxşı adam var ki, o qədər yaxşı işlər var ki… yaxşılıqdan yazmaq istəmirsiniz, ancaq pislikdən yazırsınız. ”

İndi nə deyəsən buna? Canım, nəyi mənfidir ki? Sabir demişkən, olanları on dörddə birini yazmırıq ki, heç? Yəni qaradan da o yana rəng varmı? Yaxşı, o dediyiniz “yaxşı adamlardan” Şimali Koreyada, Türkmənistanda, lap elə Hitler Almaniyasında, Stalin Sovetlərində yaşamırdımı? Bunun siyasi idarəetmə, ictimai quruluş üçün nə böyük əhəmiyyəti var ki? Hitler vaxtı belə əjdaha kimi avtobanlar tikilib, bütün ölkəni bürüyüb, “kişi” Volkswagen kimi avtomobil qoyub ortalığa, indi nə edək, ondan yazaq, yoxsa ölüm düşərgələrindən? Nə qədər mənasız söhbət edildiyinizin fərqindəsinizmi?

2.

“Bütün dünyada həyat belədir”, “bütün dünyada krizis var”, “Almaniyada da rüşvət var”

və s.

Canım, əlbəttə ki, həyat bütün dünyada, Sartrın yazdığı ekzistensial mənada eynidir, hətta deyərdim ki, dünyanın hər yerində əbədi “bəşəri kədər” var, o boyda Zweig buna görə (özü becəhənnəm, xanımı ilə bir yerdə) intihar etdi, istəsəniz vallah oturub, bir Schopenhauer-zad, pessimizm-nihilizm-zad söhbətləri də eləyə bilərik, amma bu sırf fəlsəfi-ekzistensial mənada bütün dünyada belədir, daha siyasi, iqtisadi, ictimai, mədəni və ya mənəvi-etik anlamda əsla belə deyildir, dünyanın bu mənada bizə aidiyyatı yoxdur və bəraət üçün bu söhbətləri ortaya yeritməyin lütfən.

3.

“Oturublar Almaniyada (Fransada, İsveçrədə və s.), ordan bura bizə ağıl verirlər”

Hər hansı bir fikri söyləmək üçün, hər hansı bir həqiqətləri demək üçün coğrafi məhdudiyyət yoxdur, ola da bilməz, Nazim Hikmət ömrünün yarıdan çoxunu heç Türkiyədə yaşamadı, Ghandi heç də hər zaman Hindistanda olmadı, Gertsen həyatının böyük hissəsini Rusiyadan kənarda yaşadı, minlərlə belə misallar var. Əgər həqiqəti, gerçəkləri görüb, anlayıb yazmaq üçün mütləq ucqarlardakı hansısa köydə oturmaq şərtdirsə – o zaman daha nəsə deməyə ehtiyac görmürəm. Sadəcə maraqlıdır ki, niyə bizim bu neft fışqıran dövrü “vətənpərvərləri” heç zaman o köydə oturmadı, çamadan-çamadan “Azərbaycan həqiqətləri” daşıyanlar da illərlə Avropanın lap göbəyində beşulduzlu hotellərdən çıxmırdı?

Aşınmış insan faktoru bir çox məsələdə həlledici faktor kimi hazırkı iqtidarın eybəcər idarəetməsinin ən ağır və ən qorxulu nəticəsidir. Cəmiyyət üçün çox böyük və çox dərin problem olan bu faktor, təəssüf ki, bəlli zamanda özünü hələ çox ağrılı şəkildə büruzə verəcəkdir.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəAşınmış insan faktoru