O, partiyanın boykot qərarlarını “xroniki” adlandıraraq etiraz edib
Asif Yusifli Xalq Cəbhəsi Partiyasından (AXCP) istefa verib.
Rəyasət Heyətinin üzvü olan Asif Yusifli bu barədə sentyabrın 16-da “Facebook” səhifəsində paylaşım edib.
“Əli Kərimli olmaqla Xalq Cəbhəsinin bütün üzvlərinə uğurlar arzulayıram. Uzun müddətli birgə fəaliyyətə görə bütün AXCP üzvlərinə təşəkkür edirəm. Bu gündən etibarən AXCP üzvlüyündən istefa verirəm”, – deyə o qeyd edib.
Asif Yusifli səbəb kimi davamlı olaraq partiyanın seçkiləri boykot qərarını əsas gətirib:
“İstefamın səbəbi xroniki boykot qərarlarıdır”.
Ancaq Asif Yusifli prinsipial müxalifətçi mövqeyində qaldığını qeyd edib:
“Fəaliyyətimi müstəqil olaraq davam etdirəcəm. Növbəti addımlarım haqda ictimaiyyətə məlumat verəcəm”.
Meydan TV-nin sorğusuna cavab verən Asif Yusifli dünənki qərarı barədə danışmaq istəmədiyini bildirib.
Asif Yusifli 1995-ci ildən AXCP-nin üzvü idi.
AXCP funksioneri Fuad Qəhrəmanlı Meydan TV-nin sorğusuna qısa cavab verib:
“Bu, Asif Yusiflinin fərdi qərarı olduğu üçün münasibət bildirməyi məqsədəuyğun saymıram”.