Neçə nəfər individdir, şəsxdir, özüdür, özünə cavabdehdir? Heç kəs, heç nəyə görə cavabdeh deyil. Hər kəs özünün atası, dayısı, yeznəsi, xalasının əridir amma özü deyil. İbtidai münasibətlər sisteminin cilvələrindən biridir. “Get, böyüyün gəlsin” isə, ayinin mantrası.
Nə mənada “böyüyün”? Müəllim şagirdə deyir “atanı məktəbə çağır”? Yox, qosqoca iki adam bir-birlərinə deyirlər ki, “get böyüyün gəlsin”. Kimin böyüyü daha böyükdür yarışı gedir. Ona görə də cavabdeh tapmaq mümkün deyil Azərbaycanda. Bütün böyüklərin də öz böyükləri var.
Heç kəs öz yerində deyil. Hamının böyüyü var. Elə bil qəbilədir nədir. Hamının kimisə varsa, bəs heç kimi olmayanlar kimlərdir? Əlbəttə elələri də var. Onlar lap bədbəxtdirlər. Onların böyüyü yoxdur. İnsan kimi heç nə ifadə etmirlər. Getsin gərək böyüyünü gətirsin, amma yoxudur. İnsanın insan olması bəs eləmir.
“Avropa standartları” adlı sehrli bir aləm var. Hamının dilindədir. Nə qədər nazlansaq da, bu standartları yavaş-yavaş həyatımıza daxil edirik, bir toplum olaraq. Odur ki, müqayisələr qaçılmazdır. Onsuz da hamı soruşur, maraqlanır ki, “Ən böyük fərq nədə görünür?” Hər kəsin buna öz cavabı var. Bəlli şeylərdən – küçələrin təmizliyi, mədəni insanlar, işləyən qanunlar, arxitektura, incəsənət – danışmayacam. Bunlar bilinən şeylərdir və əlbəttə müqayisədə uduzduğumuz şeylərdir. Əsas odur ki, Avropa və onun standartları ilə yaşayan Anqlosaks məkanda hamı öz yerindədir.
Ən böyük səadət budur. Hamı öz yerindədir. Həyatın öz ritmi var və bu ritm içərisində bütün işlər həllini asanlıqla tapır. Məsul şəxslərin hamısı kompetentdir, onlarla ünsiyyət insana zövq verir və ən pisi odur ki, hələ də bu xoş rəftarın pulsuz ola biləcəyinə inana bilmirəm. Bir insan, cavabdehi olduğu sahəni mükəmməl bilir. Sovet insanı tez-tez öyünür ki, “Biz sovet vətəndaşları Qərb insanlarından intellektual cəhətdən irəlidəyik”. Nə imiş? Qərbdə hamı öz ixtisasının dar çərçivəsində qalırmış, öz sahəsindən başqa heç nəyi qanmırmış.
Sovet məkanının nə vəziyyətdə olmağından bəlli olur sizin intellektiniz. Homo-sovetikus`un hər şeyə dair öz fikri var, çənədən yaxşıdır, ağıl öyrətməkdə rəqibi yoxdur.
Avropada ASAN xidməti yoxdur. Sağdan-soldan eşidirəm ki, ASAN xidmətini bütün Qərb dünyası ayaqda alqışlayırmış. Deyilənə görə bu innovasiyaya görə İlham Əliyevə xüsusi minnətdarlıq edirlərmiş. Bu, “Avropalılar çox gedirdi yuxarıdan, dəydi təpik onlara daldan” söhbətinə oxşadı. Adamlar haqlıdırlar, heyrət ediblər ASAN xidmətinə, çünki özlərində belə şey yoxdur. Ona görə yoxdur ki, belə bir xidmətə ehtiyac yoxdur.
Bütün sənədlər aidiyyatı üzrə qurumlar tərəfindən problemsiz, vaxtında, gülərüzlə verilir. Ona görə ehtiyac yoxdur. Ağla gələn bütün sənədlərin bir pəncərədən verilməsi bir ideya kimi maraqlı ola bilər, amma belə bir sistemin qurulmasına yüz milyonlar xərcləmək (hələ Allah bilir bütün ölkəni nə zaman əhatə edəcək) hansı zərurətdən doğdu? Çünki idarələrdə rüşvət alış-verişi gedir, hamı “get, böyüyün gəlsin” dalğasına köklənib. Bu biabırçılığı yığışdırmaq üçün innovativ prezident İlham Əliyev öz brendini yaradır. Hamınızın böyüyü mənəm, bundan sonra hamı bir pəncərəyə.
“Bütün rəngləri qara görürsünüz”. Xeyr, qara görmürəm. İlham Əliyev işləri asanlaşdırmaq yerinə, qəlizləşdirmiş oldu. Sistemin qurulmasına yüz milyonlar xərclənir, amma İlham Əliyev problemin kökünü görmək istəmir. ASAN xidməti ibtidailiyimizi dərinləşdirir. Elə bir ölkə qurulsa, hər şey qaydasında olsa, mexanizmlər işləsə?
“Bu xalqla belə bir ölkə qurula bilməz”. İlham Əliyev və hakim ailə bu düşüncədədirlər. Mənim barışa bilmədiyim budur. Sizi əmin edirəm ki, Azərbaycanda və ölkədən kənarda dövlət qurumlarını idarə edə biləcək savadlı, bacarıqlı mütəxəssislər, menecerlər var. Öz resurlarımızla, kənardan ekspertlər cəlb edərək insan yetişdirmək lazımdır. İnsan qaynaqları sıxntısı çəkir ölkə. Heç kəs yerində deyil. “Hamınızın böyüyü mənəm” deyib ASAN xidmətini yaratmaq müvəqqəti çarədir. Elə bir insan yetişirilməlidir ki, məsuliyyət yüklənsin, nəticə göstərsin. Elə bir insan yetişsin ki, böyüyü olmasın, özünə böyük axtarmasın.
Böyüyü olmayan insan da insan olsun.