Xəzər Rayon Məhkəməsi sosial mediada “Arzum 9999” adı ilə tanınan tiktoker İlduzə Hacıyevanı ölümlə nəticələnən yol qəzasında təqsirli bilərək 5 il 2 ay müddətinə azadlıqdan məhrum edib.
Hadisə və sonradan keçirilən məhkəmə prosesi artıq bir neçə aydır sosial şəbəkələrdə geniş müzakirə olunur. Müzakirələr təkcə himayəsində azyaşlı uşaqları olan Hacıyevaya verilən cəzanın sərtliyi ilə bağlı deyil. İşdə əsas suallar sırasında bunlar da var: Avtomobillər sürəti aşıbmı? Manevr qaydaları pozulubmu? Hacıyevanın hadisə yerini tərk etməsi sübuta yetirilibmi? Müzakirələrin hökmdən sonra da davam etməsinə səbəb isə zərərçəkmiş ailənin barışıq təklifini qəbul etməməsi və cəzanın daha ağır olmasını istəməsi olub.
İlduzə Hacıyeva “TikTok” platformasında “Arzum” adı ilə tanınıb. Almaniyada yaşayan Hacıyeva əsasən canlı yayımlar açması, Azərbaycan mahnılarına rəqs etməsi və xarici vətəndaş olan həyat yoldaşına Azərbaycan dili öyrətməsi ilə sosial şəbəkələrdə izləyici toplayıb.
Öncə qısaca: məhkəmə nə qərar verdi?
İlduzə Hacıyevanın cinayət işi üzrə proses iyulun 2-də başa çatıb. Hakim Toğrul Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Hacıyeva 2 il 6 ay müddətinə sürücülük hüququndan məhrum edilməklə, 5 il 2 ay azadlıqdan məhrum edilib.
O, hökm elan edildikdən sonra məhkəmə zalında həbs olunub.
Bundan əvvəlki məhkəmə iclasında dövlət ittihamçısı Hacıyevanın 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Məhkəmə hökm çıxararkən hadisənin ağır nəticələrini, zərərçəkmiş tərəflə barışığın olmamasını və yüngülləşdirici halların müəyyən edilməməsini əsas götürüb.
Hacıyeva Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsin ölümünə səbəb olma) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə təqsirli bilinib.
Qəza necə baş verib?
Hadisə 27 iyun 2025-ci ildə Xəzər rayonunun Mərdəkan qəsəbəsində baş verib. İstintaq orqanının iddiasına görə, İlduzə Hacıyeva idarə etdiyi “Changan” markalı avtomobillə sola dönmə manevri edərkən arxadan gələn Amal Məlikovun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub.
Toqquşmadan sonra “Mercedes” idarəetmədən çıxaraq aşıb və yol kənarındakı maneələrə çırpılıb. Avtomobilin sürücüsü, 29 yaşlı Amal Məlikov hadisə yerində ölüb. Onun həyat yoldaşı Sənubər Muradova isə ağır xəsarət alıb.
İttiham tərəfi bildirir ki, Hacıyeva qəzadan sonra zərərçəkmişlərə yardım çağırmayıb və hadisə yerindən uzaqlaşıb.
Mübahisə doğuran əsas məqamlar
Bu işdə əsas mübahisə yalnız cəzanın müddəti ilə bağlı deyil. Müdafiə tərəfi qəzanın başvermə mexanizmi, hadisə yerinin sxemi, şahidlərin rolu və Hacıyevanın hadisə yerindən qaçması ittihamı ilə razılaşmır.
İlduzə Hacıyevanın vəkilləri Hikmət Əliyev və Fərid Həsənov məhkəmədə bir neçə vəsatət qaldırıblar. Müdafiə tərəfi ibtidai istintaq zamanı hadisə yerinin sxeminin dəqiq tərtib olunmadığını bildirib və istintaqın yenidən aparılmasını istəyib.
Vəkillər həmçinin protokollarda adı keçən hal şahidlərinin hadisə zamanı həqiqətən həmin ərazidə olub-olmadığını müəyyənləşdirmək üçün mobil operator məlumatlarının araşdırılmasını tələb ediblər.
Məhkəmə isə iş materiallarında hökm çıxarmaq üçün kifayət qədər sübut olduğunu bildirərək vəsatətləri təmin etməyib.
Müdafiə: “Hacıyeva hadisə yerindən qaçmayıb”
İlduzə Hacıyevanın vəkili Hikmət Əliyev mediaya açıqlamasında müdafiə tərəfinin hər iki ittihamla razılaşmadığını bildirib. Onun sözlərinə görə, Hacıyeva hadisədən sonra 103 xidmətinə zəng edib.
Vəkil deyib ki, Hacıyeva qəzadan sonra sarsıntı keçirib. Ətrafda olan, tanımadığı İlham adlı şəxs onun səhhətinin pisləşdiyini və huşunu itirdiyini görərək Hacıyevanı avtomobilinə mindirib xəstəxanaya aparıb.
Hacıyeva özü də məhkəmədə hadisə yerindən qaçmadığını və özünü təqsirli bilmədiyini deyib:
“İlk gündən özümü təqsirli bilmirəm. Kimsə yüksək sürətlə yanımdan keçib qəza edəcəksə, mən niyə təqsirli olmalıyam? Altı aydır uşaqlarıma həsrət qalmışam. Məhkəməyə inanıram, ədalətli hökm çıxarılacağına ümid edirəm”, — deyə Hacıyeva son sözündə bildirib.
Sürət və manevr məsələsi niyə mübahisəlidir?
Hökm elan edildikdən sonra sosial şəbəkələrdə Amal Məlikovun idarə etdiyi avtomobilin sürəti ilə bağlı suallar qaldırılıb. Bəzi istifadəçilər qəzaya yüksək sürətin səbəb olduğunu iddia edirlər.
Sosial şəbəkələrdə Məlikovun əvvəllər avtomobili yüksək sürətlə idarə etməsinə və qəza şəraiti yaratmasına dair olduğu bildirilən görüntülər də paylaşılıb. Daha sonra onun sosial şəbəkə hesabı silinib.
Yol hərəkəti üzrə ekspert Tural Yusifov sosial şəbəkə hesabında məsələ ilə bağlı qanunvericiliyin tələblərini izah edib. O bildirib ki, “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinə əsasən, sola dönən sürücü qarşıdan gələn nəqliyyat vasitəsinə yol verməlidir.
Ekspertin sözlərinə görə, arxadan gələn avtomobillərlə bağlı məsələ isə qanunun 51-ci maddəsi ilə tənzimlənir. Bu maddəyə əsasən, nəqliyyat vasitəsini yalnız soldan ötmək olar. Əgər qarşıdakı avtomobil sola dönmə işığını yandırıb manevrə başlayıbsa, həmin avtomobili yalnız sağdan ötmək mümkündür.
“Qanunvericiliyə görə, sola döndüyümüz zaman biz arxadan gələn yox, məhz qarşıdan gələn nəqliyyat vasitəsini buraxmalıyıq. Praktikada bəzən sola dönən sürücülər günahkar hesab edilsə də, məhkəməyə müraciət edərək bu cür protokolları ləğv etdirənlər var”, — Tural Yusifov bildirib.
Zərərçəkmiş ailə: “Yalnız müalicə xərci üçün təzminat istəmişik”
Amal Məlikovun qaynatası Firdovsi Muradov Meydan TV-yə açıqlamasında qarşı tərəfin “100 min manat tələb edirlər” iddiasını təkzib edib.
O bildirib ki, ailənin barışıq niyyəti olmayıb və onların yeganə müraciəti qəzada ağır xəsarət alan Sənubər Muradovanın müalicə xərcləri ilə bağlı olub.
Muradovun sözlərinə görə, Sənubər Muradova hazırda kəllə-beyin travması diaqnozu ilə müalicə olunur və ailə onun Türkiyədə əməliyyat olunması üçün maddi təzminat tələb edib.
“Biz vəkillə məsləhətləşib məhkəmədə yalnız qızımın müalicəsi üçün lazım olan 60 min dollar məbləğində maddi təzminat vəsatəti qaldırdıq. Lakin məhkəmə bizim bu vəsatəti təmin etmədi, tələb rədd olundu. Başqa heç bir pul tələbindən söhbət gedə bilməz”, — Firdovsi Muradov bildirib.
Məhkəmə hökmü necə əsaslandırıb?
Hökm elan edildikdən sonra sosial şəbəkələrdə məhkəmə qərarının ədalətli olub-olmaması ilə bağlı müzakirələr başlayıb. Bəzi istifadəçilər cəzanın sərt olduğunu, digərləri isə hadisənin ölüm və ağır xəsarətlə nəticələnməsini əsas gətirərək hökmü müdafiə ediblər.
Xəzər Rayon Məhkəməsinin hakimi iyulun 3-də mediaya açıqlamasında hökmün əsaslandırmasına münasibət bildirib. Hakim qeyd edib ki, hadisənin ölümlə nəticələnməsi, zərərçəkmişlərə kömək göstərilmədən hadisə yerinin tərk edilməsi və zərərçəkmiş ailə ilə barışığın olmaması cəzanın təyin edilməsində nəzərə alınıb.
Məhkəmə həmçinin Hacıyevanın barəsində yüngülləşdirici hal müəyyən edilmədiyini bildirib.
Vəkil Nemət Kərimli isə deyir ki, himayəsində azyaşlı övladının olması və uşağın xəstəliyi cəza təyin edilərkən nəzərə alına bilən hallardandır. Onun sözlərinə görə, bu halların yüngülləşdirici hal kimi qəbul edilib-edilməməsi hakimin qiymətləndirməsindən asılıdır.
“ Uşağın xəstəliyi də dispozitiv haldır. Hakim öz hüquqi düşüncəsinə uyğun olaraq bunu nəzərə ala da bilər, almaya da bilər. Belə hallarda azadlıqdan məhrumetmə cəzası həmin maddə üzrə nəzərdə tutulan maksimum həddin dörddə üçündən çox ola bilməz”, — Kərimli bildirib.
Hakimin sözlərinə görə, ittihama əsasən, Hacıyeva 27 iyun 2025-ci il saat 00:53 radələrində “Changan Qiyuan A05 Plug-in Hybrid” markalı, 10-BY-117 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri Xəzər rayonu ərazisində, Mərdəkan–Qala yolunda Qala istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Qanunun manevr etmə və hadisə barədə məlumat vermə ilə bağlı tələblərini pozub.
İttihamda qeyd olunur ki, nəticədə Hacıyevanın idarə etdiyi avtomobil Amal Məlikovun idarə etdiyi “Mercedes-Benz D2” markalı, 77-UK-890 dövlət nömrə nişanlı avtomobilin arxa təkərinə sürtünərək çarpaz toqquşmaya səbəb olub.
Açıq qalan suallar
Hökm elan edilsə də, iş ətrafında mübahisələr davam edir. Müdafiə tərəfinin apellyasiya şikayəti verib-verməyəcəyi, məhkəmənin rədd etdiyi vəsatətlərin yuxarı instansiyada yenidən qaldırılıb-qaldırılmayacağı hələlik məlum deyil.
Zərərçəkmiş tərəf isə hökmün ağırlaşdırılması üçün yuxarı instansiyaya müraciət edəcəyini bildirir. Amal Məlikovun bacısı hökm elan olunandan sonra “TikTok”da canlı yayım zamanı barışıq üçün heç bir addım atılmayacağını və apellyasiya şikayəti verəcəyini deyib.
“Qanunla hərəkət edirəm. Qapıma heç kim gəlməsin və xəstə anamı narahat etməsinlər. Apellyasiya şikayəti verəcəyəm, axıra kimi də gedəcəyəm. Haqqım var, qanunsuz heç nə etmirəm. Arzumla heç bir qərəzim yoxdur. Qanunla addım atıram”, – o bildirib.