”Artıq istehsal və xidmət sektorlarındakı tənəzzülü gizlətmək mümkün deyil”

Nemət Əliyev: ”İşsizlər ordusunun sıraları daha da böyüyür”

Source:


Nemət Əliyev: ”İşsizlər ordusunun sıraları daha da böyüyür”

“Ölkədə əmək haqqı siyasəti iflasa uğrayıb. Verilən əmək haqları əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq gücünü itirib”.

İqtisadçı Nemət Əliyev belə deyir.

2018-ci ilin əvvəlindən ötən iki ay ərzində orta aylıq əmək haqqı neft sektorunda 201,4, qeyri-neft sektorunda isə 12,2 manat azalıb.

Dövlət Statistika Komitəsinin məlumatında da

bildirilir

ki, orta aylıq əmək haqqı göstəricisi bu ilin yanvar-fevral aylarında 17 manat 40 qəpik enib.

Yanvarda 8 manat 40 qəpik, fevralda isə daha 9 manat. İki ay ərzində ölkə üzrə orta əmək haqqı səviyyəsi 3,3 faiz azalaraq 528,2 manatdan 510,8 manata düşüb.

Statistika Komitəsi bildirir ki, muzdla çalışanların orta siyahı sayı bu ilin yanvar-fevral dövründə 1512,45, 2017-ci ilin yanvar-dekabr dövründə isə 1517,65 min nəfər olub (muzdlu işçilərin orta siyahı sayı bu il 5 min 200 nəfər azalıb).

Dövlət Statistika Komitəsi foto sosial şəbəkə
Dövlət Statistika Komitəsi foto sosial şəbəkə

Nemət Əliyevin sözlərinə görə, azalma aylıq əmək haqqının nisbətən yüksək olduğu sahələrdə özünü daha kəskin göstərib. 33,3 min nəfər muzdlu işçinin çalışdığı mədənçıxarma sənayesində orta aylıq əmək haqqı 224 manat və ya 7,3 faiz azalaraq 3069 manatdan 2845 manata düşüb:

“Yaxud da, 51,3 min nəfər işçinin çalışdığı peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq əmək haqqı 1032 manatdan 863 manata qədər enib. Burada azalma 169 manat və ya 16 faizdir. Orta aylıq əmək haqqı göstəricisi “informasiya və rabitə”də 89,8 (10 faiz), “maliyyə və sığorta”da 69,4 (5 faiz), “tikinti”də 32,1 (4 faiz), “su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələri”ndə 31,9 (10 faiz), emal sənayesində 17,3 manat (3 faiz) azalıb. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində çalışan 48 min nəfərdən çox muzdlu işçinin orta aylıq əmək haqqı 264,6 manatdan 244,9 manata düşüb. Buradakı azalma 19,7 manat və ya 7,5 faizdir. Əhaliyə səhiyyə və sosial xidmət göstərən sahələrdə çalışan 131 min nəfər işçinin orta aylıq əmək haqqı səviyyəsi isə enərək 220,3 manata düşüb.

“Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı”, “istirahət, əyləncə və incəsənət” sahələrində, habelə iqtisadi təsnifatın “digər xidmətlər” bölməsi üzrə də orta aylıq əmək haqqı səviyyəsi enib”.

İqtisadçı bildirir ki, orta aylıq əmək haqqı göstəricilərinin azaldığı sahələrdə üst-üstə 642 min nəfər işçi çalışır. Bu da ölkə üzrə muzdlu işçilərin ümumi sayının 43 faizi qədərdir. Bu sahələrdə çalışanların bir aylıq əmək haqqı fondu iki ayda 441 milyon manatdan 405 milyon manata düşüb. Aylıq əmək haqqı fondu üzrə azalma 36 milyon manat və ya 8 faizdir:

“Yerdə qalan digər fəaliyyət sahələrində çalışan 874 min nəfərin aylıq əmək haqqı fondu 361,8 milyon manatdan 368,6 milyon manata qalxıb. Burada əmək haqqı fondunun artan məbləği cəmi 6,8 milyon manatdır. Odur ki, bu sahələr üzrə orta aylıq əmək haqqı göstəricisi vur-tut 1,8 faiz artıb. Deməli, 57 faiz muzdlu işçinin aylıq əmək haqqı fondunun 6,8 milyon manat artması 43 faiz muzdlu işçinin aylıq əmək haqqı fondunun 36 milyon manat azalması ilə müşayiət olunub və bu hesaba da ölkə üzrə orta aylıq əmək haqqı səviyyəsi aşağı düşüb. Dövlət sektorunda orta aylıq əmək haqqı göstəricisi iqtisadi təsnifatın 4 bölməsi üzrə (“təhsil”, “dövlət idarəetməsi və müdafiə, sosial təminat”, “nəqliyyat və anbar təsərrüfatı”, “istirahət, əyləncə, incəsənət”) müəyyən qədər artsa da, 15 bölmə üzrə azalmışdır. Odur ki, ümumi hesabda orta əmək haqqı səviyyəsi dövlət sektoru üzrə 1 faizə yaxın enib. Qeyri-dövlət sektoru üzrə azalma isə 5 faizdən çox olub”.

Nemət Əliyev
Nemət Əliyev

İqtisadçı bildirir ki, işçilərə dəyən zərbə bununla bitməyib. Bu iki ayda muzdlu işçilərin sıra sayından 5 min nəfərə qədər insan öz daimi iş yerini itirməli olub. Onların hesabına isə işsizlər ordusunun sıraları daha da böyüyüb:

“Muzdlu işçilərin orta aylıq əmək haqlarının bu dərəcədə azalması şübhəsiz ki, onların çalışdığı müəssisə və təşkilatların fəaliyyətində yaranmış ağır iqtisadi və maliyyə vəziyyəti ilə birbaşa əlaqəlidir (biznes, maliyyə fəaliyyəti qaydasında olan təşkilat əmək haqlarını artırar, azaltmaz). Rəsmi dairələr etiraf etməsələr də, istehsal və xidmət sektorlarında ciddi tənəzzül prosesinin yaşanmasını gizlətmək mümkün deyil. Daha pis olanı budur ki, bu proses bu gün də davam edir. Bu baxımdan ölkə üzrə əsas kapitala yatırımların bu ilin I rübündə müqayisəli qiymətlərlə 15 faizdən çox azalması təsadüfi deyil (DSK-nın məlumatı). Ölkədəki əlverişsiz iqtisadi, ictimai, siyasi, psixoloji mühit bu gün də inkişaf yolunda ən ciddi problem olaraq qalır. Bilmək lazımdır ki, belə bir şərait həm real, həm də potensial investorlar üçün cəlbedici sayıla bilməz. Odur ki, sözdən əmələ keçməli və bütün sahələrdə köklü islahatlara başlanılmalıdır”.

Ana səhifəXəbərlər”Artıq istehsal və xidmət sektorlarındakı tənəzzülü gizlətmək mümkün deyil”