Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri prosesə qatılmayıblar
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində dekabrın 3-də “Arqument.az” saytını blokladığına görə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı qaldırılan iddiaya baxılıb.
Bu barədə Meydan.TV-yə saytın baş redaktoru Şəmşad Ağa məlumat verib.
Onun sözlərinə görə, sayt bu il aprelin 8-10 tarixlərində bloklanıb. O qeyd edib ki, sayta “vpn”-lə giriş mümkün olsa da, bir gün sonra kiber-müdaxiləyə məruz qalıb. Baş redaktor buna səbəb kimi aprelin 8-də Cəlilabadda kartof rüsumuna etiraz edən fermerlərin aksiyası haqqında xəbərin dərc edilməsini göstərib.
Baş redaktor bildirib ki, sayt bloklandıqdan sonra materialları silməyi tələb ediblər, lakin onlar bu təklifdən imtina ediblər. Onun sözlərinə görə, üç gün sonra saytın fəaliyyəti bərpa olunsa da, bəzi materiallar və saytın bazası zədələnib.
Şəmşad Ağa, bunu ifadə azadlığına zidd sayıb və fəaliyyətlərinə qanunsuz müdaxilə hesab edir.
Baş redaktor bildirib ki, bugünkü prosesdə vəsatətlərdən biri də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə yanaşı, nazirliyin Elektron Təhlükəsizlik Xidmətinin də ayrıca cavabdeh qismində işə cəlb olunması və məhkəmədə iştirakının təmin edilməsi ilə bağlı olub.
Nazirliyin nümayəndələri prosesə qatılmayıblar.
Hakim Elçin Məmmədov vəsatəti təmin edib.
Növbəti proses dekabrın 24-də keçiriləcək.
“Arqument.az” saytı ilk dəfə deyil ki, bloklanır. 2018-ci il avqustun 8-də iki yazıya görə Səbail Rayon Məhkəməsi saytı bloklamışdı. Saytın rəhbəri bildirmişdi ki, hər iki material başqa saytdan götürülüb, istinadla verilib, üstəlik, yazıda bütün tərəflərin fikirləri də əks olunub. Bir neçə gün sonra isə Bakı Apelyasiya Məhkəməsi Səbail Rayon Məhkəməsinin qərarını ləğv etmişdi.