Ceyhun Bayramov isə deyib ki, prosesin nə qədər zaman alacağını proqnozlaşdırmaq mümkün deyil
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan 2023-cü ilin sonunda Azərbaycanla sülh sazişinin imzalanmasının mümkün ola biləcəyini deyib.
Onun sözlərinə görə, danışıqlar çox intensiv gedir və bu cür davam etsə, saziş bağlanacaq:
“Biz həll yollarını tapmaqda, bu qərarlar çərçivəsində sülh gündəmini irəli sürməkdə və sülh sazişi bağlamaqda qərarlıyıq”.
Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi “İctimai” radioya danışıb.
A.Qriqoryan Kişinyov görüşünü müsbət qiymətləndirib:
“Bu, sülh gündəmini irəli aparmaq üçün yaxşı fürsətdir. Bu gündəliyə beynəlxalq ictimaiyyətin dəstəyi çox vacibdir”.
Qriqoryanın qənaətincə, kommunikasiyaların blokadadan çıxarılması ilə bağlı bir vacib məsələ var:
“Bu da bütün iştirakçılara aydındır. Sərhədlər Ermənistan tərəfinin nəzarəti altında olacaq, yəni Ermənistan kontekstində blokun açılması zamanı bütün sərhəd xidmətləri daşınacaq”.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyunun 5-də jurnalistlərə bildirib ki, postmünaqişə dövründə əsas istiqamətlərdən biri sülh müqaviləsi üzrə gedən prosesdir:
“Bu proses intensiv olsa da, daha sonra Ermənistan tərəfinin danışıqları boykot etməsi səbəbindən təxminən 6 aylıq bir müddətdə fasilə yarandı”.
Nazir Vaşinqton görüşünün beynəlxalq vasitəçilərin bilavasitə iştirakı ilə baş tutuduğunu vurğulayıb:
“İki ölkənin müvafiq heyətləri arasında danışıqlar aparıldı. Daha sonra bu prosesin liderlər səviyyəsində davamı oldu, may ayı ərzində bir neçə görüş oldu”.
C. Bayramov sülh müqaviləsi üzrə danışıqların başlanmasının Azərbaycanın təşəbbüsü olduğunu deyib:
“Baza prinsipləri Azərbaycan tərəfindən elan olunub, ilk sülh müqaviləsi layihəsi Azərbaycan tərəfindən təqdim olunub. Beynəlxalq hüquq və prinsiplərə uyğun olaraq sülhün əldə olunmasını qaçılmaz hesab edirik. Sülh müqaviləsi və dövlətlərarası münasibətlərin normallaşması üzrə saziş hazırlanmalı və imzalanmalıdır. Bu prosesin nə qədər zaman alacağını proqnozlaşdırmaq mümkün deyil”.
Diplomat onu da qeyd edib ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üçün müxtəlif tərəflər var və bu müxtəlif tərəflərin fərqli maraqları və davranışları ola bilər:
“Əfsuslar olsun ki, biz onu da görürük ki, hətta bütün tərəflərin yanaşmaları bu sülh prosesinin irəli aparılmasında və iki ölkə arasında ən tez və qısa bir zamanda razılığın əldə olunmasına xidmət etmir”.
İyunun 1-də Kişinyovda keçirilən beştərəfli görüşün sonunda jurnalistlərə açıqlama verən Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bildirib ki, onlar hüquqlar məsələsini, sülh müqaviləsini, sərhədlərin delimitasiyasını müzakirə ediblər.
Diplomat həmçinin əlavə edib ki, oxşar beştərəfli görüş Avropa Siyasi Birliyinin İspaniyada keçiriləcək növbəti sammitində də baş tutacaq. Ancaq Şarl Mişel Əliyevlə Paşinyanın nə barədə razılığa gəldiyini açıqlamayıb.
Brüssel və Vaşinqton görüşü
Mayın 14-də Brüsseldə Azərbaycan və Ermənistan liderləri Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə görüşüblər.
Görüşdən sonra bəyanat yayan Şarl Mişel Brüssel danışıqlardan məmnun qaldığını ifadə edib.
Bəyanatda qeyd olunur ki, liderlər Cənubi Qafqazda sülhün bərqərar olmasına hazırlığı müzakirə ediblər.
“ABŞ-da sülh müqaviləsi ilə bağlı son müsbət danışıqlardan sonra Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh sazişinin imzalanması istiqamətində qəti addımların atılması üçün səylər saxlanılmalıdır”, – Şarl Mişel deyib.
Mayın 1-4 tarixlərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Vaşinqtonda görüşmüşdü.
ABŞ-ın Dövlət katibi Entoni Blinken mayın 4-də keçirdiyi mətbuat konfransında Azərbaycan və Ermənistanın davamlı sülh sazişi istiqamətində nəzərə çarpacaq irəliləyiş əldə etdiyini bildirmişdi.
Münaqişənin qısa xronikası
Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.
Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.
Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.