Arif və Leyla Yunuslara qarşı cinayət işi məhkəməyə göndərilir

“Leyla Yunusun səhhəti çox pisdir, gözlərində və qara ciyərindəki problemlər artır. Şəkər xəstəliyi də getdikcə sərtləşir”

Source:


“Leyla Yunusun səhhəti çox pisdir, gözlərində və qara ciyərindəki problemlər artır. Şəkər xəstəliyi də getdikcə sərtləşir”

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı, tarixçi- alim Arif Yunusun cinayət işinin istintaqı yekunlaşıb. İyulun 2-də ittiham olunanların və vəkillərin cinayət işinin materialları ilə tanış olması başa çatıb. Cinayət işi bu gün məhkəməyə göndəriləcək.

Bu barədə “Turan İA”-a vəkil Əfqan Məmmədov bildirib.

Vəkilin sözlərinə görə, Arif Yunusa qarşı irəli sürülən Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham başqa icraata ayrılıb. Cinayət işi CM-in  178.3.2-ci maddəsi (dələduzluq) ilə məhkəməyə göndərilir.

“Cinayət işi ilə tanış olduqdan sonra bəraət barədə vəsatət qaldırdım, təmin etmədilər. Arif Yunus ittihamı qəbul etmir və gülünc sayır. O, ittihama qol çəkməyib və ifadə verməyib”, – vəkil qeyd edib.

Leyla Yunusun vəkili Elçin Qəmbərov Azadlıq Radiosuna deyib ki, yaxın 10 gün ərzində işlə bağlı məhkəmə prosesi başlayacaq.

Elçin Qəmbərov iyulun 2-də Leyla Yunusla görüşüb.

“Onun səhhəti çox pisdir, gözlərində və, qara ciyərindəki problemlər artır. Şəkər xəstəliyi də getdikcə sərtləşir. Ancaq səhəhti pis olsa da əhval-ruhiyyəsi yüksəkdir. Məhkəmə çəkişməsinə tam hazırdır”,-deyə vəkil bildirib.

Arif Yunus 2014-cü il avqustun 5-də həbs edilib. Ona qarşı CM-in 274-cü (dövlətə xəyanət) və 178.3.2-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.

Leyla Yunus isə 2014-ci il iyulun 30-da həbs edilib. Ona qarşı da eyni ittihamlar və bir sıra iqtisadi ittihamlar irəli sürülüb. Bu günlərdə Leyla Yunusun da ittihamlarından dövlətə xəyanət ittihamı başqa icraata ayrılıb.

Ana səhifəXəbərlərArif və Leyla Yunuslara qarşı cinayət işi məhkəməyə göndərilir