“Azərbaycanda kimsə buna inanırsa belə, Qərb mənim heç bir xarici qüvvələrə bağlı olmadığımı yaxşı bilir”
Azərbaycanın Avropa Şurası, ardınca da Avropa Ittifaqındakı səfiri olmuş, hazırda isə Islam Konfransı Təşkilatının Avropa Birliyindəki missiyasına rəhbərlik edən Arif Məmmədov iyunun 10-da Facebook səhifəsində növbəti müraciətini yayıb.
Arif Məmmədov ona dəstək verənlərə təşəkkürünü ifadə edərək bildirib ki, dəstək sözləriniz və dualarınız onun düzgün yolda olduğunu bir daha da təsdiqləyir.
O, Prezident Administrasiyasının çaşğın vəziyyətdə olduğunu və cəmiyyəti də çaşdırdığını bəyan edib: “Administrasiya mənim arxamda hansısa mifik bir gücün olduğunu cəmiyyətə inandırmaq istəyir. Bütün bunlara qısaca cavabım budur: Mən əvvəllərdə təhlil edərək “Azadlıq” qəzetinin obyektiv, dürüst və mübariz bir mətbu orqanının olduğunu bilirdim. Son günlərdə bu mövqeyimdə bir daha möhkəmləndim. Mənə inananlara bu mətbuat orqanında məlumatlara inanmağa sizləri dəvət etmək istərdim”.
Səfir administrasiyanın və bir sıra media orqanlarının onun Rusiya dairələrinə yaxın olmasını Qərbə inandırmağa çalışdığını bildirib: “Bu yanaşmalarAvropada gülünc qəbul olunur. Azərbaycanda kimsə buna inanırsa belə, Qərb mənim heç bir xarici qüvvələrə bağlı olmadığımı yaxşı bilir. Avropada İnsan Hüquqları sahəsində hər zaman mübariz, təkıdli olduğum heç kəsə heç vaxt sirr olmayıb”.
İyunun 9-da Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Arif Məmmədovn Rusiya kəşfiyyatının ortaya atdığı adamdır” deyə açıqlama vermişdi.
S.Əkbər bildirmişdi ki, region uğrunda savaş Ukrayna, Gürcüstan və Moldovada açıq formada getsə də, Azərbaycanda bu proses gizli gedir. Ona görə də Azərbayacanla Qərb arasında ayrı-ayrı ölkələr, beynəlxalq təşkilatlar arasında münasibətlər kəskinləşib. Ona görə də yaxın zamanlarda bu gizli savaşın qızışacağını proqnozlaşdırmaq o qədər də çətin deyil. “Bu tip kombinasiyalı oyunlar xüsusi xidmət orqanları tərəfindən ortaya atılacaq və artacaq. Bu tip əməliyyat oyunları getdikcə aktivləşdiyindən hadisələri təhlil etmək üçün ciddi təsdiq olunmuş informasiyalara ehtiyac var. O zaman daha dəqiq nəsə demək olar. İndiki məqamda isə bu cür məsələləri təhlil edib tələsik qərar verməyin o qədər də tərəfdarı deyiləm. Adı çəkilən diplomat Arıf Məmmədovun da keçmişi o qədər etribarlı deyil. Onu daha çox hipotetik olaraq rus kəşfiyyatının Qərb kəşfiyyatı ilə başlatdığı oyun hesab edirəm”.