Hər şey bitdi. Qeyri-müəyyənliyə son qoyulmalı, partiya vahid komandaya çevrilərək müəyyən etdiyi hədəflər uğrunda mübarizənin yeni mərhələsinə başlamalıdır. Amma belə olmadı, çünki bu hədəfləri eyni, motivləri fərqli olan opponentlərimizi qane etmir.
Müsavat Partiyası uzun illər seçkiöncəsi şəraitdə fəaliyyət göstərməli oldu. Əslində qeyri-müəyyənlik vəziyyəti daha tez, VII (2006-cı il) Qurultaydan dərhal sonra yaranmışdı. Nizamnamədə bir nəfərin ardıcıl iki dəfədən artıq Başqan seçilməsinə qoyulan qadağanın aradan qaldırılması təklifləri ilə yanaşı, mümkün namizədlər haqqında müzakirələr gedir, bəzi partiya üzvləri rəğbət bəslədikləri potensial namizədlər ətrafında toparlanırdı. Belə şərait siyasi fəaliyyəti yalnız partiyadaxili seçkilərdə və intriqalarda iştirak kimi dərk edənlərə geniş fəaliyyət imkanları yaradırdı. Atılan istənilən addım bu konteksdə müzakirə olunur, təşkilatın vahid komanda kimi formalaşmasına imkan verilmirdi. Qurultayərəfəsi şərait, həm də təşkilat strukturlarının komplektləşdirilməsinə mane olurdu.
Müxtəlif səbəblərdən öz funksiyalarını yerinə yetirməyən vəzifəli şəxslər, müavinlər, Divan üzvləri, hətta ayrı-ayrı partiya strukturları (məs; MNTK) yaxın aylarda Qutrultayın keçiriləcəyi nəzərə alınaraq yeni seçkilər və təyinatlar hesabına başqaları ilə əvəzlənmirdi. Bunun nəticəsində partiya üçün həyati əhəmiyyət kəsb edən bəzi strukturlar, mətbuat xidməti, xarici-siyasət idarəsi, MNTK faktiki olaraq fəaliyyət göstərmir, Divan və Məclisin yetərsayı bəzən çətinliklə toplanırdı.
Belə vəziyyətin uzanması partiyanın mənafelərinə zidd idi. Şübhəsiz ki, bəzi partiya üzvləri səmimi olaraq Qurultayda yaşana biləcək katoklizmlərdən ehtiyatlandıqları üçün belə vəziyyətin uzanmasına cəbəb olan mövqe tuturdu.
Lakin iqtidar Müsavatın Nizamnaməsindəki bir nəfərin ardıcıl olaraq iki dəfədən artıq Başqan seçilməsini yasaqlayan müddəadan istifadə edərək partiyanın resurslarını sıradan çıxarmaq, parçalamaq və ya iflic etmək xətti götürmüşdü. Müsavatda qeyri-müəyyənliyin uzanmasında maraqlı olduğundan qurultayın keçirilməsi üçün normal bir saray ayırmaqdan imtina edirdi.Bu prosesin yekunlaşmasına hər vasitə ilə mane olurdu.
Hələ 2011 ci ildə Müsavatın Qurultayının keçirilməsinin gözlənildiyi bir məqamda mənim və o zaman mübariz gəncliyin əsas liderlərinin bir qisminin həbs olunmasının bir səbəbi “Ərəb baharı” kampaniyasının Azərbaycanda davam etməsi ehtimallarını önləmək idisə, digər səbəbi partiya Qurultayının keçirilməsini ləngitmək, anamüxalifət partiyası daxilində nifaq salmaq idi.
Bu gün özlərini, “Nizamnamə bəkçisi”, “Demokratik dəyərlərin yeganə müdafiəçisi” kimi qələmə verməyə çalışanlar da, Qurultayın keçirilməsinin nizamnamə tələbi olduğunu unudaraq hər vasitə ilə Qurultayın keçirilməsinə mane olmağa çalışırdılar.
VIII Qurultayın keçirilməsi barədə qəti qərarın qəbul edilməsi yalnız İsa Qəmbərin Divan iclasında “Sentyabrda Qurultay keçirilməsə Müsavat başqanlığından istefa verəcəm” – bəyanatından sonra mümkün oldu.
Müsavat Partiyasının VIII Qurultayı opponentlərimizin gözləntilərinə rəğmən Azərbaycan siyasət tarıxındə bir sıra demokratik nümunələr yaratdı. İlk dəfə bir nəfərin ardıcıl iki dəfədən artıq müvafiq vəzifəyə seçilməsini yasaqlayan müddəaya əməl edildi. İlk dəfə partiya rəhbəri seçki kampaniyaları təşkil olunmaqla alternativ qaydada seçildi. İlk dəfə seçkilər iddiaçı tərəflərin paritet əsaslarla yaratdığı Seçki Komissiyası tərəfindən keçirildi. İlk dəfə seçki prosesi internet televiziyası kanallarında canlı yayımlandı.
Bəyan etdiyimiz, uğrunda mübarizə apardığımız dəyərlərə sadiq olduğumuzu bir daha nümayiş etdirdik. Digər siyasi qüvvələrdən, ilk növbədə Azərbaycan hakimiyyətindən tələb etdiyimizi özümüz etməklə nümunə göstərdik.
Nizamnamə müddəası dəyişdirilmədi, hakimiyyətə “Siz də bizlərdən birisiniz” demək imkanı verilmədi. Paritet əsaslarla formalaşan Seçki Komissiyası seçkilərin nəticələri barədə yekdil qərar qəbul etdi. Müsavat bədxahlarının istəkləri yerinə yetmədi. Partiyanın sabiq başqanının da nüfuzundan və təsir imkanlarından istifadə üsulları tapıldı. Partiya parçalanmadı.
Qurultaydan sonra partiya strukturları formalaşır. Məclis qısa müddətdə iki toplantı keçirərək, əhəmiyyətli qərarlar qəbul edib. Divan, həbsdə olan üzlvər istisna olmaqla, hər bir üzvün iştirakı ilə keçirilir. Partiya quruculuğu işini yaxşılaşdırmaq istiqamətində artıq nəticələri görünməyə başlayan qərarlar qəbul edilir. Yerli təşkilatlarla əlaqələr yaxşılaşdırılıb. MNTK uzun fasilədən sonra nəhayət fəaliyyətə başlayıb. Mətbuat xidməti, xarici siyasət idarəsi yaradılır, “müsavat.org.az” saytı gündəlik fəaliyyət göstərir. Bələdiyyə seçkilərinin geniş müşahidəsinə hazırlıqlar davam edir. Bir sözlə, daim yerində olan, lakin davamlı qeyri-müəyyənlik şəraitində iflic vəziyyətinə düşmüş resursların toparlanması, hərəkətə gətirilməsi işi başlanıb.
Hər şey bitdi. Qeyri-müəyyənliyə son qoyulmalı, partiya vahid komandaya çevrilərək müəyyən etdiyi hədəflər uğrunda mübarizənin yeni mərhələsinə başlamalıdır. Amma belə olmadı, çünki bu hədəfləri eyni, motivləri fərqli olan opponentlərimizi qane etmir.
Uzun illər Müsavatı seçkiöncəsi şəraitdə saxlayanların indi də partiyada seçkisonrası böhran şəraiti yaratmaq və mümkün olduqca belə şəraiti uzatmaq cəhdləri göz önündədir.
Hər kəs bilməlidir ki, hakimiyyətin sərəncamında olan məhdudiyyətsiz resurslar hesabına bu gün Azərbaycanın demokratik inkişafı uğrunda mübarizə aparan qüvvələrlə irtica arasında mübarizənin bir xətti də müxalifətin içindən keçir. Biz daxili mübarizələrə, bir-birimizlə vuruşmağa məhkum edilmişik.
Son zamanlar bu prosesə hakimiyyətin nəzarəti altında olan televiziya kanalları da daxil olmaqla əlavə resursların cəlb edilməsinin səbəbləri çox sadədir.
Müsavatın Qurultaydan parçalanmış yox, əksinə güclənmiş çıxması, bizim təşkilat və müxalifət daxilində stabillik yaratmaq, buradakı mübarizə xəttini ləğv etmək cəhdlərimiz hakimiyyətin ssenarisini pozur.
Hakimiyyət Müsavatın VIII Qurultayını əldən çıxmış imkan, istifadə olunmamış fürsət kimi dəyərləndirir. Son zamanlar YAP nümayəndələrinin isterik açıqlamaları da bunun təzahürüdür.
Təəsüf ki, Müsavatda seçkisonrası vəziyyətin uzadılması istiqamətində fəaliyyət yalnız hakimiyyətin nəzarətində olan telekanalların reportajları, hakimiyyətin sözçüsü Siyavuş Novruzovun açıqlamaları ilə məhdudlaşmır.
Qurultaydan sonra yazılan Arayışda göstərilənlərin əsassız olduğu təsdiq edildikdən sonra “təftişçilik” fəaliyyəti “revanşçılıq” fəaliyyəti ilə əvəz olunub.
Partiyanın növbədənkənar Qurultayının keçirilməsini ƏSAS HƏDƏF kimi bəyan edənlərin məqsədi də əslində seçkisonrası şəraiti davam etdirməyə nail olmaqdır.
Çünki bu mövzunu daim gündəlikdə saxlamağa çalışanlar növbədənkənar Qurultayın keçirilməsinə zərurətin, belə Qurultayla bağlı prosedurları keçmək üçün lazım olan sayda tərəfdarlarının olmadığını, əgər belə Qurultay keçirilsə VIII Qurultayda topladıqları səsin heç yarısını da toplamağa nail olmayacaqlarını hamıdan yaxşı bilirlər.
Fraksiyaçılıq fəaliyyəti, “Başqanlığa namizədlər masa”sının qurulması söhbətləri də seçkisonrası vəziyyəti uzatmaq məqsədinə xidmət edir. Belə fəaliyyət bizi Proqram və Nizamnaməmizdə müəyyənləşdirdiyimiz hədəflərdən yayındırır. Daxili mübarizəyə cəlb edir.
Əsas hədəfimiz ərazisi bütöv, demokratik, firavan Azərbaycandır. Hədəfimizə doğru getdiyimiz yolda əsas maneə isə saxta seçkilər vasitəsi ilə hakimiyyəti mənimsəmiş Azərbaycan iqtidarıdır.
Müsavat Partiyası maddi texniki imkanları məhdud olsa da ciddi resurslara malikdir. Əsas resursumuz müsavatçılar, təəssübkeşlərimiz və insanların Müsavat Partiyasına olan ümidi, inamıdır. Üzvlərimizi və tərəfdarlarımızı əsil hədəflər uğrunda mübarizəyə yenidən səfərbər etmək, demokratik müxalifəti bir araya gətirməklə, milyonların dəyişikliyə olan inamını qaytarmaq və iqtidarı dəyişdirmək niyyətindəyik.
Hədəflərimiz bu qədər aydın, planlarımız isə bu qədər sadədir.
“Yeni Müsavat”